Array ( )

Müqəddəs şəriklikdən sonra oxunan dualar (Молитвы благодарственные после Святого Причастия)


Həmd olsun Sənə, ya Allah! Həmd olsun Sənə, ya Allah!

Həmd olsun Sənə, ya Allah!

1-ci dua

Şükür edirəm Sənə, ya Rəbb Allahım, çünki mən günahkarı rədd etmədin və məni Qüdsiyyətlərinə şərik olmağa layiq etdin.

Şükür edirəm Sənə ki, mən layiqsizi Əqdəs səmavi Ənamlarına şərik olmağa layiq etdin. Lakin Sən, ey İnsansevər Pərvərdigar, bizim uğrumuzda vəfat etdin və dirildin, ruhumuzun və bədənimizin sağlamlığı və təqdis edilməsi üçün heyrətli və həyatverən bu Sirləri bəxş etdin bizə. Ənamların ruhumun və bədənimin şəfasına, ruhani düşmənlərimin dəf edilməsinə, qəlbimin gözlərinin nurlanmasına, ruhani qüvvələrimin sülhünə, imanımın mükəmməlliyinə, məhəbbətimin riyasızlığına, müdrikliyimin bolluğuna, əmrlərini yerinə yetirməyimə, Sənin müqəddəs lütfünün artmasına və Sənin Padşahlığını miras almağıma səbəb olsun ki, Sənin müqəddəsliyində Ənamlarınla mühafizə olunaraq, sonsuzadək lütfünü yad edim və özüm üçün yox, Sən Vəlinemət Pərvərdigarımız üçün yaşayım. Beləliklə, əbədi həyata ümid edərək, bu dünyanı tərk edib, əbədi hüzura çatım; orada bayram edənlərin nəğməsi kəsilmir, Sənin Üzünün təsvirəgəlməz gözəlliyini seyr edənlərin sevinci bitmir.

Çünki Sən, ya Allahımız Məsih, həqiqi muradımızsan bizim və Səni sevənlərin təsvirəgəlməz sevincisən. Sənə bütün yaradılış hər zaman nəğmə söyləyir. Amin.

2-ci dua. Müq. Qeysəriyyəli Vasilinin duası

Ey Pərvərdigar, Məsih Allah, əsrlərin Padşahı və hər şeyi Yaradan! Verdiyin bütün nemətlərə görə və Sənin Əqdəs və həyatverən Sirlərinə şərik olduğuma görə Sənə şükür edirəm. Yalvarıram Sənə, ey lütfkar və insansevər Rəbbim!

Qanadlarının altında qoru məni. Qoy son nəfəsimə qədər günahlarımın bağışlanması və əbədi həyat üçün Qüdsiyyətlərinə təmiz vicdanla şərik olmağa layiq olum.

Çünki Sən həyat Çörəyi, müqəddəsliyin Mənbəyi və Vəlinemətimizsən, beləliklə, Səni, Atanı və Müqəddəs Ruhu izzətləndiririk, indi, hər zaman və sonsuza qədər. Amin.

3-cü dua. Metafrast Simeonun duası

Vücudunu mənə çörək kimi verdin,

Sən Alovsan, yandırırsan layiqsizləri,

Ey Xaliqim, yandırma məni,

Özünlə doldur mənim üzvlərimi,

Oynaqlarımı, ruhumu, ürəyimi,

Yandır bütün günahlarımın tikanlarını.

Ruhumu təmizlə, təqdis et fikirlərimi.

Bərkit mənim dizlərimlə sümüklərimi.

Nurlandır mənim əsas beş hissimi.

Səndən qorxuya mismarla bütöv məni.

Ruhumu öldürən əməldən, kəlamdan

Hifz eylə, saxla, qoru hər zaman.

Pak eylə, təmizlə və düzəlt məni,

Bəzə, öyüd ver, nurlandır məni,

Yarat məndən Ruhunun məskənini,

Olmayım mən günahın sığınacağı.

Sənə şərik olub məbədinə bənzəyim,

Alovundan qaçsın şərim, ehtiraslarım mənim.

Çağırıram mən müqəddəslərinin şəfaətini:

Cisimsiz mələklərin rəhbərlərini,

Sələfin Yəhyanı, müdrik həvarilərini,

Həm də Sənin Pakizə müqəddəs Validəni.

Onların dualarını qəbul et, ey rəhmli,

Nur övladı et Sənin, ya Məsih, bəndəni.

Çünki, ey Lütfkar, təqdisimizsən bizim,

Ruhumuzun şəfəqisən Sən bizim,

Beləliklə daim, Pərvərdigara,

Sənə həmd edirik, bizim Allaha.

4-cü dua

Ey Allahımız Rəbb İsa Məsih, Əqdəs Vücudun mənə əbədi Həyat versin, Dəyərli Qanınla günahlarım bağışlansın. Bu Evxaristiya mənim sevincim, şəfam, şənliyim olsun.

Sənin Pakizə Validən və bütün müqəddəslərin şəfaəti ilə mən günahkarı layiq et ki, Sənin vahiməli ikinci zühurunda Sənin sağında durum. Amin.

5-ci dua

Ey Allahın müqəddəs Validəsi, Mələkəm mənim, qaranlıq ruhumun nuru Sənsən, ümidimsən, həyanımsan, sığınacağımsan, təsəllimsən, sevincimsən mənim.

Mən layiqsizi Oğlunun Əqdəs Vücuduna və dəyərli Qanına şərik olmağa layiq etdiyin üçün minnətdaram Sənə. Sən Həqiqət Nurunu dünyaya gətirdin, qəlbimin gözlərini də nurlandır. Ölməzlik Qaynağını dünyaya gətirdin, məni, günahdan ölmüşü də həyata qaytar. Rəhmli Allahın məhəbbətlə dolu Validəsisən, mənə rəhmin gəlsin, duaların ürəyimdə vicdanımı oyatsın, fikirlərimə həlimlik versin, məni əsir edən şər düşüncələrdən azad etsin. Son nəfəsimə qədər ruhumun və bədənimin şəfası üçün Oğlunun Əqdəs Sirlərinə mühakimə olunmadan şərik olmağa məni layiq eylə.

Mənə tövbə və həmd göz yaşları ver ki, ömrüm boyu Səni tərənnüm və mədh edim, çünki mübarək və izzətlisən sonsuza qədər. Amin.

Bu an bəndəni Öz kəlamına görə / hüzurla mürəxxəs edirsən, Pərvərdigara, / çünki öz gözlərimlə gördüm / ellərin önündə hazırladığın nicatı: / Millətləri şəfəqləndirən nuru // və Xalqın İsrailin izzətini.

Müqəddəs Allah, Müqəddəs Qüdrətli, Müqəddəs Ölməz, bizə rəhm eylə. (3 dəfə oxuyub, özünə xaç rəmzi çək və təzim et)

Həmd olsun Ata, Oğul və Müqəddəs Ruha indi, hər zaman və sonsuza qədər. Amin.

Ey Əqdəs Üçlük, bizə rəhm eylə. Ya Rəbb, bizi günahlarımızdan islah eylə, ey Pərvərdigar, təqsirlərimizi bağışla, ey Qutsal Olan, İsmin naminə bizi ziyarət eylə və azarlarımıza şəfa ver.

Ya Rəbb, rəhm eylə. (3 dəfə)

Həmd olsun Ata, Oğul və Müqəddəs Ruha indi, hər zaman və sonsuza qədər. Amin.

Ey Səmavi Atamız! İsmin müqəddəs tutulsun, Padşahlığın gəlsin, Səmada olduğu kimi yerdə də Sənin iradən olsun. Gündəlik çörəyimizi bizə bu gün ver. Bizə borclu olanları bağışladığımız kimi, bizim də borclarımızı bağışla. Bizi sınağa çəkmə, lakin bizi şərdən xilas eylə.

Troparlar

8-ci səs: Alovun nuruna bənzəyən / dodaqlarının lütfü / dünyaya işıq saçdı, / aləmə səfilliyin zənginliyini göstərdi / və sadəliyin ucalığını aşkar etdi. / Ey fəsahətli Yəhya ata, / bizə öyüd verərək, / Kəlama, Məsih Allaha yalvar, // ruhumuzu xilas etsin.

Həmd olsun Ata, Oğul və Müqəddəs Ruha.

1-ci səs: Allahın lütfünü Səmadan aldın / və öz ləblərinlə bizə öyrətdin / Üçlükdə bir Allaha ibadət etməyə, / ey bəxtiyar saleh fəsahətli Yəhya. / Layiqsən deyə tərif edirik səni, // çünki mürəbbisən, göstərirsən Allahın sirlərini.

İndi və hər zaman və sonsuza qədər. Amin.

6-cı səs: Ey məsihilərin sarsılmaz himayəçisi, / Xaliqin hüzurunda xalqın əbədi şəfaətçisi, / həqarətlə baxma yalvaran müqəssirlərə, / lakin, ey mübarək Validə, kömək eylə / imanla nida edən bizə: / Ey sənə ehtiram edənləri hər zaman qoruyan Allahın Validəsi, / tələs bizi eşitməyə // və bizim üçün dua etməyə.

Ya Rəbb, rəhm eylə. (12 dəfə)

Həmd olsun Ata, Oğul və Müqəddəs Ruha indi, hər zaman və sonsuza qədər. Amin.

Ucaldırıq biz Səni – Keruvlardan daha hörmətlini, Seraflardan hədsiz izzətlini, Allahın Kəlamını bakirəlikdə tövlid edəni, Allahın həqiqi Validəsini.

«Азбука молитвы»
в Telegram.
t.me/azprayer