Ata, Oğul və Müqəddəs Ruhun İsmi ilə. Amin.
Vergiyığanın duası
Ya Allah, mən günahkara rəhm eylə! (Təzim et)
İbtidai dua
Ya Rəbb İsa Məsih Allahımız, müqəddəs atalarımızın duaları vasitəsilə bizə rəhm eylə. Amin.
Həmd olsun Sənə, ya Allahımız, həmd olsun Sənə.
Müqəddəs Ruha dua
Ey Səmavi Padşah, / Təsəlliverən, Həqiqət Ruhu, / hər yerdə mövcud Olan və hər məkanda Var Olan: / ey Fəzilətlər Xəzinəsi / və Həyat Mənbəyi, / gəl və bizə nüfuz eylə, / hər günahımızdan islah eylə // və ruhumuzu, ey Lütfkar, xilas eylə.
«Üç Müqəddəs» nəğməsi
Müqəddəs Allah, Müqəddəs Qüdrətli, Müqəddəs Ölməz, bizə rəhm eylə. (3 dəfə oxuyub, özünə xaç rəmzi çək və təzim et)
Həmd olsun Ata, Oğul və Müqəddəs Ruha indi, hər zaman və sonsuza qədər. Amin.
Əqdəs Üçlüyə dua
Ey Əqdəs Üçlük, bizə rəhm eylə. Ya Rəbb, bizi günahlarımızdan islah eylə, ey Pərvərdigar, təqsirlərimizi bağışla, ey Müqəddəs Olan, İsmin naminə bizi ziyarət eylə və azarlarımıza şəfa ver.
Ya Rəbb, rəhm eylə. (3 dəfə)
Həmd olsun Ata, Oğul və Müqəddəs Ruha indi, hər zaman və sonsuza qədər. Amin.
Rəbbin duası
Ey Səmavi Atamız! İsmin müqəddəs tutulsun, Padşahlığın gəlsin, Səmada olduğu kimi yerdə də Sənin iradən olsun. Gündəlik çörəyimizi bizə bu gün ver. Bizə borclu olanları bağışladığımız kimi, bizim də borclarımızı bağışla. Bizi sınağa çəkmə, lakin bizi şərdən xilas eylə.
Əqdəs Üçlüyə troparlar
Yuxudan oyanıb, səcdənə gəlirik, ey Lütfkar, / Sənə mələklərin nəğməsini söyləyirik, ey Külli-İxtiyar: / Müqəddəssən, Müqəddəssən, Müqəddəssən, ey Allah! // Əqdəs Məryəmin şəfaəti ilə bizə rəhm eylə.
Həmd olsun Ata, Oğul və Müqəddəs Ruha.
Yataqdan və yuxudan oyatdın məni, ya Rəbb, / əqlimi nurlandır, qəlbimi və dilimi aç ki, / Sənə həmd edək, ey Əqdəs Üçlük: Müqəddəssən, Müqəddəssən, Müqəddəssən! Əqdəs Məryəmin şəfaəti ilə bizə rəhm eylə.
İndi, hər zaman və sonsuza qədər. Amin.
Qəfildən Hakim gələcək və hər kəsin əməlləri aşkar olacaq, fəqət gəlin gecə yarısı qorxu ilə nida edək: Müqəddəssən, Müqəddəssən, Müqəddəssən! Əqdəs Məryəmin şəfaəti ilə bizə rəhm eylə.
Ya Rəbb, rəhm eylə. (12 dəfə)
Əqdəs Üçlüyə dua
Yuxudan oyanıb, Sənə şükür edirəm, ey Əqdəs Üçlük, çünki hədsiz rəhminə və səbrinə görə mən ərgin və günahkara qəzəblənmədin və məni təqsirlərimə təslim etmədin, lakin adətin üzrə insansevərlik göstərib məni ümidsizlik yatağından qaldırdın ki, sübhdən Sənə səslənərək qüdrətini mədh eyləyim. İndi isə zehnimi nurlandır və dilimi aç ki, kəlamlarını anlayım, əmrlərini düşünüm, İradəni yerinə yetirim və qəlbimlə Səni iqrar edərək, Əqdəs İsmini — Ata, Oğul və Müqəddəs Ruhu tərənnüm edək indi, hər zaman və sonsuza qədər. Amin.
Gəlin Padşah Allahımıza səcdə edək. (Səcdə et)
Gəlin Padşahımız və Allahımız olan Məsihə səcdə edək. (Səcdə et)
Gəlin Padşahımız və Allahımız olan Məsihin Özünə səcdə edək. (Səcdə et)
50-ci (51-ci) məzmur
Sonsuz rəhminə görə, ya Allah, mənə rəhm eylə,
Təqsirimi sil bol mərhəmətinə görə.
Tamamilə yu təqsirlərimdən,
Təmizlə məni günahımdan.
Çünki bilirəm mən öz təqsirlərimi,
Günahım daim qarşısındadır gözlərimin.
Tək Sənə qarşı günah işlətdim,
Sənin hüzurunda pislik etdim.
Buna görə düzdür hökmün,
Ədalətlidir Sənin mühakimən.
Doğulandan bəri təqsirkaram,
Ana bətnindən belə günahkaram.
Ürəklərin sədaqətliliyini istəyirsən,
Qəlbimin dərinliyinə hikmət verirsən.
Məni züfa ilə çilə, təmiz olum,
Məni yu, qardan da bəyaz olum.
Qulaqlarım şadlıq, sevinc səsini eşitsin,
Sındırdığın sümüklərim fərəhlənsin.
Üzünü ört günahlarımdan,
Yu məni bütün təqsirlərimdən.
Təmiz ürək, ya Allah, yarat məndə,
Saleh ruhu yenilə daxilimdə.
Məni qovma hüzurundan,
Müqəddəs Ruhunu alma məndən.
Xilasın sevincinə qaytar məni,
Nəciblik Ruhu ilə gücləndir məni.
Sənin yollarını məndən öyrənəcək asilər,
Sənə tərəf dönəcək bütün günahkarlar.
Ey xilasımın Allahı, qan tökmədən xilas et məni,
Ya Allah, ədalətinə sevinsin mənim dilim.
Ya Rəbb, aç mənim ləblərimi,
Dilim Sənə bəyan etsin həmdlərimi.
Kəsərdim Sənə qurban, amma istəmirsən,
Yandırma qurbanlarından da razı qalmırsan.
Sınmış ruhdur Allaha məqbul olan qurban,
Qırılmış ürəyə, ya Allah, nifrət etməyəcəksən.
Ya Rəbb, Siona yaxşılıq et lütfünlə,
Yerusəlimin divarlarını Sən bərpa eylə.
O zaman salehlik qurbanlarına razı olacaqsan,
Yandırma qurbanlarını qəbul edəcəksən,
O zaman buğalar qurbangahında kəsiləcək.
İman Şəhadəti
İman edirəm: / bir olan Allaha, Külli-İxtiyar Ataya, / göyü və yeri, görünən və görünməyən hər şeyi Yaradana, /
Və bir olan Rəbb İsa Məsihə, Allahın Vahid Oğluna, / bütün əsrlərdən öncə Atadan Doğulana, / Nurdan Nura, Həqiqi Allahdan Həqiqi Allaha, / Doğulana, Yaradılmayana, Ata ilə təbiəti eyni Olana; / hər şeyin Onun vasitəsilə yarandığına. /
Biz insanlar üçün və bizim xilasımız üçün Səmadan enənə, / Müqəddəs Ruhdan və Bakirə Məryəmdən təcəssüm edənə və bəşər Olana. /
Bizim üçün Ponti Pilat zamanında çarmıxa Çəkilənə, / əzab Çəkənə və Dəfn olunana. /
Və Müqəddəs Yazılara uyğun olaraq üçüncü gün Dirilənə, /
Səmaya merac edənə və Atanın sağında Oturana, /
Dirilərlə ölüləri mühakimə etmək üçün izzətlə yenidən Gələnə, / Onun Padşahlığının sonu olmadığına. /
Və Müqəddəs Ruha, Həyat Mənbəyi Olan Rəbbə, Atadan Gələnə, / Ata və Oğul ilə birlikdə səcdə və həmd edilənə, peyğəmbərlər vasitəsi ilə Danışana. /
Bir Olan Müqəddəs, Ümumdünya və Həvari Kilsəsinə. /
Günahların bağışlanması üçün bir vəftizi iqrar edirəm. /
Ölülərin dirilməsini və gələcək dövrün həyatını gözləyirəm. // Amin.
1-ci dua. Müq. Makariosun duası
Ya Allah, mən günahkarı islah eylə, çünki hüzurunda bir xeyir əməl etmədim. Məni şərdən qoru ki, İradəni yerinə yetirim. Qoy mühakimə olunmadan layiq olmayan dilimi açıb Sənin — Ata, Oğul və Müqəddəs Ruhun İsminə həmd edim indi, hər zaman və sonsuza qədər. Amin.
2-ci dua. Müq. Makariosun duası
Yuxudan oyanıb Sənə, ey Xilaskar, gecəyarısı nəğməsini söyləyirəm: qoyma günahın ölüm yuxusunda qalım, lakin Mənə rəhm eylə, ey könüllü olaraq Çarmıxa Çıxan. Və məni bu qəflət yuxusu yatağından tez qaldır ki, hüzurunda dua edərək xilas olunum. Gecədən sonra, ya Məsih Allah, mənə aydın və günahdan kənar bir gün bəxş eylə və məni xilas eylə.
3-cü dua. Müq. Makariosun duası
Yuxudan oyanıb, Sənin hüzuruna tələsirəm, ey İnsansevər Pərvərdigar və mərhəmətinə görə Sənin buyurduğun əməlləri yerinə yetirməyə başlayıram, bunun üçün Səndən diləyirəm: hər zaman hər işdə mənə köməyini göndər, bu dünyanın bütün şərindən və iblisin hiyləsindən məni azad eylə, məni xilas eylə və Öz Əbədi Padşahlığının sakini eylə. Çünki Sən mənim Xaliqim, hər fəzilətin Səbəbkarı və Bəxş edənisən, mən yalnız Sənə ümid edirəm və Səni izzətləndirirəm indi, hər zaman və sonsuza qədər. Amin.
4-cü dua. Müq. Makariosun duası
Ya Rəbb, Sən böyük lütfkarlığına və mərhəmətinə görə mən bəndənə gecəni iblisin hücumlarından azad keçirməyi nəsib etdin. Ey dünyanı yaradan Pərvərdigar, mənə nəsib et ki, Sənin iradəni həqiqətinin nurunda, bu nurdan aydınlanmış qəlbim ilə yerinə yetirim indi, hər zaman və sonsuza qədər. Amin.
5-ci dua. Müq. Qeysəriyyəli Vasilinin duası
Ey Külli-İxtiyar Rəbb, hər cismin və cisimsiz qüvvələrin Allahı, Sən Uca Səmalarda Var Olan və yerdəkilərə nəzər salansan, Sən qəlbləri və niyyətləri, insanların daxili sirlərini bilənsən, başlanğıcdan bəri Var Olan və Əbədi Olan Nur Sənsən, Səndə nə dəyişiklik var, nə dönüklük kölgəsi. Sən, ey Ölməz Padşah, indi bol rəhminə cəsarətli ümidlə natəmiz dilimizdən səslənən dualarımızı qəbul eylə. Şüurlu və şüursuz halda, sözdə, əməldə, düşüncədə etdiyimiz günahları bağışla, bizi cismani və ruhani natəmizlikdən islah eylə. Bizə kömək et ki, bu həyatın gecəsini oyaq ürəklə və ayıq düşüncə ilə yaşayaraq, Sənin Vahid Oğlunun, Rəbbimiz, Allahımız və Xilaskarımız İsa Məsihin nurlu və şanlı Zühur Gününü gözləyək. O gün hamının Hakimi izzət ilə gəlib hər kəsə öz əməlinə görə əvəzini verəcək. O bizi əzgin və ərgin yox, oyaq və Onun əmrlərinə əməl edən halda tapsın ki, Onun şadlığına və İzzətinin ilahi sarayına daxil olaq; orada bayram edənlərin nəğməsi kəsilmir, Sənin Üzünün təsvirəgəlməz gözəlliyini seyr edənlərin sevinci bitmir. Çünki Sən dünyanı təqdis edən və şəfəqləndirən həqiqi Nursan və bütün xilqət Sənə sonsuz nəğmə söyləyir. Amin.
6-cı dua. Müq. Qeysəriyyəli Vasilinin duası
Sənə, ey Haqq-Təala və rəhmin Sahibi, bizim üçün dərk etmədiyimiz böyük işlər görənə, saysız xariqələr göstərənə, cismən güclü olmağımız üçün və yorğun bədənimizin dincəlməsi üçün bizə yuxu göndərənə şükür olsun! Şükür Sənə ki, bizi təqsirlərimizə görə məhv etmədin, lakin adətinə görə insansevərlik göstərib bizi ümidsizlik yuxusundan oyatdın ki, Sənin Qüdrətini mədh edək. Buna görə Sənə, sərhədsiz rəhmin Sahibinə yalvarırıq: zehnimizin gözlərini nurlandır, fikrimizi isə ərginliyin yuxusundan oyat. Dilimizi açıb, onu həmdlə bol eylə ki, Sənə — hər şeydə və hər kəsdən mədh alan Allaha, əbədi Ataya, Vahid Oğluna və Əqdəs, Lütfkar və Həyatverən Ruhuna sarsılmadan şükür edək, Səni tərənnüm edək indi, hər zaman və sonsuza qədər. Amin.
7-ci dua. Allahın Validəsinə dua
Mərhəmətinə nəğmə söyləyirəm, ey Mələkə, zehnim lütf ilə dolsun deyə mənə yardım et.
Məsih ehkamlarının saleh yoluna yönəlt məni.
Ümidsizlik yuxusunu qovub, duada oyaq olmağım üçün mənə dəstək ol.
Günahla zəncirlənmiş məni duaların ilə azad eylə, sən ey Allahın Gəlini.
Üstümə gələn düşmənlərimdən gecə-gündüz qoru məni.
Ey Həyatverən Allahın Validəsi, ehtirasların içində ölən məni həyata qaytar.
Ey sönməz Nurun Validəsi, kor olan ruhumu nurlandır.
Ey Hökmdarın Bənzərsiz Sarayı, Allahın Ruhunun məbədi et məni.
Ey Səmavi Həkimin Validəsi, illərin ehtiraslarından ruhuma şəfa ver.
Bu həyatın tufanında azıb qalan məni tövbə yoluna yönəlt.
Əbədi oddan, yaman qurddan, cəhənnəmdən qoru məni.
Məni, böyük günahkarı, cinlər görüb sevinməsin.
Məni, huşsuz günahlardan əldən düşəni yenilə, ey Pakizə Bakirə.
Hamının Rəbbinə yalvar ki, məni hər əzabdan uzaq etsin.
Məni bütün müqəddəslərlə səmavi sevincə şərik olmağa layiq et.
Ey Əqdəs Bakirə, layiqsiz bəndənin səsini dinlə.
Ey Pakizə Bakirə, ruhumu natəmizlikdən islah edəcək göz yaşı axını göndər mənə.
Qəlbimin naləsini durmadan Sənə tapşırıram, kömək et mənə, ey Mələkə.
İbadətimi mərhəmətli Allaha qədər yüksəlt.
Ey mələklərdən üstün olan, dünya faniliyindən ucalt məni.
Ey Allahın Nursaçan Səmavi Örtüyü, mənə ruhani lütf göndər.
Sənə həmd etmək üçün natəmiz əllərimi ucaldır və dilimi açıram, ey Pakizə.
Məsihin önündə şəfaətinlə ruhumu tələf edən hər yamandan qoru məni.
Məsihə ehtiram və səcdə olsun indi, hər zaman və sonsuza qədər. Amin.
8-ci dua. Rəbbimiz İsa Məsihə dua
Mərhəməti hamıya bol olan Allahım, Rəbbim İsa Məsih, Sən ölçüyəgəlməz məhəbbətinə görə Səmadan endin və vücud aldın ki, hamını xilas edəsən. Sənə bir də yalvarıram, ey Xilaskarım, lütfün ilə məni xilas et, çünki məni əməllərimə görə xilas etsəydin, bu, lütf və hədiyyə yox, borc olardı. Budur mərhəməti bitməz və rəhmi ölçüyəgəlməz Rəbbim! Çünki Sən, ey Məsihim, belə söylədin: «Mənə iman edən əbədi həyata malik olacaq və ölüm görməyəcək». Əgər ümidini itirənlər Sənə iman edərək xilas olunursa, budur, iman edirəm, xilas et məni, çünki Allahım və Xaliqimsən. Ey Allahım, qoy imanım əməlimin əvəzi olsun, çünki mənə bəraət verə biləcək bir əməlimi tapmazsan. Lakin əməlimin yerinə qoy imanım kifayət olsun, imanım zaminim, imanım bəraətim olsun, məni Sənin əbədi izzətinə şərik etsin. Ey Kəlam, qoyma şeytan məni qaçırtsın, qoyma məni Sənin əlindən və mühafizəndən alıb sevinsin. Lakin istəyimə baxmayaraq, xilas et məni, ey Xilaskarım Məsih; tələf oluram, köməyimə tələs, çünki ana bətnindən bəri Allahım Sənsən. Əvvəlcə günahı sevdiyim kimi, indi qoy Səni sevim, ya Rəbb; əvvəlcə hiyləgər şeytana qulluq etdiyim kimi, indi qoy dayanmadan Sənə bəndəlik edim. Qoy Sənə, Rəbb Allahıma, İsa Məsihimə daha da artıq bəndəlik edim indi, hər zaman və sonsuza qədər. Amin.
9-cu dua. Mühafizəçi Mələyə dua
Ey miskin qəlbimə və zəlil həyatıma nəzarət edən müqəddəs Mələk! Mən günahkarı tək qoyma və nəfsimi saxlaya bilmədiyimə görə məni tərk etmə. Şər şeytana bu fani bədənim vasitəsi ilə mənə ağalıq etməyinə imkan vermə. Biçarə və taqətsiz əlimdən tutub məni xilas yoluna yönəlt. Ey Allahın müqəddəs Mələyi, miskin qəlbimin və cismimin qoruyucusu və hamisi, ömrüm boyu səni nə qədər kədərləndirdimsə, ötən gecə nə günah etdimsə, məni bağışla və başlanan yeni gündə məni şeytanın sınağından qoru ki, Allahı heç bir günahımla qəzəbləndirməyim. Və Rəbbə mənim üçün dua eylə ki, Allah qorxusunu məndə möhkəmləndirsin və məni Onun rəhminə layiq bəndələrindən etsin. Amin.
10-cu dua. Allahın Validəsinə dua
Ey əqdəs Mələkəm, ey Allahın Validəsi, müqəddəs və qadir dualarınla Allahın məzlum və biçarə qulu olan məni kədərdən, unutqanlıqdan, ağılsızlıqdan, biganəlikdən və biçarə qəlbimdəki və dumanlı zehnimdəki natəmiz, şər və küfr fikirlərdən uzaqlaşdır. Daxilimdə olan ehtirasların alovunu söndür, çünki mən bir yazıq və səfil insanam. Məni saysız və amansız niyyətlərimdən və xatirələrimdən qurtar və şər təsirlərdən qoru. Çünki bütün nəsillər Səni tərənnüm edir və Sənin uca ismini izzətləndirir sonsuza qədər. Amin.
Adını daşıdığın müqəddəsə dua
Ey müqəddəs (ismi), mənim üçün dua eylə, çünki sənin köməyinə və şəfaətinə tapınıram.
Allahın Validəsinə nəğmə
Salam, ey Allahın Validəsi — Bakirə!
Rəbb Səninlədir, ey mübarək Məryəm!
Bəxtiyarsan qadınlar arasında,
Və bəxtiyardır bətnindən doğulan İsa,
Çünki Xilaskarımızı gətirdin dünyaya.
Həyatverən dəyərli Çarmıxın ucalmasının troparı, 1-ci səs
Ya Rəbb, xalqını xilas eylə / və mirasına xeyir-dua ver, / düşmənlər üzərində bizə zəfər nəsib eylə, // Çarmıxınla millətini qoru.
Həyatda olanlar üçün dua
Ya Rəbb, ruhani atam (ismi), valideynlərim (isimləri), qohumlarım (isimləri), müdirlərimi, müəllimlərimi, xeyriyyəçilərim (isimləri) və bütün Haqq-İqrar məsihiləri xilas eylə və onlara rəhm eylə.
Mərhumlar üçün dua
Ya Rəbb, vəfat etmiş bəndələrin olan: valideynlərimin, qohumlarımın, xeyriyyəçilərimin və bütün Haqq-İqrar məsihilərin ruhlarına hüzur bəxş eylə. Onların könüllü və könülsüz işlətdiyi günahlarını bağışla və onlara Səmavi Padşahlığı nəsib eylə.
Sonuncu dualar
Düzgündür vəsf etmək Səni, / əbədi bəxtiyar Məryəmi, / Xilqətin ən Pakizəsini, / Allahımızın Validəsini. / Ucaldırıq biz Səni – / Keruvlardan daha hörmətlini, / Seraflardan hədsiz izzətlini, / Allahın Kəlamını bakirəlikdə tövlid edəni, // Allahın həqiqi Validəsini.
Həmd olsun Ata, Oğul və Müqəddəs Ruha indi, hər zaman və sonsuza qədər. Amin.
Ya Rəbb, rəhm eylə. (3 dəfə)
Ya Rəbb İsa Məsih, ey Allahın Oğlu, Sənin pakizə Validənin, saleh və mömin atalarımızın və bütün müqəddəslərin duaları xatirinə bizə rəhm eylə. Amin.