Array ( )

Pravoslav Dua Kitabı (Православный молитвослов)


SƏHƏR DUALARI

Ata, Oğul və Müqəddəs Ruhun İsmi ilə. Amin.

Vergiyığanın duası

Ya Allah, mən günahkara rəhm eylə! (Təzim et)

İbtidai dua

Ya Rəbb İsa Məsih Allahımız, müqəddəs atalarımızın duaları vasitəsilə bizə rəhm eylə. Amin.

Həmd olsun Sənə, ya Allahımız, həmd olsun Sənə.

Müqəddəs Ruha dua

Ey Səmavi Padşah, / Təsəlliverən, Həqiqət Ruhu, / hər yerdə mövcud Olan və hər məkanda Var Olan: / ey Fəzilətlər Xəzinəsi / və Həyat Mənbəyi, / gəl və bizə nüfuz eylə, / hər günahımızdan islah eylə // və ruhumuzu, ey Lütfkar, xilas eylə.

«Üç Müqəddəs» nəğməsi

Müqəddəs Allah, Müqəddəs Qüdrətli, Müqəddəs Ölməz, bizə rəhm eylə. (3 dəfə oxuyub, özünə xaç rəmzi çək və təzim et)

Həmd olsun Ata, Oğul və Müqəddəs Ruha indi, hər zaman və sonsuza qədər. Amin.

Əqdəs Üçlüyə dua

Ey Əqdəs Üçlük, bizə rəhm eylə. Ya Rəbb, bizi günahlarımızdan islah eylə, ey Pərvərdigar, təqsirlərimizi bağışla, ey Müqəddəs Olan, İsmin naminə bizi ziyarət eylə və azarlarımıza şəfa ver.

Ya Rəbb, rəhm eylə. (3 dəfə)

Həmd olsun Ata, Oğul və Müqəddəs Ruha indi, hər zaman və sonsuza qədər. Amin.

Rəbbin duası

Ey Səmavi Atamız! İsmin müqəddəs tutulsun, Padşahlığın gəlsin, Səmada olduğu kimi yerdə də Sənin iradən olsun. Gündəlik çörəyimizi bizə bu gün ver. Bizə borclu olanları bağışladığımız kimi, bizim də borclarımızı bağışla. Bizi sınağa çəkmə, lakin bizi şərdən xilas eylə.

Əqdəs Üçlüyə troparlar 

Yuxudan oyanıb, səcdənə gəlirik, ey Lütfkar, / Sənə mələklərin nəğməsini söyləyirik, ey Külli-İxtiyar: / Müqəddəssən, Müqəddəssən, Müqəddəssən, ey Allah! // Əqdəs Məryəmin şəfaəti ilə bizə rəhm eylə.

Həmd olsun Ata, Oğul və Müqəddəs Ruha.

Yataqdan və yuxudan oyatdın məni, ya Rəbb, / əqlimi nurlandır, qəlbimi və dilimi aç ki, / Sənə həmd edək, ey Əqdəs Üçlük: Müqəddəssən, Müqəddəssən, Müqəddəssən! Əqdəs Məryəmin şəfaəti ilə bizə rəhm eylə.

İndi, hər zaman və sonsuza qədər. Amin.

Qəfildən Hakim gələcək və hər kəsin əməlləri aşkar olacaq, fəqət gəlin gecə yarısı qorxu ilə nida edək: Müqəddəssən, Müqəddəssən, Müqəddəssən! Əqdəs Məryəmin şəfaəti ilə bizə rəhm eylə.

Ya Rəbb, rəhm eylə. (12 dəfə)

Əqdəs Üçlüyə dua

Yuxudan oyanıb, Sənə şükür edirəm, ey Əqdəs Üçlük, çünki hədsiz rəhminə və səbrinə görə mən ərgin və günahkara qəzəblənmədin və məni təqsirlərimə təslim etmədin, lakin adətin üzrə insansevərlik göstərib məni ümidsizlik yatağından qaldırdın ki, sübhdən Sənə səslənərək qüdrətini mədh eyləyim. İndi isə zehnimi nurlandır və dilimi aç ki, kəlamlarını anlayım, əmrlərini düşünüm, İradəni yerinə yetirim və qəlbimlə Səni iqrar edərək, Əqdəs İsmini — Ata, Oğul və Müqəddəs Ruhu tərənnüm edək indi, hər zaman və sonsuza qədər. Amin.

Gəlin Padşah Allahımıza səcdə edək. (Səcdə et)

Gəlin Padşahımız və Allahımız olan Məsihə səcdə edək. (Səcdə et)

Gəlin Padşahımız və Allahımız olan Məsihin Özünə səcdə edək. (Səcdə et)

50-ci (51-ci) məzmur 

Sonsuz rəhminə görə, ya Allah, mənə rəhm eylə,

Təqsirimi sil bol mərhəmətinə görə.

Tamamilə yu təqsirlərimdən,

Təmizlə məni günahımdan.

Çünki bilirəm mən öz təqsirlərimi,

Günahım daim qarşısındadır gözlərimin.

Tək Sənə qarşı günah işlətdim,

Sənin hüzurunda pislik etdim.

Buna görə düzdür hökmün,

Ədalətlidir Sənin mühakimən.

Doğulandan bəri təqsirkaram,

Ana bətnindən belə günahkaram.

Ürəklərin sədaqətliliyini istəyirsən,

Qəlbimin dərinliyinə hikmət verirsən.

Məni züfa ilə çilə, təmiz olum,

Məni yu, qardan da bəyaz olum.

Qulaqlarım şadlıq, sevinc səsini eşitsin,

Sındırdığın sümüklərim fərəhlənsin.

Üzünü ört günahlarımdan,

Yu məni bütün təqsirlərimdən.

Təmiz ürək, ya Allah, yarat məndə,

Saleh ruhu yenilə daxilimdə.

Məni qovma hüzurundan,

Müqəddəs Ruhunu alma məndən.

Xilasın sevincinə qaytar məni,

Nəciblik Ruhu ilə gücləndir məni.

Sənin yollarını məndən öyrənəcək asilər,

Sənə tərəf dönəcək bütün günahkarlar.

Ey xilasımın Allahı, qan tökmədən xilas et məni,

Ya Allah, ədalətinə sevinsin mənim dilim.

Ya Rəbb, aç mənim ləblərimi,

Dilim Sənə bəyan etsin həmdlərimi.

Kəsərdim Sənə qurban, amma istəmirsən,

Yandırma qurbanlarından da razı qalmırsan.

Sınmış ruhdur Allaha məqbul olan qurban,

Qırılmış ürəyə, ya Allah, nifrət etməyəcəksən.

Ya Rəbb, Siona yaxşılıq et lütfünlə,

Yerusəlimin divarlarını Sən bərpa eylə.

O zaman salehlik qurbanlarına razı olacaqsan,

Yandırma qurbanlarını qəbul edəcəksən,

O zaman buğalar qurbangahında kəsiləcək.

İman Şəhadəti 

İman edirəm: / bir olan Allaha, Külli-İxtiyar Ataya, / göyü və yeri, görünən və görünməyən hər şeyi Yaradana, /

Və bir olan Rəbb İsa Məsihə, Allahın Vahid Oğluna, / bütün əsrlərdən öncə Atadan Doğulana, / Nurdan Nura, Həqiqi Allahdan Həqiqi Allaha, / Doğulana, Yaradılmayana, Ata ilə təbiəti eyni Olana; / hər şeyin Onun vasitəsilə yarandığına. /

Biz insanlar üçün və bizim xilasımız üçün Səmadan enənə, / Müqəddəs Ruhdan və Bakirə Məryəmdən təcəssüm edənə və bəşər Olana. /

Bizim üçün Ponti Pilat zamanında çarmıxa Çəkilənə, / əzab Çəkənə və Dəfn olunana. /

Və Müqəddəs Yazılara uyğun olaraq üçüncü gün Dirilənə, /

Səmaya merac edənə və Atanın sağında Oturana, /

Dirilərlə ölüləri mühakimə etmək üçün izzətlə yenidən Gələnə, / Onun Padşahlığının sonu olmadığına. /

Və Müqəddəs Ruha, Həyat Mənbəyi Olan Rəbbə, Atadan Gələnə, / Ata və Oğul ilə birlikdə səcdə və həmd edilənə, peyğəmbərlər vasitəsi ilə Danışana. /

Bir Olan Müqəddəs, Ümumdünya və Həvari Kilsəsinə. /

Günahların bağışlanması üçün bir vəftizi iqrar edirəm. /

Ölülərin dirilməsini və gələcək dövrün həyatını gözləyirəm. // Amin.

1-ci dua. Müq. Makariosun duası

Ya Allah, mən günahkarı islah eylə, çünki hüzurunda bir xeyir əməl etmədim. Məni şərdən qoru ki, İradəni yerinə yetirim. Qoy mühakimə olunmadan layiq olmayan dilimi açıb Sənin — Ata, Oğul və Müqəddəs Ruhun İsminə həmd edim indi, hər zaman və sonsuza qədər. Amin.

2-ci dua. Müq. Makariosun duası

Yuxudan oyanıb Sənə, ey Xilaskar, gecəyarısı nəğməsini söyləyirəm: qoyma günahın ölüm yuxusunda qalım, lakin Mənə rəhm eylə, ey könüllü olaraq Çarmıxa Çıxan. Və məni bu qəflət yuxusu yatağından tez qaldır ki, hüzurunda dua edərək xilas olunum. Gecədən sonra, ya Məsih Allah, mənə aydın və günahdan kənar bir gün bəxş eylə və məni xilas eylə.

3-cü dua. Müq. Makariosun duası

Yuxudan oyanıb, Sənin hüzuruna tələsirəm, ey İnsansevər Pərvərdigar və mərhəmətinə görə Sənin buyurduğun əməlləri yerinə yetirməyə başlayıram, bunun üçün Səndən diləyirəm: hər zaman hər işdə mənə köməyini göndər, bu dünyanın bütün şərindən və iblisin hiyləsindən məni azad eylə, məni xilas eylə və Öz Əbədi Padşahlığının sakini eylə. Çünki Sən mənim Xaliqim, hər fəzilətin Səbəbkarı və Bəxş edənisən, mən yalnız Sənə ümid edirəm və Səni izzətləndirirəm indi, hər zaman və sonsuza qədər. Amin.

4-cü dua. Müq. Makariosun duası

Ya Rəbb, Sən böyük lütfkarlığına və mərhəmətinə görə mən bəndənə gecəni iblisin hücumlarından azad keçirməyi nəsib etdin. Ey dünyanı yaradan Pərvərdigar, mənə nəsib et ki, Sənin iradəni həqiqətinin nurunda, bu nurdan aydınlanmış qəlbim ilə yerinə yetirim indi, hər zaman və sonsuza qədər. Amin.

5-ci dua. Müq. Qeysəriyyəli Vasilinin duası

Ey Külli-İxtiyar Rəbb, hər cismin və cisimsiz qüvvələrin Allahı, Sən Uca Səmalarda Var Olan və yerdəkilərə nəzər salansan, Sən qəlbləri və niyyətləri, insanların daxili sirlərini bilənsən, başlanğıcdan bəri Var Olan və Əbədi Olan Nur Sənsən, Səndə nə dəyişiklik var, nə dönüklük kölgəsi. Sən, ey Ölməz Padşah, indi bol rəhminə cəsarətli ümidlə natəmiz dilimizdən səslənən dualarımızı qəbul eylə. Şüurlu və şüursuz halda, sözdə, əməldə, düşüncədə etdiyimiz günahları bağışla, bizi cismani və ruhani natəmizlikdən islah eylə. Bizə kömək et ki, bu həyatın gecəsini oyaq ürəklə və ayıq düşüncə ilə yaşayaraq, Sənin Vahid Oğlunun, Rəbbimiz, Allahımız və Xilaskarımız İsa Məsihin nurlu və şanlı Zühur Gününü gözləyək. O gün hamının Hakimi izzət ilə gəlib hər kəsə öz əməlinə görə əvəzini verəcək. O bizi əzgin və ərgin yox, oyaq və Onun əmrlərinə əməl edən halda tapsın ki, Onun şadlığına və İzzətinin ilahi sarayına daxil olaq; orada bayram edənlərin nəğməsi kəsilmir, Sənin Üzünün təsvirəgəlməz gözəlliyini seyr edənlərin sevinci bitmir. Çünki Sən dünyanı təqdis edən və şəfəqləndirən həqiqi Nursan və bütün xilqət Sənə sonsuz nəğmə söyləyir. Amin.

6-cı dua. Müq. Qeysəriyyəli Vasilinin duası

Sənə, ey Haqq-Təala və rəhmin Sahibi, bizim üçün dərk etmədiyimiz böyük işlər görənə, saysız xariqələr göstərənə, cismən güclü olmağımız üçün və yorğun bədənimizin dincəlməsi üçün bizə yuxu göndərənə şükür olsun! Şükür Sənə ki, bizi təqsirlərimizə görə məhv etmədin, lakin adətinə görə insansevərlik göstərib bizi ümidsizlik yuxusundan oyatdın ki, Sənin Qüdrətini mədh edək. Buna görə Sənə, sərhədsiz rəhmin Sahibinə yalvarırıq: zehnimizin gözlərini nurlandır, fikrimizi isə ərginliyin yuxusundan oyat. Dilimizi açıb, onu həmdlə bol eylə ki, Sənə — hər şeydə və hər kəsdən mədh alan Allaha, əbədi Ataya, Vahid Oğluna və Əqdəs, Lütfkar və Həyatverən Ruhuna sarsılmadan şükür edək, Səni tərənnüm edək indi, hər zaman və sonsuza qədər. Amin.

7-ci dua. Allahın Validəsinə dua

Mərhəmətinə nəğmə söyləyirəm, ey Mələkə, zehnim lütf ilə dolsun deyə mənə yardım et.

Məsih ehkamlarının saleh yoluna yönəlt məni.

Ümidsizlik yuxusunu qovub, duada oyaq olmağım üçün mənə dəstək ol.

Günahla zəncirlənmiş məni duaların ilə azad eylə, sən ey Allahın Gəlini.

Üstümə gələn düşmənlərimdən gecə-gündüz qoru məni.

Ey Həyatverən Allahın Validəsi, ehtirasların içində ölən məni həyata qaytar.

Ey sönməz Nurun Validəsi, kor olan ruhumu nurlandır.

Ey Hökmdarın Bənzərsiz Sarayı, Allahın Ruhunun məbədi et məni.

Ey Səmavi Həkimin Validəsi, illərin ehtiraslarından ruhuma şəfa ver.

Bu həyatın tufanında azıb qalan məni tövbə yoluna yönəlt.

Əbədi oddan, yaman qurddan, cəhənnəmdən qoru məni.

Məni, böyük günahkarı, cinlər görüb sevinməsin.

Məni, huşsuz günahlardan əldən düşəni yenilə, ey Pakizə Bakirə.

Hamının Rəbbinə yalvar ki, məni hər əzabdan uzaq etsin.

Məni bütün müqəddəslərlə səmavi sevincə şərik olmağa layiq et.

Ey Əqdəs Bakirə, layiqsiz bəndənin səsini dinlə.

Ey Pakizə Bakirə, ruhumu natəmizlikdən islah edəcək göz yaşı axını göndər mənə.

Qəlbimin naləsini durmadan Sənə tapşırıram, kömək et mənə, ey Mələkə.

İbadətimi mərhəmətli Allaha qədər yüksəlt.

Ey mələklərdən üstün olan, dünya faniliyindən ucalt məni.

Ey Allahın Nursaçan Səmavi Örtüyü, mənə ruhani lütf göndər.

Sənə həmd etmək üçün natəmiz əllərimi ucaldır və dilimi açıram, ey Pakizə.

Məsihin önündə şəfaətinlə ruhumu tələf edən hər yamandan qoru məni.

Məsihə ehtiram və səcdə olsun indi, hər zaman və sonsuza qədər. Amin.

8-ci dua. Rəbbimiz İsa Məsihə dua

Mərhəməti hamıya bol olan Allahım, Rəbbim İsa Məsih, Sən ölçüyəgəlməz məhəbbətinə görə Səmadan endin və vücud aldın ki, hamını xilas edəsən. Sənə bir də yalvarıram, ey Xilaskarım, lütfün ilə məni xilas et, çünki məni əməllərimə görə xilas etsəydin, bu, lütf və hədiyyə yox, borc olardı. Budur mərhəməti bitməz və rəhmi ölçüyəgəlməz Rəbbim! Çünki Sən, ey Məsihim, belə söylədin: «Mənə iman edən əbədi həyata malik olacaq və ölüm görməyəcək». Əgər ümidini itirənlər Sənə iman edərək xilas olunursa, budur, iman edirəm, xilas et məni, çünki Allahım və Xaliqimsən. Ey Allahım, qoy imanım əməlimin əvəzi olsun, çünki mənə bəraət verə biləcək bir əməlimi tapmazsan. Lakin əməlimin yerinə qoy imanım kifayət olsun, imanım zaminim, imanım bəraətim olsun, məni Sənin əbədi izzətinə şərik etsin. Ey Kəlam, qoyma şeytan məni qaçırtsın, qoyma məni Sənin əlindən və mühafizəndən alıb sevinsin. Lakin istəyimə baxmayaraq, xilas et məni, ey Xilaskarım Məsih; tələf oluram, köməyimə tələs, çünki ana bətnindən bəri Allahım Sənsən. Əvvəlcə günahı sevdiyim kimi, indi qoy Səni sevim, ya Rəbb; əvvəlcə hiyləgər şeytana qulluq etdiyim kimi, indi qoy dayanmadan Sənə bəndəlik edim. Qoy Sənə, Rəbb Allahıma, İsa Məsihimə daha da artıq bəndəlik edim indi, hər zaman və sonsuza qədər. Amin.

9-cu dua. Mühafizəçi Mələyə dua

Ey miskin qəlbimə və zəlil həyatıma nəzarət edən müqəddəs Mələk! Mən günahkarı tək qoyma və nəfsimi saxlaya bilmədiyimə görə məni tərk etmə. Şər şeytana bu fani bədənim vasitəsi ilə mənə ağalıq etməyinə imkan vermə. Biçarə və taqətsiz əlimdən tutub məni xilas yoluna yönəlt. Ey Allahın müqəddəs Mələyi, miskin qəlbimin və cismimin qoruyucusu və hamisi, ömrüm boyu səni nə qədər kədərləndirdimsə, ötən gecə nə günah etdimsə, məni bağışla və başlanan yeni gündə məni şeytanın sınağından qoru ki, Allahı heç bir günahımla qəzəbləndirməyim. Və Rəbbə mənim üçün dua eylə ki, Allah qorxusunu məndə möhkəmləndirsin və məni Onun rəhminə layiq bəndələrindən etsin. Amin.

10-cu dua. Allahın Validəsinə dua

Ey əqdəs Mələkəm, ey Allahın Validəsi, müqəddəs və qadir dualarınla Allahın məzlum və biçarə qulu olan məni kədərdən, unutqanlıqdan, ağılsızlıqdan, biganəlikdən və biçarə qəlbimdəki və dumanlı zehnimdəki natəmiz, şər və küfr fikirlərdən uzaqlaşdır. Daxilimdə olan ehtirasların alovunu söndür, çünki mən bir yazıq və səfil insanam. Məni saysız və amansız niyyətlərimdən və xatirələrimdən qurtar və şər təsirlərdən qoru. Çünki bütün nəsillər Səni tərənnüm edir və Sənin uca ismini izzətləndirir sonsuza qədər. Amin.

Adını daşıdığın müqəddəsə dua

Ey müqəddəs (ismi), mənim üçün dua eylə, çünki sənin köməyinə və şəfaətinə tapınıram.

Allahın Validəsinə nəğmə

Salam, ey Allahın Validəsi — Bakirə!

Rəbb Səninlədir, ey mübarək Məryəm!

Bəxtiyarsan qadınlar arasında,

Və bəxtiyardır bətnindən doğulan İsa,

Çünki Xilaskarımızı gətirdin dünyaya.

Həyatverən dəyərli Çarmıxın ucalmasının troparı, 1-ci səs

Ya Rəbb, xalqını xilas eylə / və mirasına xeyir-dua ver, / düşmənlər üzərində bizə zəfər nəsib eylə, // Çarmıxınla millətini qoru.

Həyatda olanlar üçün dua

Ya Rəbb, ruhani atam (ismi), valideynlərim (isimləri), qohumlarım (isimləri), müdirlərimi, müəllimlərimi, xeyriyyəçilərim (isimləri) və bütün Haqq-İqrar məsihiləri xilas eylə və onlara rəhm eylə.

Mərhumlar üçün dua

Ya Rəbb, vəfat etmiş bəndələrin olan: valideynlərimin, qohumlarımın, xeyriyyəçilərimin və bütün Haqq-İqrar məsihilərin ruhlarına hüzur bəxş eylə. Onların könüllü və könülsüz işlətdiyi günahlarını bağışla və onlara Səmavi Padşahlığı nəsib eylə.

Sonuncu dualar

Düzgündür vəsf etmək Səni, / əbədi bəxtiyar Məryəmi, / Xilqətin ən Pakizəsini, / Allahımızın Validəsini. / Ucaldırıq biz Səni – / Keruvlardan daha hörmətlini, / Seraflardan hədsiz izzətlini, / Allahın Kəlamını bakirəlikdə tövlid edəni, // Allahın həqiqi Validəsini.

Həmd olsun Ata, Oğul və Müqəddəs Ruha indi, hər zaman və sonsuza qədər. Amin.

Ya Rəbb, rəhm eylə. (3 dəfə)

Ya Rəbb İsa Məsih, ey Allahın Oğlu, Sənin pakizə Validənin, saleh və mömin atalarımızın və bütün müqəddəslərin duaları xatirinə bizə rəhm eylə. Amin.

AXŞAM DUALARI

Həmd olsun Ata, Oğul və Müqəddəs Ruha indi, hər zaman və sonsuza qədər. Amin.

Ya Rəbb İsa Məsih, ey Allahın Oğlu, Sənin pakizə Validənin, saleh və mömin atalarımızın və bütün müqəddəslərin duaları xatirinə bizə rəhm eylə. Amin.

Həmd olsun Sənə, ya Allahımız, həmd olsun Sənə.

Müqəddəs Ruha dua

Ey Səmavi Padşah, / Təsəlliverən, Həqiqət Ruhu, / hər yerdə mövcud Olan və hər məkanda Var Olan: / ey Fəzilətlər Xəzinəsi / və Həyat Mənbəyi, / gəl və bizə nüfuz eylə, / hər günahımızdan islah eylə // və ruhumuzu, ey Lütfkar, xilas eylə.

«Üç Müqəddəs» nəğməsi

Müqəddəs Allah, Müqəddəs Qüdrətli, Müqəddəs Ölməz, bizə rəhm eylə. (3 dəfə oxuyub, özünə xaç rəmzi çək və təzim et)

Həmd olsun Ata, Oğul və Müqəddəs Ruha indi, hər zaman və sonsuza qədər. Amin.

Əqdəs Üçlüyə dua

Ey Əqdəs Üçlük, bizə rəhm eylə. Ya Rəbb, bizi günahlarımızdan islah eylə, ey Pərvərdigar, təqsirlərimizi bağışla, ey Müqəddəs Olan, İsmin naminə bizi ziyarət eylə və azarlarımıza şəfa ver.

Ya Rəbb, rəhm eylə. (3 dəfə)

Həmd olsun Ata, Oğul və Müqəddəs Ruha indi, hər zaman və sonsuza qədər. Amin.

Rəbbin duası

Ey Səmavi Atamız! İsmin müqəddəs tutulsun, Padşahlığın gəlsin, Səmada olduğu kimi yerdə də Sənin iradən olsun. Gündəlik çörəyimizi bizə bu gün ver. Bizə borclu olanları bağışladığımız kimi, bizim də borclarımızı bağışla. Bizi sınağa çəkmə, lakin bizi şərdən xilas eylə.

Tövbə troparları, 6-cı səs

Rəhm eylə, ya Rəbb, rəhm eylə, / çünki yoxdur bəraət bizə, / səslənir müqəssirlər Sənə, / ey Pərvərdigar: “Bizə rəhm eylə!”

Həmd olsun Ata, Oğul və Müqəddəs Ruha.

Ya Rəbb, bizə rəhm eylə, / qəzəblənmə, güvənirik Sənə, / təqsirlərimizi salma yada, / lakin mərhəmətlə nəzər sal bizə, / düşmənlərimizdən bizi xilas eylə. / Çünki Sən Allahımızsan, biz isə xalqınıq Sənin, / hamımız Sənin Əlinin xilqətiyik və İsmini çağırırıq.

İndi və hər zaman və sonsuza qədər. Amin.

Rəhmin qapılarını aç bizə, / ey Allahın mübarək Validəsi, / Sənə güvənib ölməyək, / lakin Öz şəfaətinlə / hər fəlakətdən xilas et bizi, / çünki Sənsən məsihi xalqın xilası.

Ya Rəbb, rəhm eylə. (12 dəfə)

1-ci dua. Müq. Makariosun Ata Allaha duası

Ey Əbədi Allah və hər xilqətin Padşahı! Sən məni bu saata qədər yaşatdın, bu gün sözdə, əməldə, düşüncədə etdiyim günahlarımı bağışla və səfil canımı hər cismani və ruhani natəmizlikdən islah eylə, ya Rəbb. Rahat yuxu bəxş et mənə bu gecə, qoy yatağımdan durub Sənin Əqdəs İsminə ömrüm boyu xidmət edim, mənə hücum edən gözlə görünən və görünməyən düşmənlərimi məğlub edim. Ruhumu murdarlayan bihudə düşüncələrdən və şər ehtiraslardan xilas et məni, ya Rəbb. Çünki Padşahlıq, qüdrət və izzət Sənindir — Atanın, Oğulun və Müqəddəs Ruhun, indi, hər zaman və sonsuza qədər. Amin.

2-ci dua. Müq. Antioxun Rəbbimiz İsa Məsihə duası

Ey Külli-İxtiyar, Atanın Kəlamı, İsa Məsih, böyük mərhəmətinə görə heç vaxt məni, Öz bəndəni, tərk etmə, lakin hər zaman qəlbimdə ol. Ey quzularının Mərhəmətli Çobanı İsa, məni ilanın fitnəsinə təslim etmə və şeytanın ixtiyarına buraxma, çünki onda tələf toxumu var. Sən, ey Səcdəgahım, Rəbb Allahım, Müqəddəs Padşah, İsa Məsih, Sönməz Nurun, şagirdlərini təqdis etdiyin Müqəddəs Ruhunla yuxuda məni qoru. Ya Rəbb, mən layiqsiz bəndənə yatağımda xilasımı ver. Zehnimi — Müqəddəs İncilinin idrak Nuru ilə, ruhumu — Çarmıxının məhəbbəti ilə, qəlbimi — Kəlamının paklığı ilə, cismimi — səbirli əzablarınla nurlandır. Düşüncələrimi Sənin Həlimliyinlə qoru və Sənə həmd etmək üçün məni münasib vaxtda oyat. Çünki Sənin, Əbədi Atanın və Əqdəs Ruhun İzzəti sonsuzdur. Amin.

3-cü dua. Müq. Suriyalı Efraimin Müqəddəs Ruha duası

Ya Rəbb, ey Səmavi Padşah, Təsəlliverən, Həqiqət Ruhu, mən günahkar bəndənə qarşı mərhəmətini göstər və mənə rəhm eylə. Mənim, nalayiq, hətta heyvandan da betər insanın bu gün könüllü, ya könülsüz, şüurlu, ya şüursuz, gəncliyimə və ya şər təsirlərə görə, hirsdən, ya biveclikdən etdiyim bütün günahlarımı bağışla. Əgər Sənin İsminlə and içmişəmsə, İsminə qarşı ürəyimdə küfr etmişəmsə, kimisə məzəmmət etmişəmsə, qəzəbdən böhtan atmışamsa, kimisə kədərləndirmişəmsə, kiməsə görə qıcıqlanmışamsa, kiməsə yalan söyləmişəmsə və gərəksiz yuxuya getmişəmsə, yanıma gələn bir kasıbı əliboş qaytarmışamsa, qardaşımı qəmləndirmişəmsə; kiminləsə dalaşmışamsa, kimisə mühakimə etmişəmsə, özümü lovğa və ya təkəbbürlə və ya qəzəblə aparmışamsa, dua zamanı bu dünyanın şərinə qərq olmuşamsa və ya pozğun fikirlərə dalmışamsa, yeməkdə və içməkdə ifrata varmışamsa, mənasız gülmüşəmsə, pislik etməyi düşünmüşəmsə, kiminsə gözəlliyini görüb, ona qəlbimdə paxıllıq etmişəmsə, dilimə ədəbsizlik gətirmişəmsə, ya da öz günahlarım saysız olduğu halda qardaşımın günahına gülmüşəmsə, duaya qarşı etinasız olmuşamsa və ya xatırlamadığım bir pislik etmişəmsə, rəhm eylə mənə, çünki bunlardan daha betərini etmişəm. Ey Xaliqim və Pərvərdigarım, mən bivec və layiqsiz bəndəni bağışla və günahlarımdan keç, çünki Sən Lütfkar və İnsansevərsən. Qoy mən, azğın, günahkar və biçarə olsam belə, rahat uzanıb yatım ki, yuxudan oyanıb Sənin səcdənə gəlim, Ata və Yeganə Oğulla bir olan Əqdəs İsminə həmd edim indi, hər zaman və sonsuza qədər. Amin.

4-cü dua. Müq. Makariosun duası

Ey Səxavətli və Ölməz Padşah, ey Lütfkar və İnsansevər Rəbb! Sənə ibadət etməyə tənbəllik edən, heç bir xeyir əməli olmayan bu bəndənin ruhunu hidayətə və xilasa yönləndirərək ötən gündən keçirməyinin müqabilində Sənə nə təklif edim, bunun əvəzini necə verim? Xeyir əməli olmayan mən günahkara rəhm eylə. Saysız günahlarımla ləkələnən düşkün ruhumu oyat və bu görünən dünyanın bütün şər düşüncələrini məndən uzaq et. Sən, ey Tək Günahsız Olan, bu gün qarşında şüurlu və ya şüursuz halda, sözdə, əməldə, düşüncədə və bütün hisslərim ilə etdiyim günahları bağışla. İlahi qüdrətin, ölçüyəgəlməz insansevərliyin və qüvvətinlə məni düşmənin mühasirəsindən xilas eylə. Təmizlə, ey Allah, bütün günahlarımdan məni təmizlə! Ya Rəbb, lütf edib, məni şeytanın tələsindən qurtar, əzab çəkən ruhumu xilas et, izzətlə gələcəyin zaman Üzünün Şəfəqi ilə məni nurlandır. İndi isə mənə saf yuxu bəxş eylə və Öz bəndənin düşüncələrini şər röyalardan və narahatlıqlardan qoru. Bütün şeytani əməlləri məndən uzaqlaşdır və ölüm yuxusuna dalmayım deyə, qəlbimin gözlərini nurlandır. Məni düşmənlərdən qorusun deyə, yatağımdan qalxdıqdan sonra Sənə şükranlıq duaları oxuyum deyə, bələdçim olan, ruhumun və bədənimin mühafizəkarı, barış Mələyini göndər. Ya Rəbb, iradəsi və vicdanı günahkar və biçarə bəndə olan məni dinlə! Yuxudan oyanaraq, Sənin ehkamlarına uyğun yaşamağa yardım et və köməyimə mələklərini göndərərək, məni şeytani vecsizlikdən uzaq et! Qoy Sənin Müqəddəs İsminə şükür edim, qoy biz günahkarları himayə etmək üçün bizə bəxş etdiyin Validən olan Pakizə Məryəmi mədh və tərif edim. Onun dualarını qəbul et, çünki bilirəm: Sənin bizə olan məhəbbətini təqlid edərək, O da bizim üçün yorulmadan dua edir. Onun şəfaəti ilə, Müqəddəs Çarmıxın nişanəsi ilə və bütün müqəddəslərin duaları xatirinə miskin ruhumu qoru, ey Allahımız İsa Məsih, çünki Müqəddəs və İzzətlisən sonsuza qədər. Amin.

5-ci dua

Ya Rəbb Allahımız, bu gün söz, əməl və düşüncə ilə Sənə qarşı işlətdiyim günahlarımı İnsansevər və Lütfkar olaraq bağışla. Mənə rahat və qayğısız yuxu bəxş eylə. Qoruyucu Mələyini göndər ki, məni hər şərdən hifz eyləsin. Çünki cismimizi və ruhumuzu qoruyan Sənsən və Səni — Ata, Oğul və Müqəddəs Ruhu mədh edirik indi, hər zaman və sonsuza qədər. Amin.

6-cı dua

Ya Rəbb Allahımız, Sənə iman edirik və İsmini hər isimdən üstün tuturuq, yuxuya getdiyimiz zaman ruhumuza və cismimizə rahatlıq bəxş eylə, bizi şər röyalardan və şəhvətdən saxla; ehtirasların hücumuna son qoy və bədənimin alovunu söndür. Bizə əməldə və sözdə ismətli olmağı nəsib et ki, saleh həyat yaşayaraq, Sənin vəd etdiyin nemətlərdən məhrum olmayaq, çünki Sən həmdə layiqsən sonsuza qədər. Amin.

7-ci dua. Günün 24 saatı müq. Fəsahətli Yəhyanın duası

Ya Rəbb, səmavi nemətlərindən məni məhrum etmə.

Ya Rəbb, məni əbədi əzabdan xilas eylə.

Ya Rəbb, əgər əqlim və ya niyyətimlə, sözüm və ya əməlimlə günah etmişəmsə, məni bağışla.

Ya Rəbb, məni cəhalətdən, unutqanlıqdan, cəsarətsizlikdən və daşürəkli olmaqdan xilas eylə.

Ya Rəbb, məni hər cür sınaqdan xilas eylə.

Ya Rəbb, şər niyyətlərlə qaralmış qəlbimi nurlandır.

Ya Rəbb, mən bir insan kimi günah işlətdim, Sən isə mərhəmətli Allah olaraq mənə rəhm eylə.

Ya Rəbb, zəifliyimi görərək lütfünü mənə göndər ki, Müqəddəs İsmini izzətləndirim.

Ya Rəbb İsa Məsih, mən bəndənin ismini həyat kitabına yaz və mənə rahat ölüm bəxş eylə.

Ya Rəbb Allahım, hərçənd Sənin qabağında bir xeyir əməlim yoxdur, lakin lütfünlə mənə saleh həyata başlamağa kömək et.

Ya Rəbb, Öz lütfünün jaləsini qəlbimə səp.

Göyün və yerin Hökmdarı, mən günahkar, ləkəli və natəmiz bəndəni Padşahlığında xatırla. Amin.

Ya Rəbb, tövbədə qəbul et məni.

Ya Rəbb, tərk etmə məni.

Ya Rəbb, sınağa çəkmə məni.

Ya Rəbb, xoş fikirlər ver mənə.

Ya Rəbb, göz yaşı, ölüm haqda unutmamağı və vicdan əzabı bəxş eylə mənə.

Ya Rəbb, tövbə etməyə sövq eylə məni.

Ya Rəbb, həlimlik, ismət və itaətkarlıq ver mənə.

Ya Rəbb, səbir, comərdlik və sadəlik ver mənə.

Ya Rəbb, qəlbimə hər fəzilətin mənşəyi olan Allah qorxusunu ver.

Ya Rəbb, Səni bütün ruhumla, düşüncəmlə və ürəyimlə sevməyə və Sənin iradəni yerinə yetirməyə sövq eylə məni.

Ya Rəbb, məni şər insanlardan, cinlərdən, ehtiraslardan və bütün şər hərəkətlərdən qoru.

Ya Rəbb, qoy Sənin iradən mən günahkarda əmr etdiyin kimi, bildiyin kimi, istədiyin kimi olsun, çünki Sən həmdə layiqsən sonsuza qədər. Amin.

8-ci dua. Rəbbimiz İsa Məsihə dua

Ya Rəbb İsa Məsih, Allahın Oğlu, şərəfli Validənin, Mələklərin, Peyğəmbərin, Sələfin və Vəftizçi Yəhyanın, Allahdan ilham alan həvarilərinin, şanlı və müzəffər şəhidlərinin, saleh və mömin ataların və bütün müqəddəslərin duaları xatirinə məni şeytanın davamlı mühasirəsindən xilas eylə. Ey Xaliqim və Rəbbim, Sən günahkarın ölməyini yox, onun şər yolunu tərk etməyini və həyata dönməyini gözləyirsən. Məni də — biçarə və layiqsiz bəndəni — pis yoldan döndər. Məni udmaq və diri-diri cəhənnəmə atmaq istəyən zəhərli ilanın cəhəngindən qurtar. Ey Təsəllim Olan və mən biçarə bəndənin xatirinə fani vücuda bürünən Rəbbim, məni zillətdən qurtar və zavallı ruhuma təsəlli ver. Sənin əmrlərini yerinə yetirməyimi və pis işləri tərk etməyimi ürəyimə təlqin et ki, Səndən gələn bəxtiyarlığa layiq olum, çünki Sənə ümid edirəm, ya Rəbb, məni xilas eylə.

9-cu dua. Studioslu Peterin Allahın Validəsinə duası

Ey Allahın Pak Validəsi, biçarə mən Sənə tapınaraq yalvarıram: ey Mələkə, bilirsən ki, mən durmadan günah edib, Sənin Oğlun olan Allahımı qəzəbləndirirəm və hər zaman tövbə etməyimə baxmayaraq, Allahın hüzurunda yalançı çıxıram. Tövbə edirəm və Rəbbin cəzasına görə qorxumdan titrəyirəm, lakin yenə də günahlarımı təkrarlayıram. Ey Allahın Validəsi, bunlar Səndən gizli deyil, buna görə də yalvarıram, ey mənim Mələkəm, mənə mərhəmət göstər, dualarınla məni qüvvətləndir və xeyir əməl etməyi öyrət. Çünki Sən, ey Allahın Validəsi və mənim Pakizə Mələkəm, pis əməllərimə nifrət etdiyimi, Allahımın Qanununu isə bütün varlığımla sevdiyimi bilirsən, lakin bilmirəm nədən istəmədiyimi edirəm, sevdiyim yaxşı əməlləri isə etmirəm. Ey Pakizə, qoy öz şər iradəmi yox, Sənin Oğlun olan Allahımın iradəsini yerinə yetirim. O mənə öyüd verib xilas etsin və Müqəddəs Ruhun lütfünü versin ki, yanlış həyatı tərk edim və Sənin Oğlunun əmrlərinə əməl edim. Çünki izzət, ehtiram və qüdrət Onun və Əbədi Atanın və Müqəddəs, Lütfkar, Həyatverən Ruhundur indi, hər zaman və sonsuza qədər. Amin.

10-cu dua. Allahın Validəsinə dua

Ey rəhmli Padşahın mərhəmətli Anası, Allahın mübarək Validəsi, Pakizə Məryəm, Oğlunun və Allahımızın rəhmini əzab çəkən ruhuma yağdır və dualarınla məni xeyir əməllərə yönəlt ki, ömrümün qalan günlərini günahsız yaşayıb, Sənin köməyinlə cənnətə çatım, ey Allahın Validəsi, Pakizə və Mübarək Bakirə.

Mühafizəçi Mələyə dua

Ey Məsihin Mələyi! Məni mühafizə edən, ruhumun, bədənimin müqəddəs hamisi! Bugünkü günahlarımdan islah olunmağımı və şeytan olan düşmənin hər şər əməllərindən qorunmağımı Allahımdan dilə, günahımdan qəzəblənməsin deyə. Mən dəyərsiz günahkar üçün Allaha dua eylə və mənə şəfaətinlə yardım et ki, Əqdəs Üçlüyün rəhminə və Rəbbimiz İsa Məsihin Validəsinin və bütün müqəddəslərin məhəbbətinə layiq olum. Amin.

Allahın Validəsinə kondak

Sənə, ey Allahımızın Validəsi, / Müzəffər Sərəsgər Mələkə, / hər şərdən qurtulan bəndən / bu şükür nəğməsini söyləyir. / Sən isə, ey alınmaz qalanın Sahibəsi, / bizi hər fəlakətdən qoru, / biz də Səni tərənnüm edək: // Sevin, ey Bəysiz Gəlin!

Ey izzətli və əbədi Bakirə! Ey Məsih Allahın Validəsi! Dualarımızı Sənin Oğlun Olan Allahımıza gətir ki, şəfaətinlə həyatımızı xilas etsin.

Ümidim Ata, pənahgahım Oğul, örtüyüm isə Müqəddəs Ruhdur. Ey Əqdəs Üçlük, həmd olsun Sənə.

Ya Rəbb İsa Məsih, ey Allahın Oğlu, Sənin pakizə Validənin, saleh və mömin atalarımızın və bütün müqəddəslərin duaları xatirinə bizə rəhm eylə. Amin.

Sonuncu dualar

Düzgündür vəsf etmək Səni, / Əbədi bəxtiyar Məryəmi, / Xilqətin ən Pakizəsini, / Allahımızın Validəsini. / Ucaldırıq biz Səni – / Keruvlardan daha hörmətlini, / Seraflardan hədsiz izzətlini, / Allahın Kəlamını bakirəlikdə tövlid edəni, // Allahın həqiqi Validəsini.

Həmd olsun Ata, Oğul və Müqəddəs Ruha indi, hər zaman və sonsuza qədər. Amin.

Ya Rəbb, rəhm eylə. (3 dəfə)

Ya Rəbb İsa Məsih, ey Allahın Oğlu, Sənin pakizə Validənin, saleh və mömin atalarımızın və bütün müqəddəslərin duaları xatirinə bizə rəhm eylə. Amin.

MÜQƏDDƏS ŞƏRİKLİKDƏN ƏVVƏL OXUNAN DUALAR

Ya Rəbb İsa Məsih Allahımız, müqəddəs atalarımızın duaları vasitəsilə bizə rəhm eylə. Amin.

Həmd olsun Sənə, ya Allahımız, həmd olsun Sənə.

Müqəddəs Ruha dua

Ey Səmavi Padşah, / Təsəlliverən, Həqiqət Ruhu, / hər yerdə mövcud Olan və hər məkanda Var Olan: / ey Fəzilətlər Xəzinəsi / və Həyat Mənbəyi, / gəl və bizə

nüfuz eylə, / hər günahımızdan islah eylə // və ruhumuzu, ey Lütfkar, xilas eylə.

«Üç Müqəddəs» nəğməsi

Müqəddəs Allah, Müqəddəs Qüdrətli, Müqəddəs Ölməz, bizə rəhm eylə. (3 dəfə oxuyub, özünə xaç rəmzi çək və təzim et)

Həmd olsun Ata, Oğul və Müqəddəs Ruha indi, hər zaman və sonsuza qədər. Amin.

Əqdəs Üçlüyə dua

Ey Əqdəs Üçlük, bizə rəhm eylə. Ya Rəbb, bizi günahlarımızdan islah eylə, ey Pərvərdigar, təqsirlərimizi bağışla, ey Qutsal Olan, İsmin naminə bizi ziyarət eylə və azarlarımıza şəfa ver.

Ya Rəbb, rəhm eylə. (3 dəfə)

Həmd olsun Ata, Oğul və Müqəddəs Ruha indi, hər zaman və sonsuza qədər. Amin.

Rəbbin duası

Ey Səmavi Atamız! İsmin müqəddəs tutulsun, Padşahlığın gəlsin, Səmada olduğu kimi yerdə də Sənin iradən olsun. Gündəlik çörəyimizi bizə bu gün ver. Bizə borclu olanları bağışladığımız kimi, bizim də borclarımızı bağışla. Bizi sınağa çəkmə, lakin bizi şərdən xilas eylə.

Ya Rəbb, rəhm eylə. (12 dəfə)

Həmd olsun Ata, Oğul və Müqəddəs Ruha indi, hər zaman və sonsuza qədər. Amin.

Gəlin Padşah Allahımıza səcdə edək. (Səcdə et)

Gəlin Padşahımız və Allahımız olan Məsihə səcdə edək. (Səcdə et)

Gəlin Padşahımız və Allahımız olan Məsihin Özünə səcdə edək. (Səcdə et)

22-ci (23-cü) məzmur

Rəbb mənim çobanımdır,

Möhtac olmaram heç nəyə.

O məni yaşıl çəmənlərdə bəsləyir,

Sakit axan sular kənarında dincəldir.

İsminə görə həyatımı geri qaytarır,

Salehlik yoluna məni yönəldir.

Gəzsəm də mən ölümün kölgəsində,

Mənimləsən, qorxmaram şərdən.

Əl ağacın və əsan təsəlli verir mənə.

Düşmənlərimin qarşısında açdın mənə süfrə,

Başıma zeytun yağı çəkdin,

Doludur verdiyin mənə Piyalən Sənin.

Həyatım boyu mərhəmətin məni izləsin,

Ömrüm boyu Rəbbin evində olum sakin!

23-cü (24-cü) məzmur

Rəbbindir yer üzü və orada var olanlar,

Dünya və onun hər yerində yaşayanlar.

O, yerin təməlini dənizlər üstündə qurdu,

Dünyanı sular üzərində yaratdı.

Rəbbin dağına kim qalxa bilər?

Müqəddəs yerində kim dura bilər?

Əlləri təqsirsiz, qəlbi təmiz olan,

Ürəyini bütlərə bağlamayan,

Qonşuya yalandan and içməyən insan.

O, Rəbdən xeyir-dua alacaq,

Xilaskarı Allahın rəhminə gələcək.

Belədir Rəbbin ardınca gedənlər,

Yaqubun Allahının üzünü arayanlar.

Qalxın, ey darvazalar,

Açılın, ey qədim qapılar,

Daxil olsun izzət Padşahı!

Kimdir izzət Padşahı?

Qüdrətli igid olan Rəbdir,

Döyüşdə güclü olan Rəbdir.

Qalxın, ey darvazalar,

Açılın, ey qədim qapılar,

Daxil olsun izzət Padşahı!

Kimdir izzət Padşahı?

Ordular Rəbbidir izzət Padşahı!

115-ci (116-cı) məzmur

«Çox məyusam» söyləyəndə,

İmanımı itirmədim daxilimdə.

«Yalançıdır insanlar yer üzündə» —

Söylədim mən kədər içində.

Mənə verdiyi nemətlərə görə

Necə qaytarım borcumu Rəbbə?

Nicat Piyaləsini qaldıracağam,

Rəbbin ismini çağıracağam.

Rəbbə etdiyim bütün nəzirləri

Xalqın önündə yerinə yetirəcəyəm.

Mömin bəndələrin ölümü

Dəyərlidir Rəbbin gözlərində.

Ya Rəbb, kənizinin oğluyam,

Bəndənəm mən, bəndənəm.

Zəncirlərimi açdın.

Sənə şükür qurbanı gətirəcəyəm,

Rəbbin ismini mən səsləyəcəyəm.

Rəbbə etdiyim bütün nəzirləri

Xalqın önündə yerinə yetirəcəyəm,

Rəbbin Məbədinin həyətində,

Sənin, Yerusəlim, mərkəzində.

Həmd olsun Ata, Oğul və Müqəddəs Ruha indi, hər zaman və sonsuza qədər. Amin.

HalleluYah, HalleluYah, HalleluYah, həmd olsun Sənə, ya Allah! (3 dəfə oxuyub, özünə xaç rəmzi çək və təzim et)

Şəriklik troparları. 8-ci səs

Sayma təqsirlərimi, ey Bakirədən dünyaya Gələn Rəbbim, / qəlbimi saf eylə və onu Pak Vücudun və Qanının məbədinə döndər. // Sonsuz rəhminə görə məni qovma önündən.

Həmd olsun Ata, Oğul və Müqəddəs Ruha.

Qüdsiyyətlərinə şərik olmağa necə cəsarət edim mən nalayiq? / Layiqlərlə çıxmağa cürət etsəm hüzuruna, geyimim məni ifşa edəcək, / çünki yaramır bayram süfrəsinə və bununla günahkar qəlbimi mühakiməyə düçar edəcəyəm. // Qəlbimi pisliklərdən təmizlə, ya Rəbb, məni xilas eylə, ey İnsansevər.

İndi və hər zaman və sonsuza qədər. Amin.

Saysızdır günahlarım, ey Allahın Validəsi. / Xilas diləyərək sığınıram Sənə. / Zəif qəlbimə nəzər sal, ey pakizə Bakirə, // Oğluna və Allahımıza yalvar, ey tək mübarək Olan, mənim ağır günahlarımı bağışlasın.

50-ci (51-ci) məzmur

Sonsuz rəhminə görə, ya Allah, mənə rəhm eylə,

Təqsirimi sil bol mərhəmətinə görə.

Tamamilə yu təqsirlərimdən,

Təmizlə məni günahımdan.

Çünki bilirəm mən öz təqsirlərimi,

Günahım daim qarşısındadır gözlərimin.

Tək Sənə qarşı günah işlətdim,

Sənin hüzurunda pislik etdim.

Buna görə düzdür hökmün,

Ədalətlidir Sənin mühakimən.

Doğulandan bəri təqsirkaram,

Ana bətnindən belə günahkaram.

Ürəklərin sədaqətliliyini istəyirsən,

Qəlbimin dərinliyinə hikmət verirsən.

Məni züfa ilə çilə, təmiz olum,

Məni yu, qardan da bəyaz olum.

Qulaqlarım şadlıq, sevinc səsini eşitsin,

Sındırdığın sümüklərim fərəhlənsin.

Üzünü ört günahlarımdan,

Yu məni bütün təqsirlərimdən.

Təmiz ürək, ya Allah, yarat məndə,

Saleh ruhu yenilə daxilimdə.

Məni qovma hüzurundan,

Müqəddəs Ruhunu alma məndən.

Xilasın sevincinə qaytar məni,

Nəciblik Ruhu ilə gücləndir məni.

Sənin yollarını məndən öyrənəcək asilər,

Sənə tərəf dönəcək bütün günahkarlar.

Ey xilasımın Allahı, qan tökmədən xilas et məni,

Ya Allah, ədalətinə sevinsin mənim dilim.

Ya Rəbb, aç mənim ləblərimi,

Dilim Sənə bəyan etsin həmdlərimi.

Kəsərdim Sənə qurban, amma istəmirsən,

Yandırma qurbanlarından da razı qalmırsan.

Sınmış ruhdur Allaha məqbul olan qurban,

Qırılmış ürəyə, ya Allah, nifrət etməyəcəksən.

Ya Rəbb, Siona yaxşılıq et lütfünlə,

Yerusəlimin divarlarını Sən bərpa eylə.

O zaman salehlik qurbanlarından razı olacaqsan,

Yandırma qurbanlarını qəbul edəcəksən,

O zaman buğalar qurbangahında kəsiləcək.

Kanon, 2-ci səs

1-ci nəğmə

Gəlin, ey camaat, / dənizi bölüb xalqını keçirən, / onu Misirin köləliyindən azad edən / Allahımız Məsihə nəğmə söyləyək, // çünki O, izzətlidir.

Təmiz ürək, ya Allah, yarat məndə,/ saleh ruhu yenilə daxilimdə.

Müqəddəs Vücudun mənə / əbədi həyatın çörəyi olsun, / ey mərhəmətli Rəbbim, // dəyərli Qanın isə hər dərdin şəfası.

Məni qovma hüzurundan, / Müqəddəs Ruhunu alma məndən.

Natəmiz oldum yaramaz əməllərimlə, / layiq deyiləm mən, biçarə, / şərik olmağa Əqdəs Vücudunla Qanına, // amma Sən, ey Məsih, məni layiq eylə.

Ey Allahın Əqdəs Validəsi, dualarınla bizi xilas eylə.

Ey Allahın mübarək Gəlini, / ey bərəkətli Torpaq! / Sən dünyanı xilas edən / becərilməmiş Sünbülü yetişdirdin, / kömək et Ondan dadıb, xilas olunum.

3-cü nəğmə

İman qalasında məni sabit etdin, / düşmənlərimin önündə mənə qüvvə verdin. / Ruhum isə sevinclə mədh edir: / Rəbb Allah kimi yoxdur müqəddəs, // Sənin kimi Saleh yoxdur heç kəs.

Təmiz ürək, ya Allah, yarat məndə,/ saleh ruhu yenilə daxilimdə.

Ya Məsih, mənə ürəyimin natəmizliyini / təmizləyən göz yaşları ver ki, / ləkəsiz vicdanla, imanla və Allah qorxusu ilə Sənin, Pərvərdigara, // müqəddəs Ənamlarına şərik olum.

Məni qovma hüzurundan, / Müqəddəs Ruhunu alma məndən.

Ey İnsansevər Rəbbim, / qoy Əqdəs Vücudunla Qanın / günahlarımın bağışlanmasına, Müqəddəs Ruhla şərikliyə, / əbədi həyat miras almağıma səbəb olsun // və məni əzab-əziyyətimdən azad etsin.

Ey Allahın Əqdəs Validəsi, dualarınla bizi xilas eylə.

Rəhminə görə səmadan enən, / dünyaya yeni həyat bəxş edən, / Həyat Çörəyinin ey müqəddəs Qurbangahı. / Mən layiqsizi layiq eylə, // O Çörəyi Allah qorxusu ilə yeyim və əbədi yaşayım.

4-cü nəğmə

Nə elçi, nə mələk göndərdin, / lakin Bakirədən Vücud alıb Sən Özün gəldin, / insanlığımın bütövlüyünü xilas etdin. / Buna görə nida edirəm Sənə: // həmd olsun, ya Rəbb, Sənin qüvvənə.

Təmiz ürək, ya Allah, yarat məndə,/ saleh ruhu yenilə daxilimdə.

Bizə görə Vücud aldın, ey Mərhəmətli, / insanların günahları üçün / qurban Quzusu kimi kəsilmək istədin. / Buna görə yalvarıram Sənə: // Məni də günahlarımdan islah eylə.

Məni qovma hüzurundan, / Müqəddəs Ruhunu alma məndən.

Şəfa ver, ya Rəbb, ruhumun yaralarına, / mənim bütünlüyümü təqdis eylə / və mən biçarəni layiq eylə, Pərvərdigara, // sirli və ilahi Süfrənə şərik olum.

Ey Allahın Əqdəs Validəsi, dualarınla bizi xilas eylə.

Səndən dünyaya Gələnə, ya Mələkə, / yalvar ki, rəhmli olsun mənə, həlim xidmətçinə, / dualarınla məni pak və ləkəsiz saxla, // Onu sirli Mirvaritək qəbul edib təqdis olunum.

5-ci nəğmə

Ey nur verən və aləmləri yaradan Rəbb, / əmrlərinin nurunda bizə yol göstər: // çünki Səndən savayı allah yoxdur.

Təmiz ürək, ya Allah, yarat məndə,/ saleh ruhu yenilə daxilimdə.

Qoy mənə, Sənin bəndənə, / öncədən dediyin kimi olsun, ya Məsih: / daxilimdə qal vəd etdiyin kimi, / çünki heyrətli Vücudunu qəbul edirəm, // Qanını da içirəm mən.

Məni qovma hüzurundan, / Müqəddəs Ruhunu alma məndən.

Ey Allah olan Allahın Kəlamı, / yanar kömürə bənzər Vücudun / zülmətimə nur versin // və Qanın natəmiz ruhumu təmizləsin.

Ey Allahın Əqdəs Validəsi, dualarınla bizi xilas eylə.

Ey Səma ətrinin müqəddəs məskəni, / Allahın Validəsi Məryəm: / dualarınla Allahın seçilmiş alətinə çevir məni ki, // Oğlunun Qüdsiyyətinə şərik olum.

6-cı nəğmə

Günahın dəryasına endim. / Sənin təsvirəgəlməz mərhəmətinin dəryasına / əllərimi uzadıram mən: // dikəlt məni, ey Allah, ölümdən.

Təmiz ürək, ya Allah, yarat məndə,/ saleh ruhu yenilə daxilimdə.

Təqdis et əqlimlə ruhumu, / qəlbimlə bədənimi, ey Xilaskar, / layiq eylə, Pərvərdigara, mühakimə olunmadan // Əqdəs Sirlərinə yaxınlaşım mən.

Məni qovma hüzurundan, / Müqəddəs Ruhunu alma məndən.

Müqəddəs Sirlərinə şərikliyim / ehtiraslardan məni xilas etsin, / məndə lütfünü artırsın, ya Məsih // və Həyatını məndə yaşatsın.

Ey Allahın Əqdəs Validəsi, dualarınla bizi xilas eylə.

Ey Allahın Əqdəs Kəlamı Olan Allah, / heyrətli Sirlərinə yaxınlaşıram mən, / təqdis eylə mənim bütövlüyümü // müqəddəs Validənin duaları ilə.

Kondak, 2-ci səs

Vücudun olan Çörəyi və ilahi Qanını / qoy mən qəbul edim, ey Məsih. / Layiq et mən biçarəni, mühakimə olunmadan, / lakin əbədi və sonsuz həyat üçün, // şərik olum heyrətli və Əqdəs Sirlərinə, Pərvərdigara.

7-ci nəğmə

Qızıl bütə əhli-kamal övladlar səcdə etmədilər, / alova onlar özləri girdilər, / yad allahları ələ saldılar, / alovun arasında Sənə həmd etdilər, / mələk isə onlara sərinlik verdi: // «Allah duanızı eşitdi» söylədi.

Təmiz ürək, ya Allah, yarat məndə,/ saleh ruhu yenilə daxilimdə.

Əbədi Sirlərinə şərikliyim, ey Məsih, / nur, həyat və salehlik bulağı olsun mənə, / ehtiraslarımdan azad etsin məni, / İlahi fəzilətdə qalıb müvəffəq olmağa yardım etsin ki, // Sənə, ey Lütfkar, həmd edim.

Məni qovma hüzurundan, / Müqəddəs Ruhunu alma məndən.

İndi də lərzə ilə və məhəbbətlə / əbədi və ilahi Sirlərinə şərikliyim, ey İnsansevər, / dərdi, ədavəti, məcburiyyəti və hər əziyyəti / məndən uzaq etsin. / Məni isə layiq eylə mədh edim Sənə: // tərənnüm olsun atalarımızın Allahı Rəbbə.

Ey Allahın Əqdəs Validəsi, dualarınla bizi xilas eylə.

Xilaskar Məsihi anlaşılmaz tövlid edən, / Allah tərəfindən «Mübarək» adlanan ey Məryəm, / Sənin saflığına, ey Pakizə, səslənirəm mən, napak nökərin: / Allahın Əqdəs Sirlərinə indi yaxınlaşan məni // cismani və ruhani natəmizlikdən islah eylə.

8-ci nəğmə

Od kürəsində İbrani gənclərin / yanına enən Allahı, / alovu jaləyə çevirən Rəbbi // ucalt, ey xilqət, tərənnümlə sonsuza qədər.

Təmiz ürək, ya Allah, yarat məndə,/ saleh ruhu yenilə daxilimdə.

Ey Məsih, ilahi Sirli süfrənə / və səmavi, müqəddəs, vahiməli Sirlərinə / mən ümidsizi layiq eylə ki şərik olum, // ey Xilaskar Allahım.

Məni qovma hüzurundan, / Müqəddəs Ruhunu alma məndən.

Sənin rəhminə tapınaraq, / ehtiramla nida edirəm Sənə, ey Lütfkar: / dediyin kimi daxilimdə qal, ey Xilaskar, / mən isə qalım Sənin daxilində, / çünki cəsarətlə rəhminə güvənirəm, // Vücudunu qəbul edirəm, Qanını isə içirəm mən.

Ey Allahımız Əqdəs Üçlük, həmd olsun Sənə.

Alovunu qəbul edib titrəyirəm mən, / şam, ya da quru ot kimi yanmayım. / Ey vahiməli Sirr! Ey Allahın rəhmi! / Necə olur ki, mənim kimi torpaq / heyrətli Vücuduna və Qanına şərik olur // və ölməzliyə nail olur.

9-cu nəğmə

Əbədi Atanın Oğlu olan Rəbb və Allah / Bakirədən Vücud alıb zühur etdi bizə ki, / nura boyasın zülmətdə olanları / və toplasın səpələnən insanları. // Buna görə Allahın mədh olunan Validəsini ucaldırıq.

Təmiz ürək, ya Allah, yarat məndə,/ saleh ruhu yenilə daxilimdə.

Dadın, görün nə şirindir Rəbb. / Çünki O, qədimdən bizə görə oldu bizə bənzər, / Özünü Atasına birdəfəlik təqdim edib, / dayanmadan Özü qurban kəsilir, // Ona şərik olanları təqdis edir.

Məni qovma hüzurundan, / Müqəddəs Ruhunu alma məndən.

Ruhumla, bədənimlə qoy təqdis olunum, / nurlanım, ey Xudavənd, qoy xilas olunum, / qəbul edib Əqdəs Sirlərini, / ey rəhmli Vəlinemət, Sənin, // Atanın və Ruhun qoy evi olum.

Xilasın sevincinə qaytar məni, / nəciblik Ruhu ilə gücləndir məni.

Vücudunla dəyərli Qanın / qoy mənə alov və nur olsun, / günahlarımın kökünü alışdırsın, / ehtirasların tikanlarını yandırsın, / bütövlüyümə nur versin / Sənin, ey Xilaskarım, İlahiliyinə səcdə edim deyə.

Ey Allahın Əqdəs Validəsi, dualarınla bizi xilas eylə.

Allah Vücud aldı təmiz qanından, ey Mələkə, / beləliklə, nəsillər Səni tərənnüm edir, / mələklərin orduları Səni mədh edir, / çünki bəşər təbiətində gələn // hamının Rəbbini bizə göstərdin.

Düzgündür vəsf etmək Səni, / Əbədi bəxtiyar Məryəmi, / Xilqətin ən Pakizəsini, / Allahımızın Validəsini. / Ucaldırıq biz Səni – / Keruvlardan daha hörmətlini, / Seraflardan hədsiz izzətlini, / Allahın Kəlamını bakirəlikdə tövlid edəni, // Allahın həqiqi Validəsini.

Müqəddəs Allah, Müqəddəs Qüdrətli, Müqəddəs Ölməz, bizə rəhm eylə. (3 dəfə oxuyub, özünə xaç rəmzi çək və təzim et)

Həmd olsun Ata, Oğul və Müqəddəs Ruha indi, hər zaman və sonsuza qədər. Amin.

Ey Əqdəs Üçlük, bizə rəhm eylə. Ya Rəbb, bizi günahlarımızdan islah eylə, ey Pərvərdigar, təqsirlərimizi bağışla, ey Qutsal Olan, İsmin naminə bizi ziyarət eylə və azarlarımıza şəfa ver.

Ya Rəbb, rəhm eylə. (3 dəfə)

Həmd olsun Ata, Oğul və Müqəddəs Ruha indi, hər zaman və sonsuza qədər. Amin.

Ey Səmavi Atamız! İsmin müqəddəs tutulsun, Padşahlığın gəlsin, Səmada olduğu kimi yerdə də Sənin iradən olsun. Gündəlik çörəyimizi bizə bu gün ver. Bizə borclu olanları bağışladığımız kimi, bizim də borclarımızı bağışla. Bizi sınağa çəkmə, lakin bizi şərdən xilas eylə.

Tövbə troparları, 6-cı səs

Rəhm eylə, ya Rəbb, rəhm eylə, / çünki yoxdur bəraət bizə, / səslənir müqəssirlər Sənə, / ey Pərvərdigar: “Bizə rəhm eylə!”

Həmd olsun Ata, Oğul və Müqəddəs Ruha.

Ya Rəbb, bizə rəhm eylə, / qəzəblənmə, güvənirik Sənə, / təqsirlərimizi salma yada, / lakin mərhəmətlə nəzər sal bizə, / düşmənlərimizdən bizi xilas eylə. / Çünki Sən Allahımızsan, biz isə xalqınıq Sənin, / hamımız Sənin Əlinin xilqətiyik və İsmini çağırırıq.

İndi və hər zaman və sonsuza qədər. Amin.

Rəhmin qapılarını aç bizə, / ey Allahın mübarək Validəsi, / Sənə güvənib ölməyək, / lakin Öz şəfaətinlə / hər fəlakətdən xilas et bizi, / çünki Sənsən məsihi xalqın xilası.

Ya Rəbb, rəhm eylə. (40 dəfə)

Dualar

1-ci dua. Müq. Qeysəriyyəli Vasilinin duası

Pərvərdigara, Allahımız Rəbb İsa Məsih, həyatın və ölməzliyin Mənbəyi, görünən və görünməyən hər şeyin Xaliqi, əbədi Atanın əbədi Oğlu! Biz naşükür və cahil bəndələr üçün böyük mərhəmətinə görə axır zamanda Vücud aldın, Çarmıxa çəkildin və dəfn olundun və günahla pozulmuş təbiətimizi Öz Qanınla yenilədin.

Sən ey Ölməz Padşah, mən günahkarın tövbəsini qəbul eylə, Qulağını mənə tərəf çevir, sözlərimi dinlə. Günah etdim, ya Rəbb, Səmaya və Sənə qarşı günah etdim, gözlərimi İzzətinin ucalığına qaldırmağa layiq deyiləm, çünki ehkamlarını pozub və əmrlərinə riayət etməyib Sənin rəhminə həqarət etdim.

Lakin Sən, ey kin-küdurəti olmayan, rəhmi geniş, səbri hədsiz Rəbbim, Sənə tərəf dönməyimi səbirlə gözləyərək, qoymadın təqsirlərimə görə məhv olum. Çünki Sən, ey İnsansevər, Yezekel peyğəmbər vasitəsi ilə dedin: «Mən günahkarın ölümünü yox, onun öz yolundan dönməsini və yaşamasını istəyirəm».

Sən, Pərvərdigara, əllərinin yaratdığının məhv olmasını və insanların ölməsini yox, hər kəsin xilas olmasını və həqiqəti dərk etməsini istəyirsən. Beləliklə, günahlarıma təslim olub, şər ehtirasların əsiri olub, nə səmaya, nə yerə, nə də bu gəldi-gedər həyata layiq oldum, Sənin surətini təhrif etdim, lakin xilqətin olaraq mən, biçarə bəndən, xilas olacağıma ümidimi kəsmirəm və Sənin rəhminə cəsarətlə tapınıram.

Sən isə, ey Məsih, İncildə yazıldığı kimi fahişəni, oğrunu, vergiyığanı, itmiş oğulu qəbul etdiyin kimi, məni də qəbul eylə, ey lütfkar Rəbb və ağır yüküm olan günahlarımı da məndən al, çünki Sən dünyanın günahını üzərinə götürən, xəstə insanlara şəfa verən, yorğunları və yükləri ağır olanları çağıran və onlara rahatlıq verənsən; Sən salehləri yox, günahkarları tövbəyə səsləməyə gəldin. Məni cismani və ruhani natəmizlikdən təmizlə, həyatımı Sənə ehtiramla və müqəddəslikdə keçirməyi öyrət ki, vicdanımın təmiz şəhadəti ilə, Qüdsiyyətlərinin hissəsini qəbul edərək, müqəddəs Vücuduna və Qanına şərik olaraq, Sənin, Atanın və Müqəddəs Ruhun məbədi olum.

Ey Allahım Rəbb İsa Məsih, qoy mühakimə olunmadan pak və Həyatverən Sirlərinə şərik olum. Ruhumun, bədənimin xəstəliyinə səbəb olmasın Sənin Sirlərinə nalayiq şərikliyim. Lakin son nəfəsimə qədər Qüdsiyyətlərinə təqsirsiz şərik olmağımı nəsib eylə ki, bu şərikliyim müqəddəs Ruha şəriklik olsun, əbədi həyata aparan qidam olsun, Axirət Kürsüsü qarşısında bəraətim olsun ki, seçilmişlərin üçün hazırladığın əbədi nemətlərinin varisi olum, ey Səni sevənlərdə sonsuza qədər izzətlənən Rəbbim. Amin.

2-ci dua. Müq. Fəsahətli Yəhyanın duası

Ya Rəbb Allahım, hazır və layiq deyiləm ki, Sən ruhumun məbədinə daxil olasan, çünki o dağılıb viran qaldı, Sənə başını söykəməyə belə layiq yer yoxdur məndə.

Lakin necə ki bizə görə Səmadan endin, mənim miskinliyimə qədər en. Necə ki Sən mağarada şüursuz heyvanların axurunda yatmağa qərar verdin, mənim natəmiz  bədənimə və şüursuz ruhumun axuruna da daxil ol. Necə ki cüzamlı Şimonun evində şam yeməyini günahkarlarla bölməkdən çəkinmədin, miskin, cüzamlı və günahkar ruhumun evinə də daxil ol. Necə ki Sənin yanına gələn, Sənə toxunan günahkar fahişəni qovmadın, Sənə yaxınlaşan və Sənə toxunan mən günahkara da rəhm eylə. Necə ki o fahişənin Səni öpən natəmiz dodaqlarından çəkinmədin, mənim daha murdar ağzımdan, daha natəmiz dodaqlarımdan, daha çirkli dilimdən çəkinmə.

Lakin yanar kömürə bənzər müqəddəs Vücudun və dəyərli Qanın miskin ruhuma və bədənimə müqəddəslik, nur, şəfa versin, günahlarımın yükünü azaltsın, şeytanın əməllərindən qorusun, bütün vicdansız və şər hərəkətlərimi məndən uzaq etsin və məhv etsin, ehtiraslarımı cilovlasın, əmrlərinə riayət etməyimə kömək etsin, Sənin müqəddəs lütfünü daxilimdə artırsın ki, Sənin Padşahlığını miras alım.

Çünki öz gücümə yox, Sənin, ya Məsih Allah, təsvirəgəlməz rəhminə güvənərək Sənə yaxınlaşıram ki, şərikliyindən uzaq olduğum zaman, ruhani canavar tərəfindən parçalanmayım. Beləliklə, Sənə yalvarıram, ey Əqdəs olan Pərvərdigar, ruhumu-bədənimi, əqlimi-qəlbimi, düşüncələrimi-daxilimi təqdis eylə, məni bütövlüklə yenilə, Allah qorxusunu ək üzvlərimə və Sənin müqəddəsliyini məndə silinməz eylə.

Sənin Pakizə Validənin, mələklərin, səmavi orduların və dünya yaranandan bəri bütün müqəddəslərin şəfaəti ilə Yardımçım və Müdafiəçim ol mənim, hüzur yolu göstər ömrümə, layiq eylə Sənin sağında durum, bütün müqəddəslərlə birlikdə. Amin.

3-cü dua. Metafrast Simeonun duası

Ey paklıqda tək olan Rəbbimiz İsa Məsih, Sən təsvirəgəlməz rəhminə və insansevərliyinə görə Allahın Ruhunun enməyi və əbədi Atanın xoş məramı ilə Səni fövqəltəbii şəkildə bətninə alan Məryəmin günahsız və bakirə qanından bizim mürəkkəb təbiətimizə büründün, Sən, ey Allahın Hikməti, Barışı və Qüdrəti!

Bəşər olub Sən həyatverici və xilasedici əzabları — çarmıxı, mismarları, nizəni və nəhayət, ölümü qəbul etdin. Belə ki, mənim ruhumu məhv edən şəhvətimi də öldür. Dəfninlə əsir etdin cəhənnəmin padşahlığını, xoş fikirlərin vasitəsi ilə fitnələrimi dəfn eylə və şər ruhları məhv eylə. Üçüncü gün həyat verən Dirilmən ilə Sən Cənnətdən qovulan Adəmi yenidən yüksəltdin, indi də günaha məğlub olmuş məni tövbə yoluna yönəldərək qaldır.

Bizdən cisim alıb onu şanlı Meracınla ilahiləşdirdin və onu Atanın sağında oturdaraq, şərəfləndirdin. Sirlərinə şərikliklə məni də Sənin sağında əyləşən xilasın varislərindən eylə. Təsəlliverən Ruhun enməsi ilə müqəddəs şagirdlərini cəvahir mücrülərinə çevirdin, məni də Onun məkanı olmağa layiq eylə.

Sən dünyanı ədalətlə mühakimə etmək üçün yenidən gələcəksən, mənə nəsib eylə ki, müqəddəslərinlə birlikdə Səni, Səmadan gələn Hakimi və Xaliqi qarşılayım və Səni, əbədi Atanı və müqəddəs, lütfkar və Həyatverən Ruhu həmd və tərənnüm edim indi, hər zaman və sonsuza qədər. Amin.

4-cü dua. Müq. Dəməşqli Yəhyanın duası

Pərvərdigara, Allahımız Rəbb İsa Məsih, insanların günahlarını bağışlamaq qüdrətinə yalnız Sən sahibsən. Lütfkar və insansevərsən deyə, şüurlu və şüursuz halda etdiyim bütün günahlarımdan keç.

Məni layiq et ki, müqəddəs, əzəmətli, pak, həyatverən Sirlərinə şərikliyim mühakiməyə, cəzalanmağa, günahlarımın çoxalmağına yox, paklanmağıma, müqəddəslənməyimə, əbədi həyatın və Padşahlığın zəmanətinə, müdafiəmə, köməyimə, ruhani düşmənlərimin məhv olunmasına və bütün günahlarımın silinməsinə səbəb olsun.

Çünki Sən rəhmin, lütfün və insansevərliyin Allahısan — Səni, Atanı və Müqəddəs Ruhu izzətləndiririk, indi, hər zaman və sonsuza qədər. Amin.

5-ci dua. Müq. Qeysəriyyəli Vasilinin duası

Bilirəm ki, ya Rəbb, əqdəs Vücuduna və Qanına şərik olmağa layiq deyiləm, günahkaram mən, ey Allahım Məsih, Vücudunu və Qanını dərk etmədən yeyib-içib üzərimə mühakimə gətirirəm. Lakin cəsarətlə Sənin mərhəmətinə güvənərək, “Mənim Vücudumu qəbul edən və Qanımı içən Məndə yaşayır, Mən isə Onda yaşayıram”, — deyən Sənə yaxınlaşıram. Mərhəmət eylə, ya Rəbb və mən günahkarı məzəmmət eyləmə, mənimlə rəhminə görə rəftar eylə.

Bu Müqəddəs Ənamlar məzəmmətə və mühakiməyə yox, şəfama, paklanmağıma, nurlanmağıma səbəb olsun, xilasım, ruhumun və bədənimin təqdisi üçün olsun, boş xəyallardan və şər işlərdən azad olmağıma, üzvlərimdə gözə görünmədən əməl edən şeytanın qovulmasına səbəb olsun, Sənə qarşı cəsarətli olmağıma və Səni sevməyimə səbəb olsun, həyatımın düzəlməsinə və təhlükəsizliyimə olsun, yaxşılıqda və kamillikdə böyüməyim üçün olsun, əmrlərini yerinə yetirməyimə və Müqəddəs Ruha şərikliyimə səbəb olsun, əbədi həyatın yolu olsun, Axirət Kürsüsü qarşısında isə bəraətim olsun.

6-cı dua. Müq. Fəsahətli Yəhyanın duası

Ey Allahım, Sənin hüzurunda sözümlə, əməlimlə, fikrimlə, könüllü və könülsüz, şüurlu və şüursuz halda etdiyim günahlarımdan keç və mənə Öz mərhəmətinə və insansevərliyinə görə hər şeyi bağışla. Sənin Pakizə Validənin, xidmətində duran mələklərin, müqəddəs orduların və dünya yaranandan bəri Səni razı salan bütün müqəddəslərin şəfaəti ilə məni layiq et ki, mühakimə olunmadan Sənin Əqdəs Vücuduna və Qanına şərik olum, ruhum və bədənim şəfalansın, şər əməl və niyyətlərdən azad olunum. Çünki Sənin, Atanın və Müqəddəs Ruhundur Padşahlıq, Qüdrət və İzzət, indi, hər zaman və sonsuza qədər. Amin.

7-ci dua. Müq. Fəsahətli Yəhyanın duası

Ya Rəbb Pərvərdigar, mən layiq deyiləm ki, Sən ruhumun məbədinə daxil olasan, lakin cəsarətlə yaxınlaşıram Sənə, çünki insansevərliyinə görə Özün daxilimdə yaşamaq istəyirsən. Əmr edirsən və mən yaratdığın bu qapıları (dodaqlarımı) açıram ki, Sən insansevərliyinlə daxil olasan və zülmətdə olan zehnimi nurlandırasan. Sənin bunu edəcəyinə iman edirəm, çünki yanına göz yaşları ilə gələn fahişəni qovmadın, tövbə edən vergiyığandan çəkinmədin, Səni Padşah kimi iqrar edən oğrudan Üzünü döndərmədin, keçmişdə təqibçi olan və tövbə edən Pauldan yeni insan yaratdın, tövbə ilə Sənə yaxınlaşan hər kəslə dostlaşdın — beləliklə, həmdə tək Sən layiqsən, indi, hər zaman və sonsuza qədər. Amin.

8-ci dua. Müq. Fəsahətli Yəhyanın duası

Ey Allahım, Rəbb İsa Məsih, gəncliyimdən bu ana qədər şüurlu və şüursuz halda, sözümlə, əməlimlə, fikrimlə, niyyətimlə və istəklərimlə, meyillərimlə və bütün hisslərimlə etdiyim bütün səhvlərimi, günahlarımı, təqsirlərimi bağışla, təmizlə və rəhm eylə mən günahkara, bəraət ver mən layiqsiz və faydasız bəndənə.

Sarsılmaz ümidimiz, Önündə vəsatətçimiz olan Pakizə Validənin, bakirəlikdə Səni dünyaya gətirən əbədibakirə Məryəmin şəfaəti ilə qoy Əqdəs və həyatverən Sirlərinə şərikliyim mühakiməmə yox, günahlarımın təmizlənməsinə, əbədi həyat almağıma, müqəddəslənməyimə, nurlanmağıma, qüvvətlənməyimə, ruhumun və bədənimin şəfasına səbəb olsun və pis düşüncələri, niyyətləri, fikirləri, şər ruhlardan gələn gecə xəyallarımı tamamilə məhv etsin.

Çünki Sənin, Atanın və Müqəddəs Ruhundur Padşahlıq, Qüdrət, İzzət, ehtiram və səcdə; indi, hər zaman və sonsuza qədər. Amin.

9-cu dua. Müq. Dəməşqli Yəhyanın duası

Sənin məbədinin qapısında dayanıram, şər fikirlərdən isə əl çəkmirəm. Lakin Sən, ey Məsih Allah, vergiyığana bəraət verdin, kənanlı qadına rəhm göstərdin, oğruya cənnətin qapılarını açdın, mənim də önümdə insansevər Qəlbini aç. Fahişəni və qanaxması kəsilməyən bir qadını qəbul etdiyin kimi, Sənə yaxınlaşan məni də qəbul eylə: çünki qadınların birisi Sənin paltarının qotazına toxundu və dərhal şəfa tapdı, digəri isə Sənin pak ayaqlarını qucaqladı və günahlarından xilas olundu. Mən biçarə isə bütün Vücudunu qəbul etməyə cəsarət edirəm; yandırma məni, o iki qadını qəbul etdiyin kimi, məni də qəbul eylə, bakirəlikdə Səni dünyaya gətirən Məryəmin və səmavi orduların şəfaəti ilə nur ver ruhuma və günahlarımın siyahısını yandır, çünki həmdə layiqsən sonsuza qədər. Amin.

10-cu dua. Müq. Fəsahətli Yəhyanın duası

İman edirəm, ya Rəbb və iqrar edirəm ki, Sən həqiqətən Var Olan Allahın Oğlu Məsihsən, günahkarları xilas etmək üçün dünyaya gəldin və o günahkarlardan ən betəri mənəm. Bir də iman edirəm ki, bu önümüzdəki əqdəs Vücudundur, bu isə dəyərli Qanındır. Yalvarıram Sənə, könüllü və könülsüz, sözdə və əməldə, şüurlu və ya şüursuz halda nə günah etmişəmsə, mənə rəhm eylə və bağışla məni. Günahlarımın bağışlanmasını və əbədi həyatı almaq üçün mühakimə olunmadan müqəddəs Sirlərinə şərik olmağa məni layiq eylə. Amin.

Sonuncu dualar

Budur, ilahi şərikliyə yaxınlaşıram. / Ey Yaradan, buna görə məni yandırma, / çünki Sən layiqsizləri məhv edən atəşsən,/ lakin hər ləkədən təmizlə məni.

6-сı səs: Məni bu gün Sirli Şam Süfrəsinin qonağı eylə, / çünki sirrini, ey Allahın Oğlu, açmaram düşmənlərinə, / Yəhuda kimi öpüş vermərəm Sənə, / lakin İncildəki oğru kimi, Səni iqrar edərəm, // “Ya Rəbb, xatırla məni Öz Padşahlığında”.

İlahiləşdirən Qanı görərkən lərzəyə gəl, ey insan, çünki O, şərəfsizləri yandıran Kömürdür. Allahın Vücudu məni ilahiləşdirir və qidalandırır: ruhumu ilahiləşdirir, zehnimi isə gizlicə qidalandırır.

Ya Məsih, məni məhəbbətinlə cəzb eylədin və Sənin ilahi meylinlə məni dəyişdirdin, odur ki günahlarımı müqəddəs odunda yandır. Ey Lütfkar, Səndə olan o zövq ilə qəlbimi elə doldur ki, hər iki Zühurunu həmdlər ilə ucaldım.

Mən layiq olmadığım halda müqəddəslərin dəstəsinə necə daxil olum? Əgər toy çadırına girməyə cürət etsəm, geyimim məni ifşa edəcək və o zaman mələklər mənim qollarımı bağlayıb qovacaqlar, çünki əynimdəki bayram libası deyil. Ya Rəbb, insansevərlik göstərərək qəlbimi ləkələrdən təmizlə və məni xilas eylə.

Ey İnsansevər Pərvərdigar Rəbb İsa Məsih, ey Allahım, layiq olmadığıma görə bu Qüdsiyyət məni məhkəməyə çəkməsin. Əksinə, ruhumun və bədənimin təmizlənməsinə, müqəddəsləşməsinə səbəb olsun, gələcək həyatın və Səmavi Padşahlığın zəmanəti olsun. Mənim üçün Allaha qovuşmaq bir nemətdir, Rəbbə xilas ümidimi bağlamaq xoşdur.

İLAHİ LİTURGİYANIN MƏTNİ

Dyakon: Xeyir-dua ver, ya həzrət.

Keşiş: Mübarəkdir Atanın, Oğulun və Müqəddəs Ruhun Padşahlığı, indi, hər zaman və sonsuza qədər.

Xor:Amin.

Böyük yekteniya

Dyakon: Hüzur içində Rəbbə dua edək!

Xor: Ya Rəbb, rəhm eylə.

Dyakon: Səmavi hüzur və canımızın xilası üçün Rəbbə dua edək.

Xor: Ya Rəbb, rəhm eylə.

Dyakon: Dünyada sülh üçün, Allahın Müqəddəs Kilsələrinin sabitliyi və birliyi üçün Rəbbə dua edək!

Xor: Ya Rəbb, rəhm eylə.

Dyakon: Bu müqəddəs məbəd üçün, ona imanla, ehtiramla və Allah qorxusu ilə daxil olanlar üçün Rəbbə dua edək!

Xor: Ya Rəbb, rəhm eylə.

Dyakon: Möhtərəmatamız Patriarx Kiril üçün və möhtərəm arxiyepiskopumuz Feofilakt üçün, möhtərəm presviterlər, Məsihdə dyakonlar, xadimlər və bütün cəmiyyət üçün Rəbbə dua edək!

Xor: Ya Rəbb, rəhm eylə.

Dyakon: Vətənimiz, onun hakimiyyəti və ordusu üçün Rəbbə dua edək!

Xor:Ya Rəbb, rəhm eylə.

Dyakon: Şəhərimiz (kəndimiz) üçün, bütün şəhərlər və ölkələr, onlarda imanla yaşayan bütün insanlar üçün Rəbbə dua edək!

Xor:Ya Rəbb, rəhm eylə.

Dyakon: Münasib hava, torpaqlarımızın bərəkətli olması və əmin-amanlıq dövrü üçün Rəbbə dua edək!

Xor: Ya Rəbb, rəhm eylə.

Dyakon: Səyyahlar, xəstələr, əziyyət çəkənlər, əsirlər üçün və onların xilası üçün Rəbbə dua edək!

Xor:Ya Rəbb, rəhm eylə.

Dyakon: Bütün əziyyətlərdən, qəzəbdən və məcburiyyətdən xilas olmaq üçün Rəbbə dua edək!

Xor:Ya Rəbb, rəhm eylə.

Dyakon: Ya Allah, lütfünlə bizə kömək eylə, xilas eylə, rəhm eylə, müdafiə eylə!

Xor: Ya Rəbb, rəhm eylə.

Dyakon: Əqdəs, pakizə, mübarək, şanlı Mələkəmizi, Allahın Validəsi və əbədibakirə Məryəmi və bütün müqəddəsləri yad edərək özümüzü və bir-birimizi, bütün ömrümüzü Məsih Allaha həsr edək!

Xor: Sənə, ya Rəbb.

Keşiş: Çünki Sənə aiddir hər izzət, hörmət və ibadət — Ataya, Oğula və Müqəddəs Ruha — indi, hər zaman və sonsuza qədər.

Xor: Amin.

1-ci antifon (102-ci (103-cü) məzmur)

Rəbbə tərənnüm söylə, ey qəlbim. /

Ya Rəbb, tərənnüm edirəm Səni! /

Rəbbə tərənnüm söylə, ey qəlbim, /

Onun müqəddəs isminə, ey daxili aləmim. /

Rəbbə tərənnüm söylə, ey qəlbim, /

Unutma Onun nemətlərini. /

Bütün günahlarını O təmizləyir, /

Bütün mərəzlərinə O şəfa verir. /

Mehribandır Rəbb, mərhəmətlidir, /

Hədsiz səbirli, sonsuz rəhmlidir. /

Rəbbə tərənnüm söylə, ey qəlbim, /

Onun müqəddəs isminə, ey daxili aləmim! //

Ya Rəbb, tərənnüm edirəm Səni!

Kiçik yekteniya

Dyakon: Yenə və yenə hüzur içində Rəbbə dua edək!

Xor: Ya Rəbb, rəhm eylə.

Dyakon: Ya Allah, lütfünlə bizə kömək eylə, xilas eylə, rəhm eylə, müdafiə eylə!

Xor: Ya Rəbb, rəhm eylə.

Dyakon: Əqdəs, pakizə, mübarək, şanlı Mələkəmizi, Allahın Validəsi və əbədibakirə Məryəmi, bütün müqəddəsləri yad edərək özümüzü və bir-birimizi, bütün ömrümüzü Məsih Allaha həsr edək!

Xor:Sənə, ya Rəbb.

Keşiş: Çünki Sənə aiddir qüvvət, padşahlıq, qüdrət və izzət — Ataya, Oğula və müqəddəs Ruha — indi, hər zaman və sonsuza qədər.

Xor: Amin.

2-ci antifon (145-ci (146-cı) məzmur)

Ey ruhum, Rəbbə həmd eylə! /

Ömür boyu Rəbbə həmdlər söyləyəcəyəm, /

Nə qədər ki varam, Allahı tərənnüm edəcəyəm! /

Şahzadəyə, insan övladına güvənməyin, /

Ondan heç vaxt xilas gözləməyin. /

Qayıdır yarandığı torpağa ruhu çıxan kimi, /

O zaman yox olacaq onun niyyətləri. /

Nə bəxtiyardır Yaqubun Allahından kömək alan, /

Allahı Rəbbə ümidini bağlayan insan! /

Rəbb səmanı, yeri, dənizi yaratdı /

Və bunlarda yaşayanları xəlq etdi. /

O, əbədiyyən sadiq qalır. /

O, miskinlərə ədalət göstərir, /

O, aclara çörək verir. /

Rəbb əsirləri azad edir, /

Rəbb korların gözlərini açır. /

Rəbb əyilənləri qaldırır, /

Rəbb salehləri sevir. /

Rəbb qəribləri müdafiə edir, /

Yetimlə dul qadının əlindən tutur, /

Pislərinsə yollarını alt-üst edir. /

Rəbbin, ey Sion, əbədiyyən hökm verir, //

Allahın nəsillər boyu padşahlıq edir!

Həmd olsun Ata, Oğul və Müqəddəs Ruha indi, hər zaman və sonsuza qədər. Amin.

Rəbb İsaya nəğmə

Ey Allahın Vahid Oğlu və Ölməz Kəlamı! Müqəddəs Validən, əbədibakirə Məryəmdən xilasımız üçün vücud aldın — ilahiliyini tərk etmədən İnsan oldun, Çarmıxa çəkildin, ey Məsih Allah, ölümün ilə ölümü məğlub etdin. Ata və Müqəddəs Ruh ilə birlikdə həmd Edilən Sən, ey Əqdəs Üçlükdən Biri, bizi xilas eylə.

Kiçik yekteniya

Dyakon: Yenə və yenə hüzur içində Rəbbə dua edək!

Xor: Ya Rəbb, rəhm eylə.

Dyakon: Ya Allah, lütfünlə bizə kömək eylə, xilas eylə, rəhm eylə, müdafiə eylə!

Xor: Ya Rəbb, rəhm eylə.

Dyakon: Əqdəs, pakizə, mübarək, şanlı Mələkəmizi, Allahın Validəsi və əbədibakirə Məryəmi və bütün müqəddəsləri yad edərək özümüzü və bir-birimizi, bütün ömrümüzü Məsih Allaha həsr edək!

Xor: Sənə, ya Rəbb.

Keşiş: Çünki Sənə aiddir qüvvət, padşahlıq, qüdrət və izzət — Ataya, Oğula və Müqəddəs Ruha — indi, hər zaman və sonsuza qədər.

Xor: Amin.

Bəxtiyarlıq əmrləri

Öz padşahlığına gələndə, ya Rəbb, bizi xatırla.

Nə bəxtiyardır ruhən yoxsullar! / Çünki onlarındır Səmavi Padşahlıq.

Nə bəxtiyardır yaslı olanlar! / Çünki onlar təsəlli tapacaqlar.

Nə bəxtiyardır həlim olanlar! / Çünki onlar yer üzünü irs alacaqlar.

Nə bəxtiyardır salehliyə acıb-susayanlar! / Çünki onlar doyacaqlar.

Nə bəxtiyardır mərhəmətli olanlar! / Çünki onlara mərhəmət ediləcək.

Nə bəxtiyardır ürəyi təmiz olanlar! / Çünki onlar Allahı görəcəklər.

Nə bəxtiyardır sülh yaradanlar! / Çünki onlar Allahın övladları adlanacaqlar.

Nə bəxtiyardır salehlik uğrunda təqib edilənlər! / Çünki onlarındır Səmavi Padşahlıq.

Nə bəxtiyarsınız sizi insanlar Mənə görə / təhqir edib təqib edəndə, / yalan söyləyib hər cür böhtan atanda sizə.

Sevinin və şadlanın! / Çünki Səmada böyük bir əvəz veriləcək sizə.

İncillə daxil olma

Dyakon: Budur hikmət. Ehtiramla dayanaq.

Xor: Gəlin səcdə edək Məsihə. Ey ölülərdən Dirilən Allahın Oğlu, xilas eylə bizi – «HalleluYah» nəğməsini Sənə söyləyənləri.

Troparlar və kondaklar

Dyakon: Rəbbə dua edək!

Xor: Ya Rəbb, rəhm eylə.

Keşiş: Çünki müqəddəssən, ey Allahımız, buna görə Sənə həmd edirik, indi və hər zaman.

Dyakon: Və sonsuza qədər.

Xor: Amin.

«Üç müqəddəs» nəğməsi

Xor: Müqəddəs Allah, Müqəddəs Qüdrətli, Müqəddəs Ölməz, bizə rəhm eylə. (3 dəfə)

Həmd olsun Ata, Oğul və Müqəddəs Ruha indi, hər zaman və sonsuza qədər. Amin.

Müqəddəs Ölməz, bizə rəhm eylə.

Müqəddəs Allah, Müqəddəs Qüdrətli, Müqəddəs Ölməz, bizə rəhm eylə.

Dyakon: Gəlin dinləyək.

Keşiş: Allahın Salamı sizinlə olsun.

Xor: Və Sənin ruhunla.

Prokimenlər uca səslə oxunur. Bundan sonra oxucu Həvarilərin yazılarını oxuyur.

Oxuyandan sonra xor “HalleluYah” nəğməsi oxuyur.

Dyakon:Müqəddəs həvari və müjdəçi Mattanın (Markın, Lukanın, Yəhyanın) nəql etdiyi İncili qiraət edənə xeyir-dua ver, ya Həzrət.

Keşiş: Müqəddəs, şərəfli və tərifəlayiq həvari və müjdəçi Mattanın (Markın, Lukanın, Yəhyanın) şəfaəti ilə Allah sənə — İncili qiraət edənə — Öz sevimli Oğlunun, Rəbbimiz İsa Məsihin Müjdəsini yerinə yetirmək üçün qüvvə versin!

Dyakon: Amin.

Keşiş: Budur hikmət. Ehtiramla dayanaq. Gəlin Müqəddəs İncili dinləyək.

Allahın Salamı sizinlə olsun.

Xor: Və sənin ruhunla.

Dyakon: Mattanın (Markın, Lukanın, Yəhyanın) nəql etdiyi İncilin qiraəti.

Xor: Həmd olsun, ya Rəbb, həmd olsun Sənə.

Dyakon: Gəlin dinləyək.

İncil oxunur

Oxunandan sonra:

Xor: Həmd olsun, ya Rəbb, həmd olsun Sənə.

Şövqlü yekteniya

Dyakon: Gəlin bütün varlığımızla, bütün zehnimizlə belə dua edək!

Xor: Ya Rəbb, rəhm eylə!

Dyakon: Ey Külli-İxtiyar Rəbb, atalarımızın Allahı, yalvarırıq Sənə, dinlə və rəhm eylə!

Xor: Ya Rəbb, rəhm eylə!

Dyakon: Sonsuz rəhminə görə, ya Allah, bizə rəhm eylə, yalvarırıq Sənə, dinlə və rəhm eylə!

Xor: Ya Rəbb, rəhm eylə. (3 dəfə)

Dyakon: Və möhtərəm atamız Patriarx Kiril üçün və möhtərəm arxiyepiskopumuz Feofilakt üçün və Məsihdə qardaşlar üçün Rəbbə dua edək!

Xor: Ya Rəbb, rəhm eylə. (3 dəfə)

Dyakon: Vəmöminlik və ləyaqətlə sakit və rahat ömür sürək deyə Vətənimiz, onun hakimiyyəti və ordusu üçün Rəbbə dua edək!

Xor: Ya Rəbb, rəhm eylə. (3 dəfə)

Dyakon: Və bu müqəddəs məbədin bəxtiyar və xatirəsi əbədi olan baniləri üçün, burada və dünyanın hər yerində vəfat etmiş ata-analarımız, bacı-qardaşlarımız üçün Rəbbə dua edək!

Xor: Ya Rəbb, rəhm eylə. (3 dəfə)

Dyakon: Və bu müqəddəs məbədin icması, Allahın bəndələri olan bacı-qardaşlara mərhəmət, həyat, hüzur, xilas, qayğı, günahların bağışlanması verilsin deyə Rəbbə dua edək!

Xor: Ya Rəbb, rəhm eylə. (3 dəfə)

Dyakon: Və bu müqəddəs və dəyərli məbədə əməyinin bəhrəsini gətirənlər üçün, xeyriyyəçilər, zəhmət çəkənlər, tərənnümçülər, Allahın hüzurunda duranlar üçün, Onun böyük və tükənməz mərhəmətini gözləyən bütün insanlar üçün Rəbbə dua edək!

Xor: Ya Rəbb, rəhm eylə. (3 dəfə)

Keşiş: Çünki Sən mərhəmətli və insansevər Allahımızsan, buna görə Sənə — Ataya, Oğula və Müqəddəs Ruha — həmd edirik, indi, hər zaman və sonsuza qədər.

Xor: Amin.

Şövqlü yekteniyadan sonra digər yekteniyalar oxuna bilər.

Keruvlar nəğməsi

Xor: Gəlin sirli halda Keruvlara bənzəyərək, / üçlü-əqdəs nəğmə ilə həyatverən / Üçlüyü tərənnüm edərək / azad olaq həyatın hər qayğısından…

Ənamlarla daxil olma

Dyakon: Möhtərəm atamız Patriarx Kirili və möhtərəm arxiyepiskop Feofilaktı Rəbb Allah Öz Padşahlığında yad eyləsin, indi, hər zaman və sonsuza qədər.

Keşiş: Sizi və bütün Haqq-İqrar məsihiləri Rəbb Allah Öz padşahlığında yad eyləsin, indi, hər zaman və sonsuza qədər.

Xor: Amin.

Və gözəgörünməz mələklər ordusu ilə müşayiət Olunan / aləmlərin Padşahını qəbul edək: // HalleluYah, HalleluYah, HalleluYah.

Xahiş yekteniyası

Dyakon: Rəbbə aid olan duamızı tamam edək!

Xor: Ya Rəbb, rəhm eylə.

Dyakon: Təqdim olunan dəyərli Ənamlar üçün Rəbbə dua edək!

Xor: Ya Rəbb, rəhm eylə.

Dyakon: Bu müqəddəs məbəd üçün, ona imanla, ehtiramla və Allah qorxusu ilə daxil olanlar üçün Rəbbə dua edək!

Xor: Ya Rəbb, rəhm eylə.

Dyakon: Bütün əziyyətlərdən, qəzəbdən və məcburiyyətdən xilas olmaq üçün Rəbbə dua edək!

Xor: Ya Rəbb, rəhm eylə.

Dyakon:Ya Allah, lütfünlə bizə kömək eylə, xilas eylə, rəhm eylə, müdafiə eylə!

Xor: Ya Rəbb, rəhm eylə.

Dyakon: Günün kamil, müqəddəs, hüzur içində, günahsız olmasını Rəbdən diləyək!

Xor: Ya Rəbb, bəxş eylə.

Dyakon: İman bələdçimiz, ruhumuzu və bədənimizi mühafizə edən barış Mələyini Rəbdən diləyək!

Xor: Ya Rəbb, bəxş eylə.

Dyakon: Günahdan azad olmağımızı və təqsirdən bağışlanmağımızı Rəbdən diləyək!

Xor: Ya Rəbb, bəxş eylə.

Dyakon:Həyatımız üçün xeyirli və faydalı olanı və dünyada sülhü Rəbdən diləyək!

Xor: Ya Rəbb, bəxş eylə.

Dyakon: Ömrümüzün qalan günlərinin hüzur içində və tövbə ilə keçməyini Rəbdən diləyək!

Xor: Ya Rəbb, bəxş eylə.

Dyakon: Ömrümüzün əziyyətsiz, qüsursuz, hüzur içində, məsihitək bitməsini və Məsihin Axirət Kürsüsü qarşısında bəraət tapmağımızı Rəbdən diləyək!

Xor:Ya Rəbb, bəxş eylə.

Dyakon: Əqdəs, pakizə, mübarək, şanlı Mələkəmizi, Allahın Validəsi və əbədibakirə Məryəmi və bütün müqəddəsləri yad edərək özümüzü və bir-birimizi, bütün ömrümüzü Məsih Allaha həsr edək!

Xor: Sənə, ya Rəbb.

Keşiş: Səninlə birlikdə mübarək Olan Vahid Oğlunun mərhəməti ilə və müqəddəs, lütfkar, həyatverən Ruhunla, indi, hər zaman və sonsuza qədər.

Xor: Amin.

Keşiş: Allahın Salamı sizinlə olsun.

Xor: Və sənin ruhunla.

Dyakon: Bir-birimizə məhəbbətimizi göstərib həmfikir olaraq dua edək.

Xor: Və Birtəbiətli, Bölünməz Üçlüyü — Ata, Oğul və Müqəddəs Ruhu bir ürəklə iqrar edək.

Dyakon: Qapıları, qapıları diqqətlə seyr edək!

İman şəhadəti

İman edirəm: / bir olan Allaha, Külli-İxtiyar Ataya, / göyü və yeri, görünən və görünməyən hər şeyi Yaradana. /

Və bir olan Rəbb İsa Məsihə, Allahın Vahid Oğluna, / bütün əsrlərdən öncə Atadan Doğulana, / Nurdan Nura, Həqiqi Allahdan Həqiqi Allaha, / Doğulana, Yaradılmayana, Ata ilə təbiəti eyni Olana; / hər şeyin Onun vasitəsilə yarandığına. /

Biz insanlar üçün və bizim xilasımız üçün Səmadan enənə, / Müqəddəs Ruhdan və Bakirə Məryəmdən təcəssüm edənə və bəşər Olana. /

Bizim üçün Ponti Pilat zamanında çarmıxa Çəkilənə, / əzab Çəkənə və Dəfn olunana, /

Və Müqəddəs Yazılara uyğun olaraq üçüncü gün Dirilənə, /

Səmaya merac edənə və Atanın sağında Oturana, /

Dirilərlə ölüləri mühakimə etmək üçün izzətlə yenidən Gələnə, / Onun Padşahlığının sonu olmadığına, /

Və Müqəddəs Ruha, Həyat Mənbəyi Olan Rəbbə, Atadan Gələnə, / Ata və Oğul ilə birlikdə səcdə və həmd edilənə, peyğəmbərlər vasitəsi ilə Danışana. /

Bir Olan Müqəddəs, Ümumdünya və Həvari Kilsəsinə. /

Günahların bağışlanması üçün bir vəftizi iqrar edirəm. /

Ölülərin dirilməsini və gələcək dövrün həyatını gözləyirəm. // Amin.

Şükran Qurbanı duası

Dyakon: Gəlin düz dayanaq!

Allah qorxusu ilə dayanaq!

Gəlin dərrakə ilə Müqəddəs Qurbanı hüzurla təqdim edək!

Xor: Sülhün rəhmini, həmd qurbanını!

Keşiş: Rəbbimiz İsa Məsihin lütfü, Ata Allahın məhəbbəti və Müqəddəs Ruhun şərikliyi sizin hamınızla olsun!

Xor: Və Sənin ruhunla!

Keşiş: Qəlbimizi ucaldaq Səmaya!

Xor: Ucaldırıq Rəbbimizə!

Keşiş: Gəlin Rəbbə şükür edək!

Xor: Ədalətli və doğrudur bizim Sənə, Birtəbiətli Bölünməz Üçlüyə — Ata, Oğul və Müqəddəs Ruha etdiyimiz səcdə.

Keşiş: Bu zəfər nəğməsi ilə tərənnüm edirlər, nida edirlər, səslənirlər və söyləyirlər:

Xor: Müqəddəsdir, müqəddəsdir, müqəddəsdir Ordular Rəbbi! Səma və yer doludur əzəmətinlə Sənin. Ucalarda Hosanna. Mübarəkdir Rəbbin ismi ilə gələn. Ucalarda Hosanna.

Keşiş: Alın, yeyin! Bu sizin günahlarınızın bağışlanması üçün bölünən Vücudumdur Mənim.

Xor: Amin.

Keşiş: Bundan hamınız için! Bu sizin və çoxlarının günahlarının bağışlanması üçün axıdılan Yeni Əhd Qanımdır Mənim.

Xor: Amin.

Keşiş: Hər kəs və hər şey üçün Sənin olanı Sənin olanlardan Sənə gətirərək:

Xor: Sənə həmd edirik, Səni tərənnüm edirik, Sənə şükür edirik, ya Rəbb və yalvarırıq Sənə, ey Allahımız!

Keşiş: Xüsusilə əqdəs, pakizə, mübarək, şanlı Mələkəmiz, Allahın Validəsi və əbədibakirə Məryəmin xatirinə…

Xor: Düzgündür vəsf etmək Səni, / Əbədi bəxtiyar Məryəmi, / Xilqətin ən Pakizəsini, / Allahımızın Validəsini. / Ucaldırıq biz Səni – / Keruvlardan daha hörmətlini, / Seraflardan hədsiz izzətlini, / Allahın Kəlamını bakirəlikdə tövlid edəni, // Allahın həqiqi Validəsini.

Keşiş:Möhtərəmatamızı, Moskvanın və bütün Rusiyanın Patriarxı Kirili və möhtərəm arxiyepiskop Feofilaktı hamıdan əvvəl yad eylə, ya Rəbb. Və onları əmin-amanlıqda qoruyub saxla, onlara sağlam və uzun ömür bəxş eylə ki, müqəddəs Kilsələrində həqiqət Sözünü doğruluqla vəz etsinlər.

Xor: Və bütün insanları da yad eylə.

Keşiş: Və bizi layiq elə ki, bir səs və bir ürəklə Sənin — Ata, Oğul və Müqəddəs Ruhun — Əqdəs və Əzəmətli İsmini izzətləndirək və Ona həmd edək, indi, hər zaman və sonsuza qədər.

Xor: Amin.

Keşiş: Uca Allahımız və Xilaskarımız İsa Məsihin rəhmi sizin hamınızla olsun!

Xor: Və Sənin ruhunla!

Xahiş yekteniyası

Dyakon: Bütün müqəddəsləri yad edib yenə və yenə hüzur içində Rəbbə dua edək!

Xor: Ya Rəbb, rəhm eylə.

Dyakon: Qurban gətirilmiş və təqdis olunmuş müqəddəs Ənamlar üçün Rəbbə dua edək!

Xor: Ya Rəbb, rəhm eylə.

Dyakon: İnsansevər Allahımız bu Ənamları müqəddəs, səmadan uca və kamil qurbangahına ruhani ətirtək qəbul edib bizə Öz Lütfünü və Müqəddəs Ruhun nemətini bəxş etsin deyə dua edək!

Xor: Ya Rəbb, rəhm eylə.

Dyakon: Bütün əziyyətlərdən, qəzəbdən, təhlükədən və məcburiyyətdən xilas olmaq üçün Rəbbə dua edək!

Xor: Ya Rəbb, rəhm eylə.

Dyakon: Ya Allah, lütfünlə bizə kömək eylə, xilas eylə, rəhm eylə, müdafiə eylə!

Xor: Ya Rəbb, rəhm eylə.

Dyakon: Günün (axşamın) kamil, müqəddəs, hüzur içində, günahsız olmasını Rəbdən diləyək!

Xor: Ya Rəbb, bəxş eylə.

Dyakon: İman bələdçimiz, ruhumuzu və bədənimizi qoruyan Mələyi Rəbdən diləyək!

Xor: Ya Rəbb, bəxş eylə.

Dyakon: Günahdan azad olmağımızı və təqsirdən bağışlanmağımızı Rəbdən diləyək.

Xor: Ya Rəbb, bəxş eylə.

Dyakon: Həyatımız üçün xoş və xeyirli olanı və dünyada sülhü Rəbdən diləyək!

Xor: Ya Rəbb, bəxş eylə.

Dyakon: Ömrümüzün qalan günlərinin hüzur içində və tövbə ilə keçməyini Rəbdən diləyək!

Xor: Ya Rəbb, bəxş eylə.

Dyakon: Ömrümüzün əziyyətsiz, qüsursuz, hüzur içində, xristian bitməsini və Məsihin Axirət Kürsüsü qarşısında bəraət tapmağımızı Rəbdən diləyək!

Xor: Ya Rəbb, bəxş eylə!

Dyakon: İmanda birliyimizi və Müqəddəs Ruha şərik olmağımızı diləyib özümüzü və bir-birimizi, bütün ömrümüzü Məsih Allaha həsr edək!

Xor: Sənə, ya Rəbb.

Keşiş: Bizi isə, ey Pərvərdigar, cəsarətlə və mühakimə olunmadan Səni, Səmavi Allahı, «Ata» sözü ilə çağırmağa və belə söyləməyə layiq eylə:

Xor: Ey Səmavi Atamız! İsmin müqəddəs tutulsun, Padşahlığın gəlsin, Səmada olduğu kimi yerdə də Sənin iradən olsun. Gündəlik çörəyimizi bizə bu gün ver. Bizə borclu olanları bağışladığımız kimi, bizim də borclarımızı bağışla. Bizi sınağa çəkmə, lakin bizi şərdən xilas eylə.

Keşiş: Çünki Padşahlıq, qüdrət və izzət Sənindir — Atanın, Oğulun və Müqəddəs Ruhun, indi, hər zaman və sonsuza qədər.

Xor: Amin.

Keşiş: Allahın Salamı sizinlə olsun.

Xor: Və Sənin ruhunla.

Dyakon: Başəyin Rəbbin önündə.

Xor:Sənin önündə, ya Rəbb.

Keşiş: Səninlə bərabər mübarək olan Vahid Oğlunun lütfü, mərhəməti və insansevərliyi ilə, əqdəs, lütfkar və həyatverən Ruhun ilə birlikdə, indi, hər zaman və sonsuza qədər.

Xor: Amin.

Dyakon: Gəlin dinləyək.

Keşiş: Müqəddəs Ənamlar Allahın müqəddəs xalqına!

Xor: Bir tək İsa Məsihdir müqəddəs, bir tək Odur Rəbb, Ata Allahın izzəti üçün. Amin.

Həmd edin Rəbbə Səmada, həmd edin Ona ucalarda, HalleluYah, HalleluYah, HalleluYah.

Bu an xadimlər altarda Əqdəs Ənamlara şərik olurlar

Dyakon: Allah qorxusu, iman və məhəbbətlə yaxınlaşın!

Xor: Mübarəkdir Rəbbin ismi ilə Gələn. Rəbb Allahdır, O bizə zühur etdi!

Keşiş: İman edirəm, ya Rəbb və iqrar edirəm ki, Sən həqiqətən Var Olan Allahın Oğlu Məsihsən, günahkarları xilas etmək üçün dünyaya gəldin və o günahkarlardan ən betəri mənəm. Bir də iman edirəm ki, bu önümüzdəki əqdəs Vücudundur, bu isə dəyərli Qanındır. Yalvarıram Sənə, könüllü və könülsüz, sözdə və əməldə, şüurlu və ya şüursuz halda nə günah etmişəmsə mənə rəhm eylə və bağışla məni. Günahlarımın bağışlanmasını və əbədi həyatı almaq üçün mühakimə olunmadan müqəddəs Sirlərinə şərik olmağa məni layiq eylə. Amin.

Xor:Məsihin Vücudunu qəbul edin, dadın Ölməzliyin Mənbəyindən.

Keşiş: Ya Rəbb, xalqını xilas eylə və mirasına xeyir-dua ver.

Xor: Gerçək Nuru gördük, / Səmavi Ruhu qəbul etdik, / haqq imanı bildik, / Bölünməz Üçlüyə səcdə edirik: // çünki O bizi xilas eylədi.

Keşiş: İndi və hər zaman və sonsuza qədər.

Xor: Amin. Cəlalətini mədh etmək üçün / dilimizi həmdlərlə doldur, / çünki Sən, ya Rəbb, / ilahi, əqdəs, ölməz, həyatverən Sirlərinə / bizi şərik olmağa layiq etdin. / Öz müqəddəsliyində bizi bəslə, / gün boyu salehliyini seyr edək. // HalleluYah, HalleluYah, HalleluYah.

Dyakon: Gəlin ehtiramla dayanaq! Məsihin ilahi, əqdəs, təmiz, ölməz, səmavi, həyatverən, heyrətli Sirlərinə şərik olaraq layiqincə Rəbbə şükür edək.

Xor: Ya Rəbb, rəhm eylə.

Ya Allah, lütfünlə bizə kömək eylə, xilas eylə, rəhm eylə, müdafiə eylə!

Xor: Ya Rəbb, rəhm eylə.

Günün kamil, müqəddəs, hüzur içində, günahsız olmasını diləyib özümüzü və bir-birimizi, bütün ömrümüzü Məsih Allaha həsr edək!

Xor: Sənə, ya Rəbb.

Keşiş: Çünki bizi təqdis edən Sənsən, buna görə Sənə — Ataya, Oğula və Müqəddəs Ruha — həmd edirik, indi, hər zaman və sonsuza qədər.

Xor: Amin.

Keşiş: Hüzurla buranı tərk edək.

Xor: Rəbbin ismi ilə!

Keşiş: Rəbbə dua edək.

Xor: Ya Rəbb, rəhm eylə.

Ambonun qabağında oxunan dua

Səni mədh edənlərə bərəkət verirsən, ya Rəbb, Sənə pənah gətirənləri təqdis edirsən; xalqını xilas eylə və xeyir-dua ver misrasına, Kilsə camaatını qoru və Sənin Evinin gözəlliyini sevənləri təqdis eylə, onları Öz İlahi Qüdrətinlə şöhrətləndir və Sənə ümid edən bizi tərk etmə, dünyana, Kilsələrinə, ruhanilərinə, ordularına və bütün xalqına sülh bəxş eylə. Çünki hər nemət və hər kamil ənam Səndən — Səmada Olan nurlar Atasından gəlir, beləliklə Sənə — Ata, Oğul və Müqəddəs Ruha şükür və səcdə olsun indi, hər zaman və sonsuza qədər.

Xor: Amin. Rəbbin ismi mübarək olsun indidən sonsuza qədər. (3 dəfə)

33-cü (34-cü) məzmur

Rəbbi hər an tərənnüm edəcəyəm, /

Onun həmdi hər zaman olacaq dilimdə. /

Ruhum Rəblə fəxr edəcək, /

Məzlumlar bunu eşidib sevinəcək! /

Gəlin birgə Rəbbi ucaldaq, /

Onun İsmini birlikdə yüksəldək. /

Rəbbə yönəldim, O mənə cavab verdi, /

O, hər bir dəhşətdən məni xilas etdi. /

Rəbbə baxanın üzü nur saçacaq, /

O heç zaman xəcalətli olmayacaq. /

Məzlum yalvardı, Rəbb onu eşitdi, /

Bütün əzablarından onu xilas etdi. /

Rəbdən qorxanları Onun mələyi qoruyacaq, /

O mələk onları xilas edəcək. /

Dadın, görün nə şirindir Rəbb, /

Bəxtiyardır Ona pənah gətirən! /

Qorxun Rəbdən, ey Onun müqəddəsləri, /

Ondan qorxan heç nəyə möhtac olmaz. /

Zənginlər kasıb olub aclıq çəkir, /

Rəbbi axtaranların isə //

Heç bir neməti əskik olmaz.

Keşiş: Rəbbin bərəkəti, lütfü və insansevərliyi sizinlə olsun, indi, hər zaman və sonsuza qədər.

Xor: Amin.

Keşiş: Həmd olsun Sənə, Pənahımız Məsih Allah, həmd olsun Sənə!

Xor: Həmd olsun Ata, Oğul və Müqəddəs Ruha indi, hər zaman və sonsuza qədər. Amin. Ya Rəbb, rəhm eylə. (3 dəfə) Xeyir-dua ver.

Keşiş: Ölülərdən dirilən Məsih Haqq Allahımızdır bizim, Öz pakizə Validəsinin, müqəddəs şanlı-şöhrətli Həvarilərin, Konstantinopolisin arxiyepiskopu olan müqəddəs Fəsahətli Yəhya atamızın, müqəddəs (bugünkü müqəddəsin ismi), Məsihin əcdadları olan müqəddəs saleh Yoaqim və Annanın, bütün müqəddəslərin duaları vasitəsi ilə Lütfkar və İnsansevər Allah kimi bizə rəhm etsin və xilas etsin.

Uzun ömür diləyi

Xor: Möhtərəm atamız Patriarx Kirilə və möhtərəm arxiyepiskop Feofilakta, bu müqəddəs məbədin bacı-qardaşlarına və bütün Haqq-İqrar məsihilərə, ya Rəbb, uzun ömür bəxş eylə.

MÜQƏDDƏS ŞƏRİKLİKDƏN SONRA OXUNAN DUALAR

Həmd olsun Sənə, ya Allah! Həmd olsun Sənə, ya Allah!

Həmd olsun Sənə, ya Allah!

1-ci dua

Şükür edirəm Sənə, ya Rəbb Allahım, çünki mən günahkarı rədd etmədin və məni Qüdsiyyətlərinə şərik olmağa layiq etdin.

Şükür edirəm Sənə ki, mən layiqsizi Əqdəs səmavi Ənamlarına şərik olmağa layiq etdin. Lakin Sən, ey İnsansevər Pərvərdigar, bizim uğrumuzda vəfat etdin və dirildin, ruhumuzun və bədənimizin sağlamlığı və təqdis edilməsi üçün heyrətli və həyatverən bu Sirləri bəxş etdin bizə. Ənamların ruhumun və bədənimin şəfasına, ruhani düşmənlərimin dəf edilməsinə, qəlbimin gözlərinin nurlanmasına, ruhani qüvvələrimin sülhünə, imanımın mükəmməlliyinə, məhəbbətimin riyasızlığına, müdrikliyimin bolluğuna, əmrlərini yerinə yetirməyimə, Sənin müqəddəs lütfünün artmasına və Sənin Padşahlığını miras almağıma səbəb olsun ki, Sənin müqəddəsliyində Ənamlarınla mühafizə olunaraq, sonsuzadək lütfünü yad edim və özüm üçün yox, Sən Vəlinemət Pərvərdigarımız üçün yaşayım. Beləliklə, əbədi həyata ümid edərək, bu dünyanı tərk edib, əbədi hüzura çatım; orada bayram edənlərin nəğməsi kəsilmir, Sənin Üzünün təsvirəgəlməz gözəlliyini seyr edənlərin sevinci bitmir.

Çünki Sən, ya Allahımız Məsih, həqiqi muradımızsan bizim və Səni sevənlərin təsvirəgəlməz sevincisən. Sənə bütün yaradılış hər zaman nəğmə söyləyir. Amin.

2-ci dua. Müq. Qeysəriyyəli Vasilinin duası

Ey Pərvərdigar, Məsih Allah, əsrlərin Padşahı və hər şeyi Yaradan! Verdiyin bütün nemətlərə görə və Sənin Əqdəs və həyatverən Sirlərinə şərik olduğuma görə Sənə şükür edirəm. Yalvarıram Sənə, ey lütfkar və insansevər Rəbbim!

Qanadlarının altında qoru məni. Qoy son nəfəsimə qədər günahlarımın bağışlanması və əbədi həyat üçün Qüdsiyyətlərinə təmiz vicdanla şərik olmağa layiq olum.

Çünki Sən həyat Çörəyi, müqəddəsliyin Mənbəyi və Vəlinemətimizsən, beləliklə, Səni, Atanı və Müqəddəs Ruhu izzətləndiririk, indi, hər zaman və sonsuza qədər. Amin.

3-cü dua. Metafrast Simeonun duası

Vücudunu mənə çörək kimi verdin,

Sən Alovsan, yandırırsan layiqsizləri,

Ey Xaliqim, yandırma məni,

Özünlə doldur mənim üzvlərimi,

Oynaqlarımı, ruhumu, ürəyimi,

Yandır bütün günahlarımın tikanlarını.

Ruhumu təmizlə, təqdis et fikirlərimi.

Bərkit mənim dizlərimlə sümüklərimi.

Nurlandır mənim əsas beş hissimi.

Səndən qorxuya mismarla bütöv məni.

Ruhumu öldürən əməldən, kəlamdan

Hifz eylə, saxla, qoru hər zaman.

Pak eylə, təmizlə və düzəlt məni,

Bəzə, öyüd ver, nurlandır məni,

Yarat məndən Ruhunun məskənini,

Olmayım mən günahın sığınacağı.

Sənə şərik olub məbədinə bənzəyim,

Alovundan qaçsın şərim, ehtiraslarım mənim.

Çağırıram mən müqəddəslərinin şəfaətini:

Cisimsiz mələklərin rəhbərlərini,

Sələfin Yəhyanı, müdrik həvarilərini,

Həm də Sənin Pakizə müqəddəs Validəni.

Onların dualarını qəbul et, ey rəhmli,

Nur övladı et Sənin, ya Məsih, bəndəni.

Çünki, ey Lütfkar, təqdisimizsən bizim,

Ruhumuzun şəfəqisən Sən bizim,

Beləliklə daim, Pərvərdigara,

Sənə həmd edirik, bizim Allaha.

4-cü dua

Ey Allahımız Rəbb İsa Məsih, Əqdəs Vücudun mənə əbədi Həyat versin, Dəyərli Qanınla günahlarım bağışlansın. Bu Evxaristiya mənim sevincim, şəfam, şənliyim olsun.

Sənin Pakizə Validən və bütün müqəddəslərin şəfaəti ilə mən günahkarı layiq et ki, Sənin vahiməli ikinci zühurunda Sənin sağında durum. Amin.

5-ci dua

Ey Allahın müqəddəs Validəsi, Mələkəm mənim, qaranlıq ruhumun nuru Sənsən, ümidimsən, həyanımsan, sığınacağımsan, təsəllimsən, sevincimsən mənim.

Mən layiqsizi Oğlunun Əqdəs Vücuduna və dəyərli Qanına şərik olmağa layiq etdiyin üçün minnətdaram Sənə. Sən Həqiqət Nurunu dünyaya gətirdin, qəlbimin gözlərini də nurlandır. Ölməzlik Qaynağını dünyaya gətirdin, məni, günahdan ölmüşü də həyata qaytar. Rəhmli Allahın məhəbbətlə dolu Validəsisən, mənə rəhmin gəlsin, duaların ürəyimdə vicdanımı oyatsın, fikirlərimə həlimlik versin, məni əsir edən şər düşüncələrdən azad etsin. Son nəfəsimə qədər ruhumun və bədənimin şəfası üçün Oğlunun Əqdəs Sirlərinə mühakimə olunmadan şərik olmağa məni layiq eylə.

Mənə tövbə və həmd göz yaşları ver ki, ömrüm boyu Səni tərənnüm və mədh edim, çünki mübarək və izzətlisən sonsuza qədər. Amin.

Bu an bəndəni Öz kəlamına görə / hüzurla mürəxxəs edirsən, Pərvərdigara, / çünki öz gözlərimlə gördüm / ellərin önündə hazırladığın nicatı: / Millətləri şəfəqləndirən nuru // və Xalqın İsrailin izzətini.

Müqəddəs Allah, Müqəddəs Qüdrətli, Müqəddəs Ölməz, bizə rəhm eylə. (3 dəfə oxuyub, özünə xaç rəmzi çək və təzim et)

Həmd olsun Ata, Oğul və Müqəddəs Ruha indi, hər zaman və sonsuza qədər. Amin.

Ey Əqdəs Üçlük, bizə rəhm eylə. Ya Rəbb, bizi günahlarımızdan islah eylə, ey Pərvərdigar, təqsirlərimizi bağışla, ey Qutsal Olan, İsmin naminə bizi ziyarət eylə və azarlarımıza şəfa ver.

Ya Rəbb, rəhm eylə. (3 dəfə) 

Həmd olsun Ata, Oğul və Müqəddəs Ruha indi, hər zaman və sonsuza qədər. Amin.

Ey Səmavi Atamız! İsmin müqəddəs tutulsun, Padşahlığın gəlsin, Səmada olduğu kimi yerdə də Sənin iradən olsun. Gündəlik çörəyimizi bizə bu gün ver. Bizə borclu olanları bağışladığımız kimi, bizim də borclarımızı bağışla. Bizi sınağa çəkmə, lakin bizi şərdən xilas eylə.

Troparlar

8-ci səs: Alovun nuruna bənzəyən / dodaqlarının lütfü / dünyaya işıq saçdı, / aləmə səfilliyin zənginliyini göstərdi / və sadəliyin ucalığını aşkar etdi. / Ey fəsahətli Yəhya ata, / bizə öyüd verərək, / Kəlama, Məsih Allaha yalvar, // ruhumuzu xilas etsin.

Həmd olsun Ata, Oğul və Müqəddəs Ruha.

1-ci səs: Allahın lütfünü Səmadan aldın / və öz ləblərinlə bizə öyrətdin / Üçlükdə bir Allaha ibadət etməyə, / ey bəxtiyar saleh fəsahətli Yəhya. / Layiqsən deyə tərif edirik səni, // çünki mürəbbisən, göstərirsən Allahın sirlərini.

İndi və hər zaman və sonsuza qədər. Amin.

6-cı səs: Ey məsihilərin sarsılmaz himayəçisi, / Xaliqin hüzurunda xalqın əbədi şəfaətçisi, / həqarətlə baxma yalvaran müqəssirlərə, / lakin, ey mübarək Validə, kömək eylə / imanla nida edən bizə: / Ey sənə ehtiram edənləri hər zaman qoruyan Allahın Validəsi, / tələs bizi eşitməyə // və bizim üçün dua etməyə.

Ya Rəbb, rəhm eylə. (12 dəfə)

Həmd olsun Ata, Oğul və Müqəddəs Ruha indi, hər zaman və sonsuza qədər. Amin.

Ucaldırıq biz Səni – Keruvlardan daha hörmətlini, Seraflardan hədsiz izzətlini, Allahın Kəlamını bakirəlikdə tövlid edəni, Allahın həqiqi Validəsini.

OKTOİXOSUN (SƏKKİZ SƏSİN) TROPARLARI VƏ KONDAKLARI

1-ci səs

Tropar

Yəhudilər məzarına daş qoydular, / əsgərlər Əqdəs Vücudunu qorudular, / Sən isə, ey Xilaskar, üçüncü gün dirildin / və dünyaya həyat verdin. / Beləliklə, Sənə, ey Həyat Mənbəyi, / nida edir Səma cisimləri: // həmd olsun, ya Məsih, dirilmənə, / həmd olsun Padşahlığına, // həmd olsun bəsirətinə, ey İnsansevər Allah.

Kondak

Sən Allahsan deyə izzətlə məzardan çıxdın / və dünyanı Özünlə diriltdin, / ölümün məğlub olduğuna görə / Sənə bütün bəşəriyyət Allaha layiq həmdlər söyləyir. / Adəm bayram edir, ey Pərvərdigar, / Həvva isə zəncirlərindən azad olub / sevinclə səslənir: // hər kəsi ölümdən dirildənsən, ya Məsih.

2-ci səs

Tropar

Ölümə qədər enəndə, ey Ölməz Həyat, / cəhənnəmi məhv etdin ilahi şəfəqinlə / və yerin əsfəlində yatan ölüləri dirildəndə / səma orduları nida etdilər: // ey Həyatverən Allahımız Məsih, həmd olsun Sənə.

Kondak

Məzardan çıxdın Sən, ey Qadir Xilaskar, / cəhənnəm bu möcüzəni görüb vahiməyə büründü, / ölülər isə dirildi, / Səninlə bütün xilqət sevinir, / Adəm də fərəhlənir, // aləm Sənə, Xilaskarım, əbədi həmd edir.

3-cü səs

Tropar

Səmanın sakinləri sevinsin, / yerdə yaşayanlar fərəhlənsin, / çünki Rəbb qolu ilə qüdrətli işlər göstərdi, / ölümü ilə ölümə qalib gəldi, / ölülər arasından ilk dirildi, / cəhənnəmin bağrından bizi xilas etdi // və dünyaya böyük mərhəmət göstərdi.

Kondak

Bu gün Sən məzardan çıxdın, ey Rəhmli, / ölüm darvazalarından çıxartdın bizi. / Həvva sevinir, Adəm isə bayram edir, / nəbilər və əcdadlar onlarla birlikdə // İlahi Qüdrətinin Əzəmətini sonsuz tərənnüm edirlər.

4-cü səs

Tropar

Sənin dirilmən haqqında müjdəni / Rəbbin qadın şagirdləri mələkdən eşitdilər, / Adəm lənətindən nicat tapdılar / və həvarilərə sevinclə elan etdilər: / ölüm məhv olundu, / Məsihimiz Allah dirildi // və dünyaya böyük mərhəmət göstərdi.

Kondak

Məzardan məni azad edən Xilaskar / Allahdır deyə, ölüm zəncirlərindən / bütün bəşəriyyəti diriltdi / və cəhənnəmin darvazalarını məhv etdi, // Rəbb olaraq üç günə dirildi.

5-ci səs

Tropar

Gəlin, ey iman edənlər, / xilasımız üçün Bakirədən dünyaya gələnə: / Ata və Ruh ilə əbədi Olan İlahi Kəlama / səcdə edək və Ona həmdlər söyləyək, / çünki Çarmıxa Vücudu ilə qalxmağa, / ölümün zülmünə dözməyə / və Öz şanlı dirilişi ilə // ölüləri diriltməyə lütf eylədi.

Kondak

Cəhənnəmə qədər endin, ey mənim Xilaskarım, / Qadir Allahsan deyə onun darvazalarını sökdün, / Xaliqsən deyə ölüləri Özünlə diriltdin, / ölümün neştərini yox eylədin, / Adəm də lənətdən azad olundu, / beləliklə, Sənə nida edirik, ey İnsansevər Allah: // Ya Rəbb, bizi xilas eylə.

6-cı səs

Tropar

Budur, mələklər ordusu məzarın önündə, / gözətçilər qaldı ölü kimi, / Məryəm Sənin məzarına gəldi / Əqdəs Vücudunu aramağa. / Cəhənnəmi qarət etdin ondan sınağa çəkilmədən, / göründün Məryəmə, bizə həyat verdin, // ey ölülərdən dirilən Rəbb, həmd olsun Sənə.

Kondak

Həyatverən Məsih Allah / əsfəlin zülmətində olan ölüləri / şəfaverici əli ilə diriltdi / və insanlara dirilməni bəxş etdi, / çünki O, hamının Xilaskarı və Allahı, // həyatı və dirilməsidir.

7-ci səs

Tropar

Çarmıxınla ölümü məhv etdin, / oğruya cənnətin qapılarını açdın, / mürdaşıyanların ağlamağını sevincə çevirdin, / həvarilərə isə əmrini verdin ki, / vəz etsinlər, ya Məsih Allah, Sənin dirilişini // və dünyaya böyük mərhəmət bəxş etdiyini.

Kondak

Ölümün gücünün sonu gəldi, / əllərini insanlardan çəkdi, / çünki Məsih əsfəlin zülmətinə endi: / onun gücünü məhv etdi, / cəhənnəm zəncirlənir, / peyğəmbərlər sevinir və deyirlər birlikdə: / imanlılara zühur etdi Xilaskar: // çıxın və dirilməni qəbul edin, ey mərhumlar.

8-ci səs

Tropar

Səmadan endin, ey Rəhmin Rəbbi, / üç gün məzarda olmağı qəbul etdin, / günahın köləliyindən azadlıq verdin; / ey Həyatımız və Dirilməyimiz // ya Rəbb, həmd olsun Sənə.

Kondak

Məzardan qalxıb ölüləri oyatdın, / Adəmi də onlarla birlikdə diriltdin, / Həvva Dirilməni bayram edir. / Bütün Yer üzü mədh edir // Sənin ölülərdən qalxmağını, ey Sonsuz Rəhmli.

ON İKİ BAYRAMIN VƏ BÖYÜK BAYRAMLARIN TROPARLARI VƏ KONDAKLARI

Əqdəs Bakirə Məryəmin Mövludu

Tropar, 4-cü səs

Mövludun aləmə sevincini bəyan etdi, / ey Allahın Bakirə Validəsi, / çünki Səndən Salehlik Şəmsi Allahımız Məsih parladı, / O, lənəti məhv edərək, xeyir-dua verdi, // ölümü devirərək, bizə əbədi həyatı bəxş eylədi!

Kondak, 4-cü səs

Mövludun Sənin, ey Təmiz Bakirə, / Yoaqimlə Annanı sonsuzluq rüsvayından, / Adəmlə Həvvanı isə əbədi ölümdən xilas etdi. / Sənin camaatın bayram keçirir / və günahlarından azad olunub, Sənə belə nida edir:/ Sonsuz qadın doğur Allahın Validəsini // və Həyatımız Olan Məsihi Əmizdirəni.

Həyatverən dəyərli Çarmıxın ucalması

Tropar, 1-ci səs 

Ya Rəbb, xalqını xilas eylə / və mirasına xeyir-dua ver, / düşmənlər üzərində bizə zəfər nəsib eylə, // Çarmıxınla millətini qoru.

Kondak, 4-cü səs 

Ey könüllü olaraq Çarmıxa çıxan! / Sənin ismini daşıyan yeni xalqına / rəhm eylə, ya Məsih Allah! / Düşmənlər üzərində bizə zəfər verərək, / sadiqlərini qüdrətinlə sevindir. / Sənin Çarmıxın sülh silahımız və məğlubedilməz bayrağımız olsun.

Əqdəs Bakirə Məryəmin Örpəyi

Tropar, 4-cü səs 

Bu gün biz, mömin camaat, bol sevinclə / bayram edirik, ey Allahın Validəsi, / Sənin təşrifinlə nurlanaraq / və ismətli üzünü seyr edərək, / itaətlə səslənirik Sənə: / bizi hər şərdən Örpəyinlə qoru, / Oğlun və Allahımız Məsihə yalvar // bizi xilas eyləsin.

Kondak, 3-cü səs 

Bakirə müqəddəslərin saysız dəstəsi ilə / bu gün bizim üçün kilsədə Allaha yalvarır, / mələklərlə həzrətlər edirlər səcdə, / nəbilərlə sevinirlər həvarilər: / çünki bizim üçün əbədi Allaha // Məsihin Validəsi dua edir.

Əqdəs Bakirə Məryəmin Məbədə gətirilməsi

Tropar, 4-cü səs 

Bu gün İlahi rəhmin bidayətidir, / insanların xilasının əlamətidir: / Bakirə daxil olur Allahın Məbədinə / və Məsihin gələcəyini öncədən bildirir. / Gəlin ona belə nida edək, / «Salam olsun Sənə, // Xaliqin niyyətinin yerinə yetməsi».

Kondak, 4-cü səs 

Bu gün Xilaskarın Pak Məbədi, / Müqəddəs Saray və Bakirə, / Allahın izzətinin əqdəs xəzinəsi / daxil olur Rəbbin Evinə, / İlahi Ruhun lütfünü özü ilə gətirir. / Allahın mələkləri Onu mədh edir, // Səmavi Çadır olan Məryəmi.

İsa Məsihin Miladı

Tropar, 4-cü səs 

Miladın Sənin, ey Allahımız Məsih, / dünyaya hikmət nuru verdi, / çünki ulduzlara ibadət edənlər / ulduz ilə öyrəndilər Sənə — / Salehlik Şəmsinə səcdə etməyə / və Səmanın Məşriqini dərk etməyə. // Həmd olsun Sənə, ya Rəbb.

Kondak, 3-cü səs 

Bu gün Bakirə dünyanın fövqündə Olanı dünyaya gətirir, / mağarada Dərkedilməzə torpaqdan bir hədiyyə, / mələklərlə çobanlar həmd edirlər Ona, / münəccimlər isə gedirlər ulduzun ardınca, / çünki bizə görə dünyaya gəlir // əbədi Allah Olan Körpə.

İsa Məsihin Sünnəti

Tropar, 1-ci səs

Səmada alovabənzər Taxtında, ey İsa, / Əbədi Ata və Əqdəs Ruhunla oturursan Sən, / Bəysiz Gəlin Olan Validəndən / yer üzündə doğulmağa lütf eylədin, / buna görə insanlar kimi səkkizinci gündə sünnət olundun. / Həmd olsun xoş niyyətinə, / həmd olsun bəsirətinə, // həmd olsun Səmadan enməyinə, ey İnsansevər Allah.

Kondak, 3-cü səs 

Bu gün Aləmlərin Rəbbi sünnət olunur, / Rəhmlidir deyə, günahlarımızın kökünü kəsir / və bütün dünyaya nicat verir. / Səmada isə Xaliqin müqəddəs xadimi, // Məsihin günəbənzər şagirdi Vasiliy sevinir.

İsa Məsihin Vəftizi

Tropar, 1-ci səs

İordan çayında, Ya Rəbb, vəftiz olduğun zaman / Allah Üçlükdə zühur eylədi: / çünki Sənə «Sevimli Oğlum» deyərək / Ata Sənin haqqında şahidlik etdi; / Ruh isə göyərçin şəklində / bu sözlərin haqq olduğunu təsdiqlədi: / zühur edib nura boyadın dünyanı, // ey Məsih Allah, həmd olsun Sənə.

Kondak, 4-cü səs

Bu gün Sən dünyaya zühur etdin, / Öz nurunla, ya Rəbb, bizi möhürlədin, / biz isə haqqın bütövlüyündə səslənirik Sənə: / gəldin, zühur etdin, // ey Dərkedilməz Nur Olan.

İsa Məsihin Məbədə gətirilməsi

Tropar, 1-ci səs

Sevin, ey Allahın mübarək Bakirə Validəsi, / çünki Səndən Salehlik Şəmsi Allahımız Məsih parladı, / zülmətdə olanlara nur saçdı. / Sən də sevin, ey saleh Qoca, / çünki öz qucağına aldın / ruhumuza nicat Verəni // və bizə dirilmə bəxş Edəni.

Kondak, 1-ci səs 

Mövludunla təqdis etdin Bakirənin bətnini, / xeyir-dua verdin Simonun əllərinə gözlənilən kimi. / Hərb edənlərə sülh bağışla, / güc ver sevimli xalqına, / gəldin və bizi xilas etdin, // ey İnsansevər Məsih Allah.

Əqdəs Bakirə Məryəmin Müjdələnməsi

Tropar, 4-cü səs 

Bu gün xilasımızın bidayətidir, / əzəli sirrin zühurudur: / Allahın Oğlu olur Bakirənin Oğlu, / Cəbrayıl isə müjdələyir lütfü. / Gəlin Allahın Validəsinə onunla nida edək: / Salam, mübarək Məryəm, // Rəbb Səninlədir.

Kondak, 8-ci səs 

Sənə, ey Allahımızın Validəsi, / Müzəffər Sərəsgər Mələkə, / hər şərdən qurtulan bəndələrin / söyləyirlər bu şükür nəğməsini. / Sən isə, ey alınmaz qalanın Sahibəsi, / bizi hər fəlakətdən qoru, / biz də Səni tərənnüm edək: // Sevin, ey Bəysiz Gəlin!

İsa Məsihin Yerusəlimə daxil olması

Tropar, 1-ci səs

Öz əzablarından əvvəl, ya Məsih Allah, / Lazarı ölülərdən dirildərək, / hər kəsin diriləcəyini göstərdin. / Biz isə uşaqlar kimi tutaraq zəfər rəmzini, / nida edirik Sənə, Ölümü məğlub edənə: / ucalarda hosanna, // mübarəkdir Rəbbin ismi ilə Gələn.

İkinci tropar, 4-cü səs 

Dəfn olunduq vəftizdə Səninlə, ya Məsih Allah, / əbədi həyata layiq görüldük Sən diriləndən sonra / və Səni tərənnüm edirik: / ucalarda hosanna, // mübarəkdir Rəbbin İsmi ilə gələn.

Kondak, 6-cı səs 

Sən, ey Səmavi ərşində əyləşən, / yer üzündə sıpa üstündə yeriyən Məsih Allah, / Mələklər həmd, uşaqlar isə tərənnüm edirlər Səni: // Mübarəkdir Adəmi qaytarmağa gələn.

İsa Məsihin dirilməsi. Pasxa bayramı

Stixira, 6-cı səs

Sənin dirilişini, ey Xilaskar Məsih, / mələklər tərənnüm edirlər Səmada, / bizi də, yer üzündə yaşayanları, // Səni həmd etməyə layiq eylə.

Tropar, 5-ci səs 

Məsih ölülərdən dirildi, / ölümü ilə ölümü məğlub etdi, // məzarda olanlara həyat verdi!

Kondak, 8-ci səs 

Sən, ey Ölümsüz, məzara endin, / lakin cəhənnəmin gücünü məhv etdin / və Müzəffər tək dirildin, / mürdaşıyan zənənlərə “Sevinin” deyən, / həvarilərinə sülh bəxş edən, // yıxılanlara diriliş gətirən Məsih Allah!

İsa Məsihin Meracı

Tropar, 4-cü səs 

İzzətlə merac etdin, ey Allahımız Məsih / və Müqəddəs Ruhu vəd edib / sevinc verdin şagirdlərinə. / Dünyanın Xilaskarı və Allahın Oğlu olduğuna // Xeyir-duanla əmin etdin onları.

Kondak, 6-cı səs 

Xilasımızın niyyətini yerinə yetirdin, / Səmanı yer üzü ilə birləşdirdin, / izzətlə merac etdin, ey Allahımız Məsih, / lakin bizi tərk etmədin, / bizdən ayrılmaz qaldın, / Səni sevənlərə isə belə söylədin: // «sizə qarşı kim ola bilər, çünki [Mən] sizinləyəm».

Əllinci gün bayramı (Əqdəs Üçlüyün günü)

Tropar, 8-ci səs

Mübarəksən, ey Allahımız Məsih, / torçulara Müqəddəs Ruh göndərdiyinə görə, / beləliklə, hikmət verdin onlara / və dünyanı tutdun onların vasitəsi ilə. // Ey İnsansevən, həmd olsun Sənə.

Kondak, 8-ci səs

Babil bürcünə Haqq-Təala enəndə / dilləri bölüb elləri ayırdı; / Sionda isə dillərə bənzər alovu paylayanda / dünyanı birliyə dəvət etdi, // Əqdəs Ruha birlikdə həmd edək.

Həvari Bartalmay günü

Tropar, 3-cü səs 

Ey müqəddəs həvari Bartalmay, / rəhmli Allaha yalvar, / günahlarımızın bağışlanmasını // ruhumuza bəxş eyləsin.

Kondak, 4-cü səs 

Müjdənin şəfəqi və heyrətli möcüzələrinlə / dünya üçün böyük günəşə bənzədin, / sənə ehtiram edənləri Nura yönəltdin, // ey Bartalmay, Rəbbin həvarisi. 

Sələf Yəhyanın Mövludu

Tropar, 4-cü səs 

Ey Nəbi və Məsihin zühurunun Sələfi, / biz, sənə məhəbbətlə ehtiram edənlər, / bacarmırıq səni layiqincə mədh etməyi: / çünki sənin şərəfli mövludunla / Elizabetin sonsuzluğu bitir, / Zəkəriyyənin isə dili açılır // və Allahın Oğlunun təcəssümü dünyaya bəyan edilir.

Kondak, 3-cü səs 

Bu gün sonsuz Elizabet dünyaya gətirir / Məsihin Sələfi olan peyğəmbərlərin tacını. / Çünki o, İordan çayında / nəbilərin bəyan Etdiyini vəftiz edəndə // Allahın Kəlamının nəbisi, vaizi və Sələfi oldu.

Peter və Paul günü

Tropar, 4-cü səs 

Ey həvarilərin böyükləri / və dünyanın müəllimləri, / böyük mərhəmət eyləsin bizə / və dünyaya sülh versin deyə, // dua edin Aləmlərin Rəbbinə.

Kondak, 2-ci səs 

Ya Rəbb, həvarilərin öndərlərini, / Sənin Kəlamının sarsılmaz vaizlərini / Sən nemətlərinlə sevindirdin / və onları hüzuruna qəbul etdin, / çünki zəhmətləri ilə şəhidliklərini hər qurbandan üstün tutdun, // ey ürəklərin niyyətlərini Tək Görən.

İsa Məsihin görkəminin dəyişilməsi

Tropar, 7-ci səs 

Dağda görkəmini dəyişdin, ey Məsih Allah / və şagirdlərin bacardıqları qədər gördülər zahir olan İzzətini. / Validənin şəfaəti ilə biz müqəssirləri / Öz əbədi Nurunla şəfəqləndir. // Ey Nur Mənbəyi, həmd olsun Sənə.

Kondak, 7-ci səs 

Görkəmini dağda dəyişdin / və şagirdlərin bacardıqları qədər / izzətini gördülər, ey Allahımız Məsih, / Odur ki Çarmıxda Səni görəndə / dərk etdilər əzablarının könüllü olduğunu / və dünyaya bəyan etdilər ki, // Sən Atanın gerçək Nurusan.

Əqdəs Bakirə Məryəmin Göylərə Götürülməsi 

Tropar, 1-ci səs 

Məsihi doğarkən bakirəliyini itirmədin, / dünyanı tərk edib unutmadın bizi, ey Allahın Validəsi. / Həyatın Validəsi Kimi Həyatın Hüzuruna gətirildin, // ruhumuzu isə dualarınla ölümdən xilas etdin.

Kondak, 2-ci səs 

Nə məzar, nə ölüm saxlaya bildi / şəfaətçimiz olan Allahın Validəsini, / əbədi dualarda sarsılmaz ümidimizi, / çünki Əbədibakirənin bətnində yaşayan Həyat // Validəsini Öz hüzuruna gətirdi.

Sələf Yəhyanın boynunun vurulması

Tropar, 2-ci səs 

Salehin xatirəsi həmdlərlə yad edilir, / sənə isə, ey Sələf, Rəbdən şəhadət kifayətdir. / Sən nəbilərdən hörmətdə üstün oldun, / çünki sularda onların bəyan Etdiyini vəftiz etdin. / Sən haqq yolunda əzab çəkməyə sevindin / və təcəssüm edib dünyanın günahını üzərinə götürən / və bizə böyük mərhəmət göstərən Allah haqqında // cəhənnəm sakinlərinə müjdə gətirdin.

Kondak, 5-ci səs

Sələf Yəhyanın başının şanlı vurulması / Allahın bir niyyəti idi ki / Yəhya cəhənnəm sakinlərini də / Xilaskarın gəlməsi ilə müjdələsin. / Qoy Hirodiya nalə çəksin, / çünki qanunsuz qətli istədi. / Sevdiyi nə Allahın Qanunu, nə əbədi həyat oldu, // yalnız fani dünya oldu istəyi.

MÜXTƏLİF DUALAR

Ad günündə oxunan dua

Ya Rəbb Allah, görünən və görünməyən hər şeyin Hökmdarı. Ömrümün günləri tək Sənin iradəndən asılıdır. Şükür edirəm Sənə, ey rəhmli Ata, çünki bu ili də yaşamağı nəsib etdin mənə; bilirəm ki, günahlarıma görə bu rəhmə layiq deyiləm, lakin Sən Öz təsvirəgəlməz mərhəmətinə görə bu rəhmi göstərdin mənə. Bu rəhmi çox görmə mən günahkara; mənə fəzilətli, sakit və sağlam ömür; qohum və qonşularla sülh bəxş eylə. Qoy torpaq mənə bol bəhrə versin; həyatım üçün zəruri olanı bəxş eylə mənə. Hər şeydən əvvəl qoy vicdanım təmiz olsun, xilas yolunda mənə güc ver ki, uzun ömürdən keçib, əbədi həyata çatım və Səmavi Padşahlığın varisi olmağa layiq olum. Özün, ya Rəbb, yeni yaşıma və ömrümün bütün günlərinə xeyir-dua ver. Amin.

Hamiləlikdə oxunan dua

Ey Allahımız Rəbb İsa Məsih, Sən əbədi Atadan zamanın fövqündə doğulan Oğul olaraq, axır zamanlarda Müqəddəs Ruhun məhəbbəti və hərəkəti ilə mübarək Bakirədən dünyaya gəlmək və bələnib axura qoyulan körpə olmaq istədin. Özün, ya Rəbb, dünyanı yaratdığın zaman kişini və qadını yaratdın, onları nikahda birləşdirdin və «törəyib çoxalın və yer üzünün sahibi olun» əmrini onlara verdin. Sonsuz rəhminə görə mənə, Öz bəndənə, rəhm eylə, çünki əmrin ilə hamiləyəm mən. Könüllü və könülsüz halda nə günah etmişəmsə, bağışla və bu körpəni dünyaya gətirmək üçün güc ver mənə, hər ikimizə sağlıq və qüvvət bəxş eylə. Öz mələklərinlə bizi mühafizə eylə, şər ruhların əməllərindən və hər pislikdən bizi qoru. Amin.

«Qalxsın Allah…»

Qalxsın Allah, düşmənləri dağılsınlar,

Ona nifrət edənlər qarşısından qaçsınlar,

Pislər çəkilən tüstü kimi dağılsınlar,

Alovun qarşısında mum kimi ərisinlər:

Eləcə də qaçsın hər şeytan

Allahı sevənlərin qarşısından,

Özlərinə xaç vuranlardan,

Belə sözlərlə sevinən insanlardan:

«Sevin, ey Rəbbin həyatverən dəyərli Çarmıxı,

Səndə çəkilən və cəhənnəmə enən,

İblisin gücünü isə məhv edən,

Hər düşməni qovan üçün bizə Səni verən

Rəbbimiz İsa Məsihin qüvvəsi ilə cinləri qovan».

Ey Rəbbin həyatverən dəyərli Çarmıxı, Allahın Validəsi olan müqəddəs Bakirə Mələkəmizlə və bütün müqəddəslərlə hər zaman kömək et mənə. Amin.

İsa Məsihə dua

Ey Allahın Oğlu, Rəbb İsa Məsih, mən günahkara rəhm eylə!

Müqəddəs Suriyalı Efraimin duası

Ey Həyatımın Rəbbi və Hökmdarı!

Tənbəllik, fanilik, rəyasətpərəstlik, çərənçilik ruhunu uzaq et məndən.

İsmət, sadəlik, səbir və məhəbbət ruhunu isə bəxş et bəndənə.

Ya Rəbb Padşahım, günahlarımı mənə göstər ki, qardaşımı mühakimə etməyim, çünki mübarəksən sonsuza qədər. Amin.

Məhbusun duası

Ey hədsiz səbirli, sonsuz mərhəmətli Rəbbim. Məhbusam mən, Sənə tapınaraq bütün qəlbimlə dua edirəm: həbsxanada dəmir buxovlarda saxlanılan güclü Şəmşun orada öz gücsüzlüyünü görüb qüdrətli Allaha tərəf döndüyü kimi, günahkar Mənəssə əsirlikdə və həbsxanada Səni, həqiqi Allahı tapan kimi, sürgündə olan yəhudilər yad ölkədə Səni, atalarının Allahını tanıyan kimi, itən oğul uzaq bir ölkəyə gedib orada acından ölən zaman öz atasını xatırlayan kimi, mən də bu andan yalnız Səni tanıyıram və Sənə yalvarıram. Xalqın arasından qovulmuşam mən, Sən isə qovulanları axtarırsan. Burada nə atam, nə anam, nə qardaşım, nə də dostlarımdan biri var kömək etsin mənə, onlar fəryadımı eşitməzlər. Sən isə əzab-əziyyət çəkənlərə və Səni açıq ürəklə çağıran hər kəsə yaxınsan. Ey rəhmli Allah! Günahım dəniz qumundan da çox olsa, saysız günahıma görə gözlərimi səmaya qaldıra bilməsəm də, Sən, ey Ədavətsiz, məni tövbədə qəbul eylə! Tək Sənə qarşı günah edib, tək Sənin önündə tövbə edirəm, ey mərhəmətli Rəbb! Son günüm çatmadan xilas et məni. Amin.

Məhbus üçün dua

Ey Allahımız Rəbb İsa Məsih, müqəddəs həvari Peteri zəncirlərdən və həbsxanadan zərərsiz azad etdin. İtaətkarlıqla yalvarırıq Sənə, həbsdə olan (isim) bəndən üçün duamızı qurban kimi rəhmlə qəbul eylə. Həvari Peterin şəfaəti ilə, ya Allah, Öz qadir sağ əlinlə hər müsibətdən bəndəni qoru və azad eylə onu. Amin.

Yeni il duası

Ya Rəbb Allah, görünən və görünməyən hər şeyin, mövsümlərin və illərin Yaradanı, bizim xilasımız üçün etdiyin Təcəssümündən sayılan bu Yeni ilə xeyir-dua ver.

Bu ili və gələcək illəri yaxınlarımız ilə barış və hüzur içində keçirməyimizi nəsib eylə. Təsis etdiyin, Əqdəs Vücudun və Qanının xilas verən qurbanı ilə təqdis etdiyin müqəddəs, ümumdünya Kilsəsini möhkəmləndir və Onun sayını çoxalt.

Vətənimizi ucalt, qoru və izzətləndir. Bizə uzun ömür, sağlamlıq, bol bəhrəli torpaq və xoş hava bəxş eylə.

Məni — sənin günahkar bəndəni, bütün qohumlarımı, yaxınlarımı, bütün saleh olan məsihiləri əsl Ali-Çobanımız kimi otar, qoru, xilas yolunda yönəlt, biz isə uzun və firavan ömür sürüb, bu yolu keçib, Səmavi Padşahlığına çataq və bütün müqəddəslərlə birgə əbədi xoşbəxtliyə layiq olaq. Amin.

Xəstənin şəfa tapması üçün dua

Ey Pərvərdigar, Külli-İxtiyar, Müqəddəs Rəbb, Sən cəzalandırırsan, lakin öldürmürsən, yıxılana dayaq olursan, əyiləni qaldırırsan, insanın cismani ağrılarını sağaldırsan. Yalvarırıq Sənə, ey Allahımız, xəstə olan (isim) bəndənə rəhminlə nəzər sal, könüllü və könülsüz günahlarını bağışla. Ya Rəbb, Öz şəfalı qüvvəni Səmadan göndər və toxun bədəninə, hərarətini sal, əziyyətinə və gizli xəstəliyinə son qoy, Sən Özün (isim) bəndənin həkimi ol, azar yatağından və əzab döşəyindən onu sağlam qaldır, onu Öz Kilsənə qaytar ki, Sənin iradəni və xeyir əməllərini yerinə yetirsin. Çünki rəhm və nicat Səndən gəlir, ey Allahımız, buna görə Sənə — Ataya, Oğula və Müqəddəs Ruha — həmd edirik, indi, hər zaman və sonsuza qədər. Amin.

Optina ağsaqqallarının duası

Ya Rəbb, gələn günün mənə gətirəcəyi hər şeyi qəbul etmək üçün ruhuma hüzur bəxş eylə.

Ya Rəbb, müqəddəs iradənə tamamilə təslim olmağımı nəsib eylə.

Ya Rəbb, bu günün hər saatında məni hər şeydə yönəlt və dəstəyim ol mənim.

Ya Rəbb, mənə və ətrafımdakılara Öz iradəni göstər. Gün ərzində aldığım bütün xəbərlərin Sənin müqəddəs iradən olduğunu sakit və əmin ruhla qəbul etməyimə kömək eylə.

Ey əzəmətli və rəhmli Rəbbim! Hər sözümə, əməlimə, düşüncəmə və hisslərimə rəhbər ol. Bütün gözlənilməz hallarda hər şeyin Sənin tərəfindən göndərildiyini qoyma unudum.

Ya Rəbb, qoy heç kimi incitmədən, utandırmadan yaxınlarımın hər biri ilə ağılla davranım.

Ya Rəbb, gələn günün yorğunluğuna və bu gün ərzində baş verəcək bütün hadisələrə dözmək üçün mənə güc ver.

İradəmə rəhbər ol və mənə tövbə etməyi, dua etməyi, iman etməyi, ümid etməyi, səbir etməyi, hər kəsi ürəkdən bağışlamağı və sevməyi öyrət. Amin.

Yola çıxan insanın duası

Ey Allahımız, həqiqət və həyat yolumuzsan bizim, Məryəmin nişanlısı olan bəndən Yusiflə yol getdiyin kimi, [isim] ilə də yol get, ya Pərvərdigar, onu tufandan və təhlükədən qoru, ona əmin-amanlıq və qüvvət ver. Layiq et ki, Sənin əmrlərini yerinə yetirib salehliyə çatsın, dünyanın və səmanın nemətləri ilə dolub qayıtsın. Çünki Sənə — Ataya, Oğula və Müqəddəs Ruha aiddir padşahlıq, qüvvət və izzət, indi, hər zaman və sonsuza qədər. Amin.

Tövbə duası

Ey Pərvərdigar Məsih Allah, Öz əzablarınla mənim əzablarıma şəfa verirsən, Öz yaralarınla mənim yaralarımı sağaldırsan. Mənə tövbə göz yaşı ver, çünki sonu yoxdur günahımın. Vücudumu həyatverən Vücudunun ətri ilə doyur, şeytanın mənə içirtdiyi acılığın əvəzinə isə Sənin dəyərli Qanının şirinliyini ver ruhuma. Yerdə sürünən əqlimi Özünə doğru ucalt, ruhumu məzardan qaldır, çünki Allahın övladlarının mirası olan Səmavi Padşahlığa ucaldan nə tövbəm, nə peşmanlığım, nə də təsəlli verən göz yaşım var. Dünyanın qayğıları əqlimə kölgə saldı, ruhum xəstədir — Sənə baxa bilmirəm, Sənə olan sevgi göz yaşları ilə isinə bilmirəm. Ey Pərvərdigar İsa Məsih Allah, ey Fəzilətlər Xəzinəsi, mənə kamil tövbə, Səni səylə və məhəbbətlə arayan bir ürək bəxş eylə, lütfünü göndər və məndə Öz Surətinin cizgilərini yenilə. Səni tərk etdim, Sən isə məni tərk etmə. Gəl axtar məni, otluğuna qaytar məni, Sənin seçilmiş sürünün quzularına şərik et məni, Sənin Pakizə Validənin və bütün müqəddəslərin şəfaəti ilə müqəddəs Sirlərin çəmənlərində yemlə məni. Amin.

Bütün insanlar üçün dua

Ey İnsansevər Rəbb, bizə nifrət edənləri və bizi incidənləri bağışla. Yaxşılıq edənlərə yaxşılıq eylə. Qardaş-bacılarımın və qohumlarımın xilasa doğru aparan dualarını qəbul eylə və onlara əbədi həyat bəxş eylə. Xəstə olanlara nəzər yetir və onlara şəfa ver. Dənizdə olanlara səmt küləyi ver. Səyyahlara yoldaş ol. Bizə xidmət və yardım edənlərin günahlarını bağışla. Biz layiqsizlərdən dua istəyənlərə bol mərhəmətinə görə rəhm eylə. Ya Rəbb, mərhum əcdadlarımızı və qardaş-bacılarımızı yad eylə, qoy onların ruhları Üzünün Nurunda rahat olsunlar. Ya Rəbb, həbsdə olan qardaş-bacılarımızı yad eylə, onları bütün fəlakətlərdən xilas eylə. Ya Rəbb, müqəddəs məbədlərə əməyinin bəhrəsini gətirənləri və xeyriyyəçiləri yad eylə, onların xilasa doğru aparan dualarını qəbul eylə və onlara əbədi həyat bəxş eylə. Ya Rəbb, bizi — Sənin aciz, günahkar, layiqsiz bəndələrini yad eylə, Məsihin Pakizə əbədibakirə Validəsi, Mələkəmiz Məryəmin və bütün müqəddəslərin şəfaəti ilə zehnimizi Səni dərk etməklə nurlandır, əmrlərinin yoluna yönəlt bizi, çünki həmdə layiqsən sonsuza qədər. Amin.

Övlad həsrəti çəkənlərin duası

Ey rəhmli və Külli-İxtiyar Allah, dualarımıza görə lütfünü bizə göndər. Dualarımızı qəbul et, ya Rəbb, insanlara verdiyin «törəyib çoxalın» əmrini xatırla, rəhmli Himayəçimiz ol bizim, əmrin Sənin köməyinlə yerinə yetirilsin. Qadir səlahiyyətinlə dünyanı heç nədən yaratdın və onda var olan hər şeyin təməlini qoydun, insanı da Öz surətində yaratdın, izdivacı böyük sirr ilə təqdis etdin, onu Məsihin və Kilsənin birliyinə bənzətdin. Bir-birinə həyat yoldaşları olan bu bəndələrinə (isimləri) nəzər yetir, ey Rəmli Allah, çünki Səndən kömək diləyirlər, rəhmin gəlsin onların üzərinə, bəhərli olsunlar və üçüncü-dördüncü nəslə qədər nəvə-nəticələrini görsünlər, arzu olunan qocalığa çatsınlar və Səmavi Padşahlığa Rəbbimiz İsa Məsihin vasitəsi ilə daxil olsunlar. Həmin Məsihə Müqəddəs Ruhla birlikdə bütün izzət, hörmət və ibadət olsun sonsuza qədər. Amin.

Övladlar üçün dua

Ey rəhmli səmavi Atamız Allah! Övladlarımız olan (isimləri) və vəftiz övladlarımız olan (isimləri) üçün həlimliklə Sənə dua edirik, onları Sənin himayənə və müdafiənə etibar edirik və onlar üçün Səndən rəhm diləyirik. Onlara möhkəm iman ver, onları öyrət ki Sənə ehtiram göstərsinlər. Layiq et Səni — Xaliqimizi və Xilaskarımızı möhkəm sevsinlər. Ey Allah, onları həqiqət və xeyirxahlıq yoluna yönəlt ki, hər işi Sənin müqəddəs İsminin İzzəti naminə görsünlər. Onları öyrət ki, mömin və fəzilətli ömür sürüb xeyirxah məsihilər və xeyirli insanlar olsunlar. Ruhlarına və bədənlərinə sağlamlıq, hər işlərinə isə uğur ver. İblisin hiylələrindən, saysız büdrəmələrdən, natəmiz ehtiraslardan və günahkar pozğun insanlardan qoru onları. Oğlun Rəbbimiz İsa Məsihin xatirinə, Onun Pakizə Validəsinin və bütün müqəddəslərin şəfaəti ilə onları Sənin əbədi Padşahlığının sakit limanına gətir ki, bütün möminlərlə birlikdə şükür etsinlər Sənə, Sənin Vahid Oğluna və həyatverən Ruhuna sonsuza qədər. Amin.

Hər əməldən əvvəl oxunan dua

Ya Rəbb İsa Məsih, əbədi Atanın Vahid Oğlu, əqdəs dodaqlarınla bizə söylədin: “Mənəm Meynə, sizsə budaqlarsınız. Kim Məndə qalsa, Mən də onda qalsam, çoxlu bəhrə verər, çünki Mənsiz heç nə edə bilməzsiniz”. Ya Rəbbim, bütün ruhumla, bütün ürəyimlə inanıram sözlərinə, yalvarıram rəhminə, dua edirəm Sənə: başladığım bu işi Sənin şərəfinə bitirmək üçün yardım et mənə: Ata, Oğul və Müqəddəs Ruhun ismi ilə, Sənin Validənin və müqəddəslərin şəfaəti ilə. Amin.

Yeməkdən əvvəl oxunan dua

Hər kəsin gözü Sənə baxır, ya Rəbb,

Onların yeməklərini vaxtında verirsən.

Əlini açıb, bütün canlıları doyunca yedirirsən.

Ey Allahımız Rəbb İsa Məsih, pakizə Validə Məryəmin və bütün müqəddəslərin şəfaətləri ilə yeməyimizə və içməyimizə xeyir-dua ver, çünki həmdə layiqsən sonsuza qədər. Amin.

Yeməkdən sonra oxunan dua

Ey Allahımız Məsih, şükür olsun Sənə / Zəngin nemətlərini verdiyinə görə. / Səmavi Padşahlığını da alma bizdən, / Lakin şagirdlərinin arasında, ey Xilaskar, göründüyün kimi, // Bizim də aramızda ol və bizi xilas eylə.

MÜQƏDDƏSLƏRƏ DUALAR

Qafqaz Albaniyasının müqəddəslərinə dua

Ey Külli-İxtiyar Rəbb, Xəzər dənizinin sahilində və Qafqaz dağların ətəyində yerləşən ölkənin camaatına rəhmini göstərdiyin üçün və onları İncilin Nuruna boyadığın üçün Sənə şükür edirik. Sən, ey bol Rəhmli Allah, bu torpağın tayfalarını xilasa çağırdın və Müqəddəs Ruhla Sənə iman edənləri təqdis edib, Öz Kilsəni yaratdın. Və müqəddəslərini Kilsəni işıqlandıran çıraqlar kimi yandırdın. İndi isə ölkəmizin həvariləri olan Bartalmayı, Taddayı və Elişanı izzətləndiririk, çünki İncilin toxumunu insanların ürəklərinə səpdilər və küfr yolundan Haqq-İqrar imana döndərdilər. Qafqaz Kilsəsinin birinci yepiskopu Qriqorisə ehtiram göstəririk, çünki Məsih üçün quzuları sadəliklə əldə edib şəhidlik tacını aldı. Albaniyanı vəftiz edən padşah Urnayrı və ildəki günlərin sayı qədər kilsələr tikərək ölkəmizi bəzəyən mömin Vaçaqanı mədh edirik. Məsihi iman xatirinə öz qanlarını tökən və əzabları ilə dirilmə və əbədi həyat haqqında şəhadət verən şəhidlər dəstəsini tərənnüm edirik. İncilin əmrlərinə əməl edən, təqvalı həyatları ilə bizi iman, ümid və məhəbbətə öyrədən müqəddəs, saleh kişi və qadınlara, mömin gənclərə hörmət bəsləyirik. Torpağımızın müqəddəslərinin şərəfinə bayram keçirərək yalvarırıq Sənə, ya Rəbb, onların qəhrəmanlığı və zəhməti səmərəsiz qalmasın, şəfaətləri ilə məhəbbətin alovunu yandır ürəyimizdə, dəyərli ənam olan imanı bizdə çoxalt, qoyma naümid qalaq.

Səmavi səfaətçilərimizin duaları vasitəsi ilə bu ölkədə olan Sənin Kilsəni sonsuza qədər gücləndir, Səmavi yurdumuza yönəlt bizi, çünki orada Ata, Oğul, və Müqəddəs Ruhun — Əqdəs Üçlüyün İsmi həmd olunur indi, hər zaman və sonsuza qədər. Amin.

Ali-Mələk Mikayıla dua

Ey müqəddəs Ali-Mələk Mikayıl! Biz günahkarlara yazığın gəlsin, öz şəfaətinlə Allahın bəndələri olan bizi gözə görünən və görünməyən düşmənlərdən qoru, ölüm qorxusundan və İblisin sınaqlarından bizi saxla və Son Doğru Məhkəmə zamanı Xaliqimizin hüzurunda qüsursuz durmağa yardım et. Ey ulu Səmavi Sərkərdə Mikayıl! Biz günahkarlara nəzər yetir, çünki indiki və gələcək dövr üçün sənin köməyini və şəfaətini diləyirik, layiq et ki, biz də səninlə Ata, Oğul və Müqəddəs Ruha həmd edək sonsuza qədər. Amin.

Mühafizəçi Mələyə dua

Ey Məsihin Mələyi! Məni mühafizə edən ruhumun, bədənimin müqəddəs hamisi! Bugünkü günahlarımdan islah olunmağımı və şeytan olan düşmənin hər şər əməllərindən qorunmağımı Allahımdan dilə, günahımdan qəzəblənməsin deyə. Mən dəyərsiz günahkar üçün Allaha dua eylə və mənə şəfaətinlə yardım et ki, Əqdəs Üçlüyün rəhminə, Rəbbimiz İsa Məsihin Validəsinin və bütün müqəddəslərin məhəbbətinə layiq olum. Amin.

Həvari Bartalmaya dua

Ey Məsihin şanlı həvarisi Bartalmay, sən canını Məsihə həsr etdin və Onun otlağını öz qanınla suladın!

Övladlarının Allaha açıq ürəklə gətirilən dualarını və ah-naləsini dinlə. Çünki budur, təqsirlərimiz bizi qaranlığa bürüdü, bəlalar buludlar kimi bizi dövrələdi, həyatımıza nur verən çırağın yağı qalmadı, ona görə Allahın seçdiklərini qaçıran vəhşi canavara qarşı dura bilmirik. Ey cəsarətli həvari! Zəifliyimizi üzərinə al, Allahın məhəbbətindən ayrı düşməyək deyə ruhun tərk etməsin bizi, lakin güclü şəfaətinlə bizi qoru, duaların naminə Rəbb bizi islah etsin, sonsuz günahlarımızın siyahısını yandırsın və bütün müqəddəslərlə birlikdə bəxtiyar Padşahlığa və Quzu olan Məsihin nikahında iştirakçı olmağa layiq etsin. Onundur ehtiram, izzət, şükür və səcdə sonsuza qədər. Amin.

Həvari şagirdi Elişaya dua

Ey müqəddəs Elişa, ey Məsihin seçilmiş şagirdi və ardıcılı, ey Azərbaycan torpağının həvarisi!

Öz həyatında Allahı axtarıb həqiqi imanı tapdın və Məsihin həvarisi Tadday vasitəsi ilə İncilin kəlamını çıraq kimi tutub, öz həyat yolunu nurlandırdın və Məsihin şagirdi oldun, biz — Şərq ölkəsinin camaatı isə püşkə görə Sənə verildik. Müqəddəs Yerusəlim şəhərində Rəbbin qardaşı Yaqubdan əlqoyma ənamı aldın və öz müəlliminin əməlinin davamçısı olub, Ağvan Diyarının torpağını aydınlatdın və bu ölkənin camaatını İncilin Nuruna boyadın. Xəzər dənizinin şimal sahilindən, Qafqaz dağlarının ətəyindən Fars ölkəsinin sərhədinə qədər İncili vəz etmək üçün çalışdın, Qafqazdakı ruhani paytaxtımız və nurlanma məkanımız olan ilk Kilsənin təməlini qoydun. Sən Məsihin sürüsünə çobanlıq etmək çarmıxını cəsarətlə üzərinə aldın, imanlılara bələdçi, rəhbər və təsəlli oldun, hətta iman uğrunda allahsızlardan Zergün vadisində şəhidliyi qəbul etdin. Allah başına əbədi şəhidlik tacı qoydu, indi isə Onun təsvirəgəlməz izzətinin Padşahlığında sən bəxtiyarsan. Beləliklə, ey müqəddəs Elişa, Pərvərdigar Məsihimizə dua eylə, torpağımızın məsihilərini bölünmədən qorusun, keşişləri və rahibləri təqvada qüvvətləndirsin, gəncləri məhvedici vərdişlərdən və sınaqdan xilas etsin, bütün iman edənləri Haqq-İqrarda möhkəmləndirsin ki, bu həvari imanı bizdə dəyişməz qalsın, biz isə Səmada səninlə birgə Ata, Oğul və Müqəddəs Ruha həmd edək indi, hər zaman və sonsuza qədər. Amin.

Müqəddəs yepiskop Albaniyalı Qriqorisə dua

Ey şanlı-müqəddəs yepiskop-şəhidimiz, atamız Qriqoris, möhtərəm bəxtiyar kökün mübarək fidanı, xeyir-dualı ağacın müqəddəs bəhrəsi, Ağvan Diyarının birinci ruhani öndəri!

Sən gəncliyində Ağvanın və İberiyanın yepiskopu seçildin, müqəddəs vəftizlə bu iki ölkəni nurlandırdın və sakinlərinə məsihi imanında yaşamağı öyrətdin. Şəhərlərdə və qəsəbələrdə Allaha kilsələr tikdin və hər birinə Allahın keşişlərini seçdin. Məsihə ibadət etsinlər deyə onlara nəsihət verdin. Qurşağına nə qızıl, nə gümüş, nə də mis götürdün, heç kisən də yox idi sənin, millətlər arasında səyyah idin və onları Əqdəs Üçlüyün ismi ilə vəftiz edib Rəbbin əmr etdiyi hər şeyə riayət etməyi öyrətdin. Xilasedici haqq imanı qəlbinin xəzinəsindən çıxartdın. Və Lütfkar Çoban Olan Məsih Öz sürüsü üçün canını qurban verdiyi kimi, sən də öz canını qurban verdin və rəhm-məhəbbət dolu ürəklə çoxlarına xeyir gətirdin. Ey keşişlərin alisi, öz ölkənin hər ucuna qədər Məsihin Nurunu gətirərək sən massagetlərə qədər belə qorxmadın getməyə. Vatnean düzənliyində Məsihin quzusu kimi şərəfsizlərdən şəhidlik tacını həlimliklə alıb öz sevimli Mürəbbini və Rəbbimizi təqlid etdin. Sənin qanın bütün Qafqaz torpağındakı Məsihin Kilsəsinin toxumu oldu, o toxum cücərdi və torpağımız müzəffər şəhidlərlə, müdrik ali-keşişlərlə, mömin padşahlar və məliklərlə, saleh kişilər və qadınlarla çiçəklənib bəzənildi.

Sənin ruhani sürünün quzuları olan bizi dinlə, çünki şəfaətini təkidlə diləyirik: kömək et ki, məsihi dinimizə ömrümüzün sonuna qədər sadiq qalaq, Allaha və qərinlərimizə saf məhəbbət göstərək, Rəbbin əmrlərinə həvəslə əməl edək, qəlbi təmiz və mömin olaq, bizi incidənləri bağışlayaq. Yer üzündə yaşadığın zamanlarda çox sınağa çəkildin sən, beləliklə, sınağa çəkilənlərə də kömək edə bilirsən. Buna görə diləyirik səndən: cəsarətsizlərə qüvvə, azğınlara zəka, günahkarlara tövbə, möhtaclara məqamında gələn kömək, bizim hər birimiz üçün isə həyatımızı düzəltmək şövqünü dünyanın Xaliqindən dilə. Xəzər dənizinin sahilindən Qafqaz dağlarının ətəyinədək sənin əkdiyin Kilsəni unutma; zamanın sonuna qədər qalsın, yerin duzu və dünyanın nuru olsun deyə öz dualarınla Onu qoru.

Biz də səni yad edərək hüzurla və həmfikirliklə İlahi Üçlüyün — Ata, Oğul və Müqəddəs Ruhun Əqdəs İsminə həmd edək indi, hər zaman və sonsuza qədər. Amin.

Müqəddəs yepiskop Möcüzəkar Nikolaya dua

Ey müqəddəs Nikolay, Rəbbin böyük məftunu, sən əziz şəfaətçimizsən, hər əziyyətimizdə köməyimizə tez çatansan!

Mən ümidsiz günahkara bu həyatda dualarınla kömək eylə. Rəbb Allaha yalvar ki, gəncliyimdən bu ana qədər və bütün ömrüm boyu sözümlə, əməlimlə, düşüncəmlə və bütün hissələrimlə etdiyim günahları bağışlasın; ruhum bədənimi tərk edən zaman mən biçarəyə dualarınla kömək eylə və Rəbb Allaha, hamının Xaliqinə yalvar ki, məni o dünyanın sərhədlərindən keçirtsin və əbədi əzabdan xilas etsin ki, sənin rəhmli şəfaətini tərifləyim, Ata, Oğul və Müqəddəs Ruha isə həmd edim indi, hər zaman və sonsuza qədər. Amin.

Müqəddəs yepiskop Tremetusiyalı Spiridona dua

Ey keşişlərin alisi, bəxtiyar Spiridon! İnsansevər Allahın mərhəmətinə səslən, biz təqsirkarları mühakimə etməsin, bizimlə rəhminə görə rəftar etsin!

Bizə, Allahın bəndələrinə, Məsih Allahımızdan ruhumuza və bədənimizə sağlamlıq, sakit və rahat həyat dilə. Ruhani və cismani ağrılardan, şeytandan gələn bütün əzab və hücumlardan bizi qoru. Bizi Külli-İxtiyarın Taxtının qarşısında yad eylə və Ona yalvar ki, hər günahımızı bağışlasın, sakit və rahat həyat versin.

Ömrümüzün qüsursuz, hüzur içində bitməsini bəxş etsin və bizi gələcək dövrün əbədi bəxtiyarlığına layiq etsin, biz isə Ata, Oğul və Müqəddəs Ruha həmd və şükür edək indi, hər zaman və sonsuza qədər. Amin.

Müqəddəs yepiskop Krımlı Lukaya dua

Ey külli-bəxtiyar əzabkeş, keşişlərin alisi atamız Luka, Məsihin ulu məftunu!

Dəyərli və şəfa verən məzarına itaətli qəlbimizlə tapınırıq, övladlar atalarından istədiyi kimi, biz də səndən diləyirik istədiyimizi: eşit biz günahkarları və duamızı rəhmli insansevər Allaha gətir, çünki sən müqəddəslərlə və mələklərlə Onun hüzurunda sevinclə durursan: İnanırıq ki, sən yer üzündə olduğun zaman qərinləri sevdiyin kimi, bizi də o məhəbbətlə sevirsən. Allahımız Məsihdən dilə ki, Öz övladlarını Haqq-İqrarda və salehlikdə qüvvətləndirsin: keşişlərə müqəddəs şövq versin ki, onlara əmanət edilən camaatın xilasının qayğısını çəksinlər: Haqq-İqrarda olanları qorusunlar, imanı zəif olanları qüvvətləndirsinlər, bilməyənləri öyrətsinlər və inadkarları ifşa etsinlər. Bizim yaxşılığımız üçün, keçici həyatımız və əbədi xilasımız üçün öz dualarınla Allahdan Səmavi nemətləri dilə. Allahdan şəhərlərimizə firavanlıq, torpaqlarımıza bərəkət, bolluq və təhlükəsizlik dilə. Qəm çəkənlərə təsəlli, xəstələrə şəfa, yolunu itirənlərə haqq yoluna qayıtma, valideynlərə xeyir-dua, övladlara Rəbb sevgisində tərbiyə və təlim, yetimlərə və yoxsullara kömək və şəfaət dilə Allahdan. Bizə arxiyerey xeyir-duasını ver və bu cür şəfaətlə iblisin bütün fitnələrindən azad olunaq. Ədavətdən, təxribatlardan, bidətlərdən və təfriqələrdən qorunaq.

Bizi salehlərin çadırlarına yönəlt və bizim üçün Qadir Allaha yalvar ki, layiq olaq səninlə birlikdə əbədi həyatda birtəbiətli bölünməz Üçlüyə: Ata, Oğul və Müqəddəs Ruha həmd edək sonsuza qədər. Amin.

Keşiş-şəhid Bakılı İoanna dua

Ey Məsihin seçilmişi və məftunu, keşiş-şəhidimiz İoann, müqəddəs Kilsənin sarsılmaz sütunu, torpağımızın xoş cücərtisi və gözəl bəhrəsi, həmyerlilərinin şəfaətçisi və mürəbbisi!

Allahsızlar tərəfindən təqiblər dövründə xilasedici Haqq-İqrar imanı qəlbinin xəzinəsindən çıxartdın, lütfkar çoban kimi imanlı camaatı otardın, Məsih üçün və Onun sürüsü üçün canını qurban verdin və vəhşi canavarları sürüdən qovdun. Ruhani övladların olan bizə nəzər yetir, çünki sınmış ruhla və qırılmış ürəklə səndən belə diləyirik: Rəbb Allaha yalvar, günahlarımızı bağışlasın, fəlakətlərdən və əzablardan xilas etsin. Haqq-İqrar imanda bizi qüvvətləndir, Allahın iradəsini yerinə yetirməyi və İncilin əmrlərinə əməl etməyi bizə öyrət.

Dini xadimlərimizə iman örnəyi, əsgərlərimizə ruhani rəhbər, xəstələrimizə qayğıkeş həkim, pərişanlara təsəlliverən, təqib olunanların müdafiəçisi, cavanlarımızın mürəbbisi, hər kəsin rəhmdil atası və duada səyli şəfaətçisi ol ki, sənin duaların vasitəsi ilə ölkəmizdə Haqq-İqrar imanı və möminlik qorunsun, yurdumuzda Əqdəs Üçlüyün — Ata, Oğul və Müqəddəs Ruhun İsmi həmd olunsun sonsuza qədər. Amin.

Ali-şəhid müzəffər Georgiyə dua

Ey müqəddəs, şan-şərəfli ali-şəhid Georgiy!

Yalvarırıq sənə, ey niyyətimizin vəfalı şəfaətçisi, Öz rəhminə görə Səmadan Enən Allaha bizimlə birlikdə bizə görə dua eylə, Öz mərhəmətinə görə dinləsin bizi — Onun ədalətinə tapınanları, xilasımız və həyatımız üçün diləklərimizi qəbul etsin. Fəlakətdə olanlara və incidilənlərə öz qüdrətli şəfaətini göstər. Hər şeyi Yaradan Rəbb Allaha yalvar ki, bizi əbədi iztirabdan xilas etsin, biz isə sənin şəfaətini iqrar edərək, Ata, Oğul, və Müqəddəs Ruha həmd edək indi, hər zaman və sonsuza qədər. Amin.

Ali-şəhid şəfaverici Panteleimona dua

Ey Panteleimon — Məsihin böyük məftunu, əzabkeş və rəhmli həkim!

Mənə, Allahın bəndəsinə yazığın gəlsin, fəryadımı, naləmi eşit, ruhumuzun və bədənimizin Səmavi Ali-Həkiminə, Allahımız Məsihə yalvar ki, bu ağır xəstəliyimə şəfa versin. Mənim — insanların ən günahkar olanının layiq olmayan diləyini qəbul eylə. Şəfan ilə məni ziyarət eylə. Günah olan yaralarımdan iyrənmə, onlara Allahın rəhminin məlhəmini sürt, ruhum və bədənim sağlam olsun, Allahın lütfü ilə həyatımın qalan günlərini tövbə içində sürüm, Allahın iradəsini yerinə yetirim və mübarək vəfata layiq olum. Ey Allahın məftunu! Məsih Allaha yalvar ki, sənin dualarınla bədənimə şəfa, ruhuma isə xilas versin. Amin.

Saleh Radonejli Sergiyə dua

Ey saleh və mömin Sergiy ata! Bizə — yer üzündə sürünənlərə məhəbbətinlə nəzər yetir və dualarınla Səmaya ucalt!

Biz imansızları imanda qüvvətləndir ki, sənin dualarına görə Pərvərdigar Allahın rəhmindən hər neməti almağa açıq ürəklə ümid edək. Hər kəsin yaxşılığı üçün Səmavi nemətləri öz dualarınla Allahdan dilə. Rəbbin Axirət kürsüsü qarşısında bizi məhkum keçilərin olduğu sol tərəfdən öz şəfaətinlə xilas eylə ki, Onun sağ tərəfində bəraət tapaq və Pərvərdigar Məsihin bu məhəbbət dolu sözlərini eşidək: «Ey siz, Atamın mübarəkləri, gəlin və dünya yaranandan bəri sizin üçün hazırlanan Padşahlığı miras alın». Amin.

Saleh Sarovlu Serafimə dua

Ey saleh Serafim ata!

Biz, Allahın bəndələri haqqında ordular Rəbbinə öz kəramətli dualarınla səslən, bizə dünyəvi nemətlərdən və ruhumuzu xilas edən ənamlardan versin, bizi günah büdrəmələrin hamısından qorusun və bizə düzgün tövbə etməyi öyrətsin ki, sənin sonsuz ehtişamla nur saçdığın Səmavi Padşahlığa maneəsiz daxil olaq və bütün müqəddəslərlə birgə həyatverən Üçlüyə həmd etməyə layiq olaq sonsuza qədər. Amin.

Mömin knyaz Aleksandr Nevskiyə dua

Ey müqəddəs mömin knyaz Aleksandr!

Bizə, Allahın bəndələrinə mərhəmətlə nəzər yetir, sakit və əmin-aman həyat sürməyimizi Allahımızdan dilə: səni öndər görərək, əbədi Padşahlığa düz yol ilə gedək ki, Rəbb Allah Öz lütfü ilə bizi sülhdə, sağlamlıqda, uzunömürlülükdə, əmin-amanlıqda saxlasın, biz isə Əqdəs Üçlükdə həmd olunan Allaha: Ataya, Oğula və Müqəddəs Ruha həmd edək və Onu tərənnüm edək indi, hər zaman və sonsuza qədər. Amin.

Mürdaşıyan zənənlərə dua

Ey müqəddəs Marta, Məryəm və digər müqəddəs mürdaşıyan zənənlər!

Sizi Sevən və sevginizi alan Allahın Oğlu Məsih kimi iqrar etdiyiniz sevimli İsaya yalvarın, bizə, Allahın günahkar bəndələrinə günahların bağışlanmasını və haqq imanda riyasız və möhkəm durmağı bəxş etsin. Allah qorxusu, Ona həlim pənah, səbir və qərinlərə məhəbbət ruhu ürəyimizdə olsun deyə Allaha dua edin. Dünyanın sınağından, bəlalarından, fəlakətindən şəfaətinizlə bizi xilas edin ki, burada sakit və rahat həyat sürək, təmiz düşüncə ilə və pak ürəklə Allahın Axirət Kürsüsü qarşısında bəraət tapaq və Səmavi Padşahlığın dərkedilməz sevincinə layiq olaq. Amin.

PASXANIN SAATLAR AYİNİ

Ya Rəbb İsa Məsih Allahımız, müqəddəs atalarımızın duaları vasitəsilə bizə rəhm eylə. Amin.

Məsih ölülərdən dirildi, / ölümü ilə ölümü məğlub etdi, // məzarda olanlara həyat verdi! (3 dəfə)

Məsihin dirilişini görüb / gəlin Tək Günahsız Olan Rəbbə — / müqəddəs İsaya səcdə edək. / Diz çökürük, ya Məsih, Çarmıxının önündə, / mədh edirik müqəddəs dirilişini, / çünki Sən Allahımızsan bizim, / Səndən savayı yoxdur allah, / Tək Sənin İsmini səsləyirik. / Gəlin, ey iman edənlər, / Məsihin müqəddəs dirilişinə səcdə edək, / çünki Çarmıx vasitəsi ilə / dünyaya sevinc gəldi. / Rəbbə həmd edərək, / ucaldırıq dirilişini, / çünki Çarmıxa çəkilərək, // ölümü ilə ölümü məğlub etdi. (3 dəfə)

İpakoi, 4-cü səs:

Səhər erkən Məcdəlli Məryəmlə digər zənənlər / məzar daşının kənara çəkildiyini gördülər / və mələyin səsini eşitdilər: / «Əbədi Nurda Mövcud Olanı ölülər arasında niyə arayırsınız? / Baxın bu məzarda kətan bezlərinə. / Tələsin və bütün aləmə müjdələyin / Rəbbin ölülərdən dirildiyini / və Ölümü ilə ölümü məğlub etdiyini, / Allahın Oğlu olduğuna görə // bəşəriyyətə nicat verdiyini.

Kondak, 8-ci səs:

Sən, ey Ölümsüz, məzara endin, / lakin cəhənnəmin qüvvətini məhv etdin, / qalib kimi dirildin, ya Məsih Allah. / Və mürdaşıyanlara «Sevinin!» dedin, / Öz həvarilərinə «Salam» söylədin // və ölülərə dirilmə bəxş eylədin.

Troparlar, 8-ci səs:

Vücudunla məzardasan, ruhunla cəhənnəmdəsən, / oğru ilə cənnətdəsən, Allahsan deyə, ərşdə Ata və Ruh ilə əyləşirsən, // Mövcudsan hər yerdə, ey Tərifəgəlməz Məsih.

Həmd olsun Ata, Oğul və Müqəddəs Ruha.

Həyatverən Məzarın, ya Məsih, / cənnət bağından da səfalıdır, / padşah sarayından da gözəldir, // o bizim dirilməyimizin Mənbəyidir.

İndi və hər zaman və sonsuza qədər. Amin.

Sevin, ey Allah-Təalanın Əqdəs Çadırı — Məryəm, / çünki Səndən, ey Allahın Validəsi, / sevinc gəldi Sənə belə nida edənlərə: // bəxtiyarsan qadınlar arasında, ey pakizə Mələkə.

Ya Rəbb, rəhm eylə. (40 dəfə)

Həmd olsun Ata, Oğul və Müqəddəs Ruha indi, hər zaman və sonsuza qədər. Amin.

Ucaldırıq biz Səni – / Keruvlardan daha hörmətlini, / Seraflardan hədsiz izzətlini, / Allahın Kəlamını bakirəlikdə tövlid edəni, // Allahın həqiqi Validəsini.

Məsih ölülərdən dirildi, / ölümü ilə ölümü məğlub etdi, // məzarda olanlara həyat verdi! (3 dəfə)

Həmd olsun Ata, Oğul və Müqəddəs Ruha indi, hər zaman və sonsuza qədər. Amin.

Ya Rəbb, rəhm eylə. (3 dəfə)

Ya Rəbb İsa Məsih, ey Allahın Oğlu, Sənin pakizə Validənin, saleh və mömin atalarımızın və bütün müqəddəslərin duaları xatirinə bizə rəhm eylə. Amin.

PASXANIN STİXİRALARI

Qalxsın Allah, düşmənləri dağılsınlar, [Ona nifrət edənlər qarşısından qaçsınlar]

Bu gün bizə Qüdsi Pasxa zühur etdi: / yeni Pasxa müqəddəsdir, / Pasxa sirlidir, / Pasxa şanlıdır, / Pasxa Xilaskar Məsihdir, / Pasxa qüsursuzdur, / Pasxa əzəmətlidir, / Pasxa sadiqlərindir, / Pasxa cənnətin darvazalarını açır, // Pasxa sadiqləri təqdis edir.

Pislər çəkilən tüstü kimi dağılsınlar, [alovun qarşısında mum kimi ərisinlər]

Gəlin, ey müjdəçi zənənlər, / gördüyünüzü Siona deyin: / «Məsihin dirilməsi haqqında / biz şad xəbər gətirdik sənə. / Padşahımız Məsihin məzardan / bəy kimi çıxışını görüb / şadlan, fərəhlən, // sevin, ey Yerusəlim».

Müqəssirlər Allahın qarşısında məhv edilsinlər, / salehlər isə sevinsinlər.

Səhər ertədən / mürdaşıyan zənənlər / Həyatverənin məzarına gəldilər / və daşın üzərində oturan / mələyi gördülər, / o isə zənənlərə / belə sözlər dedi: / «Dirini ölülər arasında niyə arayırsınız? / Əbədiyaşar Məsih üçün niyə ağlayırsınız? // Gedin, müjdələyin Onun şagirdlərini.

Bu günü Rəbb yaratdı, / onda sevinib şadlıq edək!

Pasxa nə şirindir, / Pasxa Rəbbindir. / Şanlı Pasxa parladı bizə. / Pasxa gəldi, qucaqlaşaq sevinclə, / Pasxa kədərdən xilas edir, / çünki bu gün məzardan / sanki toy çadırından parladı Məsih / və mürdaşıyan zənənlərə sevinc verib dedi: // gedin, müjdələyin həvariləri.

Həmd olsun Ata, Oğul və Müqəddəs Ruha / indi, hər zaman və sonsuza qədər. Amin.

Bu gün Məsih dirildi. / Bayramla şəfəqlənək / və bir-birimizi qucaqlayaq. / Bizə nifrət edənlərə də / «qardaşımızsan» deyək / və dirilmə bayramına görə / onların günahlarından keçək / və belə nida edək: / Məsih ölülərdən dirildi, / ölümü ilə ölümü məğlub etdi, // məzarda olanlara həyat verdi!

LÜĞƏT

A

Allahın Validəsi [yun. Θεοτόκος] – kilsə tərəfindən Məryəm Anaya dualarda edilən müraciətlərdən biri.

Amin – ibrani dilində «doğrudur», «qoy belə olsun» mənasında işlənir.

Antifon – iki xor və ya solist və xor tərəfindən növbə ilə oxunan nəğmə.

Ardıcıl – müəyyən bir şəxsin, məslək və ya ideyanın ardınca gedən .

Asi – günahkar, üsyançı, tabe olmayan şəxs.

B

Bəraət – təmizə çıxarılma; günahsız, təqsirsiz olduğu meydana çıxma.

Bəsirət – ruhani uzaqgörənlik.

Bəşəriyyət – insanlıq, insanlar.

Biçarə – yazıq, miskin, fağır, məzlum.

Bidət – hamı tərəfindən qədimdən bəri qəbul edilmiş qayda və adətə, yaxud dinə zidd olan şey, keyfiyyət.

Biganəlik – yadlıq, yabançılıq.

Bihudə – əbəs, gərəksiz, faydasız.

Biveclik – vecsizlik.

Büdrəmə – yolunu azma.

Bürc – qədim şəhər hasarının üzərində müşahidə və müdafiə qülləsi; qala çıxıntısı.

C

Cahil – oxumamış, savadsız, avam.

Cəhalət – avamlıq, cahillik, mədəniyyətsizlik, elm və mərifətin olmadığı hal.

Cəhəng – ağızın küncü.

Cəlalət – böyüklük, ululuq, əzəmət.

Cəvahir – qiymətli daşlar.

Cəzb – özünə tərəf çəkmə, cəlb etmə.

Cin – Şeytana xidmət edən, insanlara ziyan vuran natəmiz və şər ruh.

Cizgi – xətt.

Comərdlik – mərdlik, nəciblik, sadəlik, səxavətlilik, əliaçıqlıq.

Cücərmək – yetişmək, boy atmaq, torpaqdan çıxmaq, görünməyə başlamaq (bitki haqqında).

Cürət etmək – cəsarət etmək, qorxmamaq, çəkinməmək (bir şey etdikdə).

Ç

Çarmıx – Roma imperatorluğunda cinayətkarlara tətbiq olunan cəza və edam aləti. Ölümə məhkum olunan adamın əlləri və ayaqları çarmıxa mıxlanırdı və beləcə əzab çəkərək ölürdü.

Çərənçilik – boş-boş danışma.

D

Dərrakə – ağıl, şüur; dərketmə qabiliyyəti.

Dərya – köhn. uçurumun dibi.

Düçar etmək – üz-üzə gətirmək, rastlaşdırmaq, məruz qoymaq, uğratmaq.

Dyakon – ibadət zamanı keşişə kömək edən kilsə xadimi.

E

Ehkam – hər hansı dini nəzəriyyənin əsas qanunu.

Ehtiras – ağılın çətinliklə idarə edə bildiyi hiss, emosional hal.

Evxaristiya — Rəbbin Süfrəsi kimi bilinən bu ayin xristianlıqda ən mühüm mərasimlərdən biridir.

Ə

Əcdad – ata-babalar, ulu babalar.

Ədavət – ürəkdə saxlanılan düşmənçilik hissi, kin, küdurət, qərəz, birinə qarşı qəzəb hissi.

Ədavətsiz – kinsiz, qərəzsiz.

Əhli-kamal – ağıllı adam, kamallı.

Əqdəs – ən müqəddəs.

Əql – zehin, düşüncə, təfəkkür, ağıl.

Əlqoyma ənamı – Kilsə ruhanilərinə xidmətlərinə görə verilən rütbə, vəzifə.

Əllinci Gün – Pasxa günündən əlli gün sonra qeyd olunan biçin bayramı. Həvarilərə Müqəddəs Ruh həmin gün nazil oldu və Kilsə bununla yarandı (Həv. 2, 1).

Ərgin – tənbəl.

Ərş – göy, səma, taxt.

Əsa – əl ağacı, dəyənək.

Əzabkeş – əzablara, əziyyətlərə məruz qalan şəxs.

F

Fəryad – nalə.

Firavan – çox, bol, varlı.

G

Girov – nəyinsə müqabilində təminat üçün verilən şey.

H

Haqq-Təala – Haqq olan, yaradıcı, Allaha verilən adlardan biri.

HalleluYah – ibrani dilində «Rəbbə həmd edin» deməkdir. Dua və məzmurlarda tez-tez rast gəlinir.

Hami – birini himayə edən, himayəsi altına alan, qoruyan.

Haqq-İqrar [yun. ὀρθοδοξία] – doğru fikir, inanc və doğru etiraf.

Həlim –  xasiyyətcə, təbiətcə yumşaq (adam haqqında).

Hərarət – qızdırma.

Həvari – İsa Məsihin seçdiyi, yaxud sonradan bu vəzifəyə keçən şagirdlər.

Hidayət – doğru yol, düz yol, haqq yol.

Hifz etmək – qorumaq, mühafizə etmək, qoruyub saxlamaq.

Hosanna – ibrani dilində «xilas et» deməkdir. Bu sözü Yəhudilər bayram vaxtı dua edərkən tez-tez işlədirdilər.

X

Xariqə – insanda heyranlıq doğuran şey, hadisə; möcüzə.

Xilqət – xəlq olunan, yaradılan, yaradılış.

İ

İfrata varmaq – nəyisə normadan çox etmək.

İfşa etmək – faş etmək, üstünü açmaq, üzə çıxarmaq, meydana çıxarmaq, açıb göstərmək (birinin cinayətini, gizli niyyətini və s.-ni). Məsələn, düşmənin hiyləsini ifşa etmək.

İkos – kilsə ibadəti zamanı və ya şəxsi dualarda oxunan ilahi.

İnadkar – inad, inadcıl, tərs, dediyindən əl çəkməyən.

İncil – yunan dilində «Müjdə, xoş xəbər» deməkdir. İsa Məsihin insanları xilas etməsi barədə xəbər «İncil» adlanır. Həvarilərin Məsih haqqında yazdıqları kitablara da «İncil», yaxud «Əhdi-Cədid» deyilir.

İpakoi – kilsə ibadəti zamanı və ya şəxsi dualarda oxunan ilahi.

İslah etmə – qüsur və nöqsanları aradan qaldıraraq yaxşı hala salmaq, yaxşılaşdırmaq, düzəltmək.

İsmət – məsumluq, təmizlik.

İtaətkarlıq – itaət etmə, tabe olma; hər əmrə, sözə, göstərişə sözsüz əməl etmə.

İzdivac – evlənmə.

K

Keruv – qanadlı fövqəltəbii varlıq, Allaha xidmət edən mələk.

Kədər – qəm, qüssə, dərd, ruhi iztirab.

Kəramətli – mərhəmətli, xeyirxah, lütfkar.

Kətan bezi – çarmıxa çəkildikdən sonra Məsihin cəsədinin büküldüyü parça, kəfən.

Kondak – kilsə ibadəti zamanı və ya şəxsi dualarda oxunan ilahi.

Köhnə Əhd – Allahın İbrahim və Musa peyğəmbərlə bağladığı əhd. Bu əhdə görə, günah etmiş hər kəs qurban kəsməklə Allahın mərhəmətinə nail olardı. O, İsa Məsihin qurbanı vasitəsilə bağlanan Yeni Əhdin rəmzi sayılır.

Q

Qarət etmək – zorla birinin var-yoxunu əlindən almaq; soymaq, çapmaq.

Qayğıkeş – qayğı çəkən, qayğı göstərən, qayğıya qalan.

Qərib – gəlmə; yerli olmayan, özgə yerdən, kənardan gələn.

Qərin – yaxın adam.

Qida – insan və heyvan orqanizminin və bitkilərin yaşaması üçün lazım olan bəsləyici maddələr.

Qotaz – üst tərəfi bir yerə qısılıb bağlanmış saplardan ibarət saçaqlı bəzək.

Qüdsiyyət – müqəddəslik, təmizlik, paklıq.

L

Lərzə – titrəmə.

Liturgiya — kilsənin ən əsas ibadət ayini. Liturgiyada Evxaristiya keçirilir.

M

Merac – göyə qalxma.

Məftun – vurğun, özünü unudacaq dərəcədə vurulmuş.

Məqam – vaxt, zaman.

Məlhəm – yaraya və ya ağrıyan yerlərə sürtülən yağlı dərman.

Mənşə – bir şeyin çıxdığı, nəşət etdiyi, törədiyi, yarandığı yer.

Məsih – məsh edilmiş şəxs, Yəhudilərin zühur edəcəyinə inandıqları Xilaskar. Əhdi-Cədiddə insanları günahlarından xilas edən İsanın Məsih olduğu bildirilir.

Məsihi – İsa Məsihə iman edərək onun ardınca gedənlər.

Məyus – ümidsiz, ruhdan düşmüş.

Məzəmmət – danlama, qınama, töhmət.

Məzmur – ruhani məzmunlu nəğmə. Məbəddə ibadət mərasimləri zamanı oxunur.

Miskin – bədbəxt, yazıq.

Musanın Qanunu – Allahın Musa peyğəmbərə verdiyi ruhani, əxlaq və davranış qanunları məcəlləsi. Tövrat adı ilə də tanınır.

Mücrü – balaca sandıqça.

Müjdə – İsa Məsihə iman etmək vasitəsilə əldə olunan xilas barədə xoş xəbər.

Müqəddəs Ruh – Allahın Ruhu, Allahın Üç Simasından Biri. Onun vəzifəsi Allahı insanlara zahir etmək, imanlıların qəlbində yaşamaq və onları müqəddəsliyə çatdırmaqdır.

Müqəddəs Sirr – imanlılara şərab və çörək şəklində verilən Məsihin Vücudu və Qanı.

Müqəddəs Yazılar – Tövrat, Zəbur və Peyğəmbərlərin Yazılarından ibarət olan Əhdi-Ətiq. Sonradan bunlara Əhdi-Cədid də əlavə olundu.

Müqəddəs yer – əvvəl Hüzur çadırında, sonra isə məbəddə olan ilk otaq. Oraya yalnız kahinlər girib Rəbbə sitayiş edə bilərdilər.

Müqəssir – günahkar, təqsirli.

Mürdaşıyan zənənlər – İncildə İsa Məsihin ardınca gedən xoş ətirli yağ (müra) daşıyan qadınlar.

Mürəbbi – müəllim.

Müşayiət – qorumaq üçün yanınca getmək.

Müvəffəq olmaq – nail olmaq, əldə etmək, istəyinə yetişmək, məqsədinə çatmaq.

N

Neştər – sancan heyvanlarda sancdıqları yerə zəhər buraxmaq üçün orqan.

Nəbi – klassik ədəbiyyatda peyğəmbər mənasında işlənilir.

O

Od kürəsi – Əhdi-Ətiqdə Daniel Peyğəmbərin Kitabında padşahın ucaltdığı bütə itaət etməyən 3 nəfərin atıldığı yanan soba.

Oktoixos – kilsənin ibadət kitablarından biri.

Örnək – nümunə, misal.

P

Pakizə – təmiz, pak, Məryəm Anaya dualarda edilən müraciətlərdən biri.

Pasxa – ən böyük yəhudi bayramı. Yəhudilərin Musa peyğəmbərin başçılığı altında Misir əsarətindən xilas olub oradan çıxdıqları gecəni anma günüdür. Əhdi-Cədiddə İsa Məsihin ölüb-dirilməsi ilə yeni Pasxanın əsası qoyulur.

Pərişan – qəmli, kədərli, qüssəli.

Presviter – keşiş.

Prokimen – kilsə ibadəti zamanı oxunan məzmurdan bir ayə.

R

Rəbbin süfrəsi – İsa Məsihin insanlar naminə tökülmüş Qanını və çarmıx üzərində əzab çəkmiş Vücudunu anmaq üçün imanlıların keçirdikləri yemək mərasimi. İsa Məsih son gecəsində Öz şagirdlərinə bu mərasimi keçirməyi tapşırdı. Mərasim zamanı imanlılar çörək və şərab bölüşdürərək həyat verən İsa Məsihi yada salırlar.

Rəyasətpərəstlik – hakimiyyətpərəstlik, hökmranlıq etmək istəyi.

Riyasızlıq – saflıq.

S

Sabit – daim bir qərarda duran (qalan), dəyişməyən; daimi.

Salehlik Şəmsi – Məsihə dualarda edilən müraciətlərdən biri.

Savayı – başqa, qeyri.

Seraf – qanadlı fövqəltəbii varlıq, Allaha xidmət edən mələk.

Səfil – səfalət içərisində yaşayan.

Səfillik – ehtiyac içində yaşama.

Səlahiyyət – bir işi görməyə hüququ və ixtiyarı olma.

Səma – göylər, asiman.

Səmavi – səmaya, göylərə mənsub.

Səmt küləyi – lazım olan tərəfə əsən külək.

Sərəsgər – qoşun başçısı, qoşun böyüyü, baş komandan.

Sıpa – eşşək balası.

Sövq etmək – səbəb olub bir nəticəyə aparıb çıxarmaq.

Stixira – kilsə ibadəti zamanı və ya şəxsi dualarda oxunan ilahi.

Sünbül – taxıl bitkilərinin gövdəsinin başında dənlərin yerləşdiyi hissə.

Sünnət – Allahın İsrail xalqı ilə bağladığı əhdin rəmzi. Yəhudilərdə sünnət əcdadları İbrahimdən qalma bir adətdir.

Sütun – binalarda və s. tikililərdə mərmərdən, daşdan və s.-dən düzəldilən hündür dirək.

Ş

Şəriklik – Məsihin Qanı və Vücuduna şərik olmaq, ondan almaq.

Şövq – şiddətli meyil, həvəs, istək .

T

Tayfa – xalq, millət mənasında.

Təcəssüm etmək – Məsihin Vücud alaraq zühur etməsi.

Təfriqə – narazılıq nəticəsində araya ikitirəlik düşmə; ayrılma, ayrılıq, ittifaqsızlıq, ikitirəlik.

Təhrif etmək – dəyişərək nöqsanlı etmək, korlamaq, yanlış şəklə salmaq.

Təkəbbür – İddia, təşəxxüs, lovğalıq, özünü çəkmə, fors.

Təqdis – bir şəxsin, yaxud əşyanın Allaha həsr olunması.

Təqibçi – birinin dalınca düşən, izləyən.

Təqlid etmək – başqasının hərəkətlərini, danışıq tərzini və s. xüsusiyyətlərini təkrar etmək, özünü ona oxşatmağa çalışmaq.

Təqva – Allahdan qorxub pis əməldən çəkinmə.

Təsis etmək – əsasını, təməlini qoymaq, yaratmaq.

Təslim etmək – lazımi yerinə və ya şəxsə vermək.

Təslim olmaq – tabe olmaq

Təxribat – müharibə, təbii fəlakət və s. nəticəsində dağıntı.

Tövlid – dünyaya gətirmə.

Tropar – kilsə ibadəti zamanı və ya şəxsi dualarda oxunan ilahi.

Ü

Üçlük – Allahın 3 təbiəti: Ata, Oğul və Müqəddəs Ruh nəzərdə tutulur (Əqdəs Üçlük).

V

Vahid – bir, tək, yeganə.

Vahiməli – qorxulu, dəhşətli.

Vəftiz – yunan dilində «suya batırılma» mənasında olub, günahdan tövbəni və ruhani dirçəlişi göstərən suya salınma, yaxud su səpilmə mərasimidir.

Vəlinemət – birini böyüdüb bəsləyən, saxlayan, boynunda haqqı olan şəxs.

Vərdiş – təcrübə, təkrarlama və çox işləmək nəticəsində əldə edilən iş bacarığı, adət edilmiş şey; insanın öz həyatının müəyyən dövründə öyrəşdiyi, adət etdiyi şey.

Vəsf etmək – tərif etmək.

Viran qalmaq – dağılmaq, uçulmaq, bərbad olmaq, xarabalığa dönmək.

Y

Yekteniya — kilsə ibadəti zamanı dyakonun oxuduğu dua.

Yeni Əhd – İsa Məsihin insanların günahının bağışlanması üçün tökülmüş Qanı vasitəsilə Allahın insanlarla bağladığı əhd. Bu əhdə görə İsa Məsihin qurbanına iman gətirən hər kəs xilas olur.

Yerin əsfəli – yerin aşağısı.

Yəhudeya – Roma işğalından sonra Yəhuda padşahlığı ərazisində yaradılmış əyalət.

Z

Zavallı – acınacaq halda olan; yazıq, biçarə.

Zəka – bir şeyi tez anlama, tez dərk etmə, tez qavrama qabiliyyəti

Zəlil – bədbəxt, yazıq.

Zəmanət – zaminlik, zamin olma.

Zənginlik – varlılıq, dövlətlilik.

Zəruri – vacib.

Zillət – alçalma.

Zövq – hər hansı bir təəssüratdan duyulan sevinc hissi, ləzzət, həzz.

Züfa – Əhdi-Ətiqdə dini mərasimlərdə işlənilən bir bitki növü.

Zühur Günü – Məsihin yer üzünə enəcəyi gün, qiyamət günü.

Zülmət – qaranlıq.

«Азбука молитвы»
в Telegram.
t.me/azprayer