Ya Rəbb İsa Məsih Allahımız, müqəddəs atalarımızın duaları vasitəsilə bizə rəhm eylə. Amin.
Məsih ölülərdən dirildi, / ölümü ilə ölümü məğlub etdi, // məzarda olanlara həyat verdi! (3 dəfə)
Məsihin dirilişini görüb / gəlin Tək Günahsız Olan Rəbbə — / müqəddəs İsaya səcdə edək. / Diz çökürük, ya Məsih, Çarmıxının önündə, / mədh edirik müqəddəs dirilişini, / çünki Sən Allahımızsan bizim, / Səndən savayı yoxdur allah, / Tək Sənin İsmini səsləyirik. / Gəlin, ey iman edənlər, / Məsihin müqəddəs dirilişinə səcdə edək, / çünki Çarmıx vasitəsi ilə / dünyaya sevinc gəldi. / Rəbbə həmd edərək, / ucaldırıq dirilişini, / çünki Çarmıxa çəkilərək, // ölümü ilə ölümü məğlub etdi. (3 dəfə)
İpakoi, 4-cü səs: Səhər erkən Məcdəlli Məryəmlə digər zənənlər / məzar daşının kənara çəkildiyini gördülər / və mələyin səsini eşitdilər: / «Əbədi Nurda Mövcud Olanı ölülər arasında niyə arayırsınız? / Baxın bu məzarda kətan bezlərinə. / Tələsin və bütün aləmə müjdələyin / Rəbbin ölülərdən dirildiyini / və Ölümü ilə ölümü məğlub etdiyini, / Allahın Oğlu olduğuna görə // bəşəriyyətə nicat verdiyini.
Kondak, 8-ci səs: Sən, ey Ölümsüz, məzara endin, / lakin cəhənnəmin qüvvətini məhv etdin, / qalib kimi dirildin, ya Məsih Allah. / Və mürdaşıyanlara «Sevinin!» dedin, / Öz həvarilərinə «Salam» söylədin // və ölülərə dirilmə bəxş eylədin.
Troparlar, 8-ci səs:
Vücudunla məzardasan, ruhunla cəhənnəmdəsən, / oğru ilə cənnətdəsən, Allahsan deyə, ərşdə Ata və Ruh ilə əyləşirsən, // Mövcudsan hər yerdə, ey Tərifəgəlməz Məsih.
Həmd olsun Ata, Oğul və Müqəddəs Ruha.
Həyatverən Məzarın, ya Məsih, / cənnət bağından da səfalıdır, / padşah sarayından da gözəldir, // o bizim dirilməyimizin Mənbəyidir.
İndi və hər zaman və sonsuza qədər. Amin.
Sevin, ey Allah-Təalanın Əqdəs Çadırı — Məryəm, / çünki Səndən, ey Allahın Validəsi, / sevinc gəldi Sənə belə nida edənlərə: // bəxtiyarsan qadınlar arasında, ey pakizə Mələkə.
Ya Rəbb, rəhm eylə. (40 dəfə)
Həmd olsun Ata, Oğul və Müqəddəs Ruha indi, hər zaman və sonsuza qədər. Amin.
Ucaldırıq biz Səni – / Keruvlardan daha hörmətlini, / Seraflardan hədsiz izzətlini, / Allahın Kəlamını bakirəlikdə tövlid edəni, // Allahın həqiqi Validəsini.
Məsih ölülərdən dirildi, / ölümü ilə ölümü məğlub etdi, // məzarda olanlara həyat verdi! (3 dəfə)
Həmd olsun Ata, Oğul və Müqəddəs Ruha indi, hər zaman və sonsuza qədər. Amin.
Ya Rəbb, rəhm eylə. (3 dəfə)
Ya Rəbb İsa Məsih, ey Allahın Oğlu, Sənin pakizə Validənin, saleh və mömin atalarımızın və bütün müqəddəslərin duaları xatirinə bizə rəhm eylə. Amin.