Ya Rəbb İsa Məsih Allahımız, müqəddəs atalarımızın duaları vasitəsilə bizə rəhm eylə. Amin.
Həmd olsun Sənə, ya Allahımız, həmd olsun Sənə.
Müqəddəs Ruha dua
Ey Səmavi Padşah, / Təsəlliverən, Həqiqət Ruhu, / hər yerdə mövcud Olan və hər məkanda Var Olan: / ey Fəzilətlər Xəzinəsi / və Həyat Mənbəyi, / gəl və bizə nüfuz eylə, / hər günahımızdan islah eylə // və ruhumuzu, ey Lütfkar, xilas eylə.
«Üç müqəddəs» nəğməsi
Müqəddəs Allah, Müqəddəs Qüdrətli, Müqəddəs Ölməz, bizə rəhm eylə. (3 dəfə oxuyub, özünə xaç rəmzi çək və təzim et)
Həmd olsun Ata, Oğul və Müqəddəs Ruha indi, hər zaman və sonsuza qədər. Amin.
Əqdəs Üçlüyə dua
Ey Əqdəs Üçlük, bizə rəhm eylə. Ya Rəbb, bizi günahlarımızdan islah eylə, ey Pərvərdigar, təqsirlərimizi bağışla, ey Qutsal Olan, İsmin naminə bizi ziyarət eylə və azarlarımıza şəfa ver.
Ya Rəbb, rəhm eylə. (3 dəfə)
Həmd olsun Ata, Oğul və Müqəddəs Ruha indi, hər zaman və sonsuza qədər. Amin.
Rəbbin duası
Ey Səmavi Atamız! İsmin müqəddəs tutulsun, Padşahlığın gəlsin, Səmada olduğu kimi yerdə də Sənin iradən olsun. Gündəlik çörəyimizi bizə bu gün ver. Bizə borclu olanları bağışladığımız kimi, bizim də borclarımızı bağışla. Bizi sınağa çəkmə, lakin bizi şərdən xilas eylə.
Ya Rəbb, rəhm eylə. (12 dəfə)
Həmd olsun Ata, Oğul və Müqəddəs Ruha indi, hər zaman və sonsuza qədər. Amin.
Gəlin Padşah Allahımıza səcdə edək. (Səcdə et)
Gəlin Padşahımız və Allahımız olan Məsihə səcdə edək. (Səcdə et)
Gəlin Padşahımız və Allahımız olan Məsihin Özünə səcdə edək. (Səcdə et)
22-ci (23-cü) məzmur
Rəbb mənim çobanımdır,
Möhtac olmaram heç nəyə.
O məni yaşıl çəmənlərdə bəsləyir,
Sakit axan sular kənarında dincəldir.
İsminə görə həyatımı geri qaytarır,
Salehlik yoluna məni yönəldir.
Gəzsəm də mən ölümün kölgəsində,
Mənimləsən, qorxmaram şərdən.
Əl ağacın və əsan təsəlli verir mənə.
Düşmənlərimin qarşısında açdın mənə süfrə,
Başıma zeytun yağı çəkdin,
Doludur verdiyin mənə Piyalən Sənin.
Həyatım boyu mərhəmətin məni izləsin,
Ömrüm boyu Rəbbin evində olum sakin!
23-cü (24-cü) məzmur
Rəbbindir yer üzü və orada var olanlar,
Dünya və onun hər yerində yaşayanlar.
O, yerin təməlini dənizlər üstündə qurdu,
Dünyanı sular üzərində yaratdı.
Rəbbin dağına kim qalxa bilər?
Müqəddəs yerində kim dura bilər?
Əlləri təqsirsiz, qəlbi təmiz olan,
Ürəyini bütlərə bağlamayan,
Qonşuya yalandan and içməyən insan.
O, Rəbdən xeyir-dua alacaq,
Xilaskarı Allahın rəhminə gələcək.
Belədir Rəbbin ardınca gedənlər,
Yaqubun Allahının üzünü arayanlar.
Qalxın, ey darvazalar,
Açılın, ey qədim qapılar,
Daxil olsun izzət Padşahı!
Kimdir izzət Padşahı?
Qüdrətli igid olan Rəbdir,
Döyüşdə güclü olan Rəbdir.
Qalxın, ey darvazalar,
Açılın, ey qədim qapılar,
Daxil olsun izzət Padşahı!
Kimdir izzət Padşahı?
Ordular Rəbbidir izzət Padşahı!
115-ci (116-cı) məzmur
«Çox məyusam» söyləyəndə,
İmanımı itirmədim daxilimdə.
«Yalançıdır insanlar yer üzündə» —
Söylədim mən kədər içində.
Mənə verdiyi nemətlərə görə
Necə qaytarım borcumu Rəbbə?
Nicat Piyaləsini qaldıracağam,
Rəbbin ismini çağıracağam.
Rəbbə etdiyim bütün nəzirləri
Xalqın önündə yerinə yetirəcəyəm.
Mömin bəndələrin ölümü
Dəyərlidir Rəbbin gözlərində.
Ya Rəbb, kənizinin oğluyam,
Bəndənəm mən, bəndənəm.
Zəncirlərimi açdın.
Sənə şükür qurbanı gətirəcəyəm,
Rəbbin ismini mən səsləyəcəyəm.
Rəbbə etdiyim bütün nəzirləri
Xalqın önündə yerinə yetirəcəyəm,
Rəbbin Məbədinin həyətində,
Sənin, Yerusəlim, mərkəzində.
Həmd olsun Ata, Oğul və Müqəddəs Ruha indi, hər zaman və sonsuza qədər. Amin.
HalleluYah, HalleluYah, HalleluYah, həmd olsun Sənə, ya Allah!
(3 dəfə oxuyub, özünə xaç rəmzi çək və təzim et)
Şəriklik troparları. 8-ci səs
Sayma təqsirlərimi, ey Bakirədən dünyaya Gələn Rəbbim, / qəlbimi saf eylə və onu Pak Vücudun və Qanının məbədinə döndər. // Sonsuz rəhminə görə məni qovma önündən.
Həmd olsun Ata, Oğul və Müqəddəs Ruha.
Qüdsiyyətlərinə şərik olmağa necə cəsarət edim mən nalayiq? / Layiqlərlə çıxmağa cürət etsəm hüzuruna, geyimim məni ifşa edəcək, / çünki yaramır bayram süfrəsinə və bununla günahkar qəlbimi mühakiməyə düçar edəcəyəm. // Qəlbimi pisliklərdən təmizlə, ya Rəbb, məni xilas eylə, ey İnsansevər.
İndi və hər zaman və sonsuza qədər. Amin.
Saysızdır günahlarım, ey Allahın Validəsi. / Xilas diləyərək sığınıram Sənə. / Zəif qəlbimə nəzər sal, ey pakizə Bakirə, // Oğluna və Allahımıza yalvar, ey tək mübarək Olan, mənim ağır günahlarımı bağışlasın.
50-ci (51-ci) məzmur
Sonsuz rəhminə görə, ya Allah, mənə rəhm eylə,
Təqsirimi sil bol mərhəmətinə görə.
Tamamilə yu təqsirlərimdən,
Təmizlə məni günahımdan.
Çünki bilirəm mən öz təqsirlərimi,
Günahım daim qarşısındadır gözlərimin.
Tək Sənə qarşı günah işlətdim,
Sənin hüzurunda pislik etdim.
Buna görə düzdür hökmün,
Ədalətlidir Sənin mühakimən.
Doğulandan bəri təqsirkaram,
Ana bətnindən belə günahkaram.
Ürəklərin sədaqətliliyini istəyirsən,
Qəlbimin dərinliyinə hikmət verirsən.
Məni züfa ilə çilə, təmiz olum,
Məni yu, qardan da bəyaz olum.
Qulaqlarım şadlıq, sevinc səsini eşitsin,
Sındırdığın sümüklərim fərəhlənsin.
Üzünü ört günahlarımdan,
Yu məni bütün təqsirlərimdən.
Təmiz ürək, ya Allah, yarat məndə,
Saleh ruhu yenilə daxilimdə.
Məni qovma hüzurundan,
Müqəddəs Ruhunu alma məndən.
Xilasın sevincinə qaytar məni,
Nəciblik Ruhu ilə gücləndir məni.
Sənin yollarını məndən öyrənəcək asilər,
Sənə tərəf dönəcək bütün günahkarlar.
Ey xilasımın Allahı, qan tökmədən xilas et məni,
Ya Allah, ədalətinə sevinsin mənim dilim.
Ya Rəbb, aç mənim ləblərimi,
Dilim Sənə bəyan etsin həmdlərimi.
Kəsərdim Sənə qurban, amma istəmirsən,
Yandırma qurbanlarından da razı qalmırsan.
Sınmış ruhdur Allaha məqbul olan qurban,
Qırılmış ürəyə, ya Allah, nifrət etməyəcəksən.
Ya Rəbb, Siona yaxşılıq et lütfünlə,
Yerusəlimin divarlarını Sən bərpa eylə.
O zaman salehlik qurbanlarından razı olacaqsan,
Yandırma qurbanlarını qəbul edəcəksən,
O zaman buğalar qurbangahında kəsiləcək.
Kanon, 2-ci səs
1-ci nəğmə
Gəlin, ey camaat, / dənizi bölüb xalqını keçirən, / onu Misirin köləliyindən azad edən / Allahımız Məsihə nəğmə söyləyək, // çünki O, izzətlidir.
Təmiz ürək, ya Allah, yarat məndə,/ saleh ruhu yenilə daxilimdə.
Müqəddəs Vücudun mənə / əbədi həyatın çörəyi olsun, / ey mərhəmətli Rəbbim, // dəyərli Qanın isə hər dərdin şəfası.
Məni qovma hüzurundan, / Müqəddəs Ruhunu alma məndən.
Natəmiz oldum yaramaz əməllərimlə, / layiq deyiləm mən, biçarə, / şərik olmağa Əqdəs Vücudunla Qanına, // amma Sən, ey Məsih, məni layiq eylə.
Ey Allahın Əqdəs Validəsi, dualarınla bizi xilas eylə.
Ey Allahın mübarək Gəlini, / ey bərəkətli Torpaq! / Sən dünyanı xilas edən / becərilməmiş Sünbülü yetişdirdin, / kömək et Ondan dadıb, xilas olunum.
3-cü nəğmə
İman qalasında məni sabit etdin, / düşmənlərimin önündə mənə qüvvə verdin. / Ruhum isə sevinclə mədh edir: / Rəbb Allah kimi yoxdur müqəddəs, // Sənin kimi Saleh yoxdur heç kəs.
Təmiz ürək, ya Allah, yarat məndə,/ saleh ruhu yenilə daxilimdə.
Ya Məsih, mənə ürəyimin natəmizliyini / təmizləyən göz yaşları ver ki, / ləkəsiz vicdanla, imanla və Allah qorxusu ilə Sənin, Pərvərdigara, // müqəddəs Ənamlarına şərik olum.
Məni qovma hüzurundan, / Müqəddəs Ruhunu alma məndən.
Ey İnsansevər Rəbbim, / qoy Əqdəs Vücudunla Qanın / günahlarımın bağışlanmasına, Müqəddəs Ruhla şərikliyə, / əbədi həyat miras almağıma səbəb olsun // və məni əzab-əziyyətimdən azad etsin.
Ey Allahın Əqdəs Validəsi, dualarınla bizi xilas eylə.
Rəhminə görə səmadan enən, / dünyaya yeni həyat bəxş edən, / Həyat Çörəyinin ey müqəddəs Qurbangahı. / Mən layiqsizi layiq eylə, // O Çörəyi Allah qorxusu ilə yeyim və əbədi yaşayım.
4-cü nəğmə
Nə elçi, nə mələk göndərdin, / lakin Bakirədən Vücud alıb Sən Özün gəldin, / insanlığımın bütövlüyünü xilas etdin. / Buna görə nida edirəm Sənə: // həmd olsun, ya Rəbb, Sənin qüvvənə.
Təmiz ürək, ya Allah, yarat məndə,/ saleh ruhu yenilə daxilimdə.
Bizə görə Vücud aldın, ey Mərhəmətli, / insanların günahları üçün / qurban Quzusu kimi kəsilmək istədin. / Buna görə yalvarıram Sənə: // Məni də günahlarımdan islah eylə.
Məni qovma hüzurundan, / Müqəddəs Ruhunu alma məndən.
Şəfa ver, ya Rəbb, ruhumun yaralarına, / mənim bütünlüyümü təqdis eylə / və mən biçarəni layiq eylə, Pərvərdigara, // sirli və ilahi Süfrənə şərik olum.
Ey Allahın Əqdəs Validəsi, dualarınla bizi xilas eylə.
Səndən dünyaya Gələnə, ya Mələkə, / yalvar ki, rəhmli olsun mənə, həlim xidmətçinə, / dualarınla məni pak və ləkəsiz saxla, // Onu sirli Mirvaritək qəbul edib təqdis olunum.
5-ci nəğmə
Ey nur verən və aləmləri yaradan Rəbb, / əmrlərinin nurunda bizə yol göstər: // çünki Səndən savayı allah yoxdur.
Təmiz ürək, ya Allah, yarat məndə,/ saleh ruhu yenilə daxilimdə.
Qoy mənə, Sənin bəndənə, / öncədən dediyin kimi olsun, ya Məsih: / daxilimdə qal vəd etdiyin kimi, / çünki heyrətli Vücudunu qəbul edirəm, // Qanını da içirəm mən.
Məni qovma hüzurundan, / Müqəddəs Ruhunu alma məndən.
Ey Allah olan Allahın Kəlamı, / yanar kömürə bənzər Vücudun / zülmətimə nur versin // və Qanın natəmiz ruhumu təmizləsin.
Ey Allahın Əqdəs Validəsi, dualarınla bizi xilas eylə.
Ey Səma ətrinin müqəddəs məskəni, / Allahın Validəsi Məryəm: / dualarınla Allahın seçilmiş alətinə çevir məni ki, // Oğlunun Qüdsiyyətinə şərik olum.
6-cı nəğmə
Günahın dəryasına endim. / Sənin təsvirəgəlməz mərhəmətinin dəryasına / əllərimi uzadıram mən: // dikəlt məni, ey Allah, ölümdən.
Təmiz ürək, ya Allah, yarat məndə,/ saleh ruhu yenilə daxilimdə.
Təqdis et əqlimlə ruhumu, / qəlbimlə bədənimi, ey Xilaskar, / layiq eylə, Pərvərdigara, mühakimə olunmadan // Əqdəs Sirlərinə yaxınlaşım mən.
Məni qovma hüzurundan, / Müqəddəs Ruhunu alma məndən.
Müqəddəs Sirlərinə şərikliyim / ehtiraslardan məni xilas etsin, / məndə lütfünü artırsın, ya Məsih // və Həyatını məndə yaşatsın.
Ey Allahın Əqdəs Validəsi, dualarınla bizi xilas eylə.
Ey Allahın Əqdəs Kəlamı Olan Allah, / heyrətli Sirlərinə yaxınlaşıram mən, / təqdis eylə mənim bütövlüyümü // müqəddəs Validənin duaları ilə.
Kondak, 2-ci səs
Vücudun olan Çörəyi və ilahi Qanını / qoy mən qəbul edim, ey Məsih. / Layiq et mən biçarəni, mühakimə olunmadan, / lakin əbədi və sonsuz həyat üçün, // şərik olum heyrətli və Əqdəs Sirlərinə, Pərvərdigara.
7-ci nəğmə
Qızıl bütə əhli-kamal övladlar səcdə etmədilər, / alova onlar özləri girdilər, / yad allahları ələ saldılar, / alovun arasında Sənə həmd etdilər, / mələk isə onlara sərinlik verdi: // «Allah duanızı eşitdi» söylədi.
Təmiz ürək, ya Allah, yarat məndə,/ saleh ruhu yenilə daxilimdə.
Əbədi Sirlərinə şərikliyim, ey Məsih, / nur, həyat və salehlik bulağı olsun mənə, / ehtiraslarımdan azad etsin məni, / İlahi fəzilətdə qalıb müvəffəq olmağa yardım etsin ki, // Sənə, ey Lütfkar, həmd edim.
Məni qovma hüzurundan, / Müqəddəs Ruhunu alma məndən.
İndi də lərzə ilə və məhəbbətlə / əbədi və ilahi Sirlərinə şərikliyim, ey İnsansevər, / dərdi, ədavəti, məcburiyyəti və hər əziyyəti / məndən uzaq etsin. / Məni isə layiq eylə mədh edim Sənə: // tərənnüm olsun atalarımızın Allahı Rəbbə.
Ey Allahın Əqdəs Validəsi, dualarınla bizi xilas eylə.
Xilaskar Məsihi anlaşılmaz tövlid edən, / Allah tərəfindən «Mübarək» adlanan ey Məryəm, / Sənin saflığına, ey Pakizə, səslənirəm mən, napak nökərin: / Allahın Əqdəs Sirlərinə indi yaxınlaşan məni // cismani və ruhani natəmizlikdən islah eylə.
8-ci nəğmə
Od kürəsində İbrani gənclərin / yanına enən Allahı, / alovu jaləyə çevirən Rəbbi // ucalt, ey xilqət, tərənnümlə sonsuza qədər.
Təmiz ürək, ya Allah, yarat məndə,/ saleh ruhu yenilə daxilimdə.
Ey Məsih, ilahi Sirli süfrənə / və səmavi, müqəddəs, vahiməli Sirlərinə / mən ümidsizi layiq eylə ki şərik olum, // ey Xilaskar Allahım.
Məni qovma hüzurundan, / Müqəddəs Ruhunu alma məndən.
Sənin rəhminə tapınaraq, / ehtiramla nida edirəm Sənə, ey Lütfkar: / dediyin kimi daxilimdə qal, ey Xilaskar, / mən isə qalım Sənin daxilində, / çünki cəsarətlə rəhminə güvənirəm, // Vücudunu qəbul edirəm, Qanını isə içirəm mən.
Ey Allahımız Əqdəs Üçlük, həmd olsun Sənə.
Alovunu qəbul edib titrəyirəm mən, / şam, ya da quru ot kimi yanmayım. / Ey vahiməli Sirr! Ey Allahın rəhmi! / Necə olur ki, mənim kimi torpaq / heyrətli Vücuduna və Qanına şərik olur // və ölməzliyə nail olur.
9-cu nəğmə
Əbədi Atanın Oğlu olan Rəbb və Allah / Bakirədən Vücud alıb zühur etdi bizə ki, / nura boyasın zülmətdə olanları / və toplasın səpələnən insanları. // Buna görə Allahın mədh olunan Validəsini ucaldırıq.
Təmiz ürək, ya Allah, yarat məndə,/ saleh ruhu yenilə daxilimdə.
Dadın, görün nə şirindir Rəbb. / Çünki O, qədimdən bizə görə oldu bizə bənzər, / Özünü Atasına birdəfəlik təqdim edib, / dayanmadan Özü qurban kəsilir, // Ona şərik olanları təqdis edir.
Məni qovma hüzurundan, / Müqəddəs Ruhunu alma məndən.
Ruhumla, bədənimlə qoy təqdis olunum, / nurlanım, ey Xudavənd, qoy xilas olunum, / qəbul edib Əqdəs Sirlərini, / ey rəhmli Vəlinemət, Sənin, // Atanın və Ruhun qoy evi olum.
Xilasın sevincinə qaytar məni, / nəciblik Ruhu ilə gücləndir məni.
Vücudunla dəyərli Qanın / qoy mənə alov və nur olsun, / günahlarımın kökünü alışdırsın, / ehtirasların tikanlarını yandırsın, / bütövlüyümə nur versin / Sənin, ey Xilaskarım, İlahiliyinə səcdə edim deyə.
Ey Allahın Əqdəs Validəsi, dualarınla bizi xilas eylə.
Allah Vücud aldı təmiz qanından, ey Mələkə, / beləliklə, nəsillər Səni tərənnüm edir, / mələklərin orduları Səni mədh edir, / çünki bəşər təbiətində gələn // hamının Rəbbini bizə göstərdin.
Düzgündür vəsf etmək Səni, / Əbədi bəxtiyar Məryəmi, / Xilqətin ən Pakizəsini, / Allahımızın Validəsini. / Ucaldırıq biz Səni – / Keruvlardan daha hörmətlini, / Seraflardan hədsiz izzətlini, / Allahın Kəlamını bakirəlikdə tövlid edəni, // Allahın həqiqi Validəsini.
Müqəddəs Allah, Müqəddəs Qüdrətli, Müqəddəs Ölməz, bizə rəhm eylə. (3 dəfə oxuyub, özünə xaç rəmzi çək və təzim et)
Həmd olsun Ata, Oğul və Müqəddəs Ruha indi, hər zaman və sonsuza qədər. Amin.
Ey Əqdəs Üçlük, bizə rəhm eylə. Ya Rəbb, bizi günahlarımızdan islah eylə, ey Pərvərdigar, təqsirlərimizi bağışla, ey Qutsal Olan, İsmin naminə bizi ziyarət eylə və azarlarımıza şəfa ver.
Ya Rəbb, rəhm eylə. (3 dəfə)
Həmd olsun Ata, Oğul və Müqəddəs Ruha indi, hər zaman və sonsuza qədər. Amin.
Ey Səmavi Atamız! İsmin müqəddəs tutulsun, Padşahlığın gəlsin, Səmada olduğu kimi yerdə də Sənin iradən olsun. Gündəlik çörəyimizi bizə bu gün ver. Bizə borclu olanları bağışladığımız kimi, bizim də borclarımızı bağışla. Bizi sınağa çəkmə, lakin bizi şərdən xilas eylə.
Tövbə troparları, 6-cı səs
Rəhm eylə, ya Rəbb, rəhm eylə, / çünki yoxdur bəraət bizə, / səslənir müqəssirlər Sənə, / ey Pərvərdigar: “Bizə rəhm eylə!”
Həmd olsun Ata, Oğul və Müqəddəs Ruha.
Ya Rəbb, bizə rəhm eylə, / qəzəblənmə, güvənirik Sənə, / təqsirlərimizi salma yada, / lakin mərhəmətlə nəzər sal bizə, / düşmənlərimizdən bizi xilas eylə. / Çünki Sən Allahımızsan, biz isə xalqınıq Sənin, / hamımız Sənin Əlinin xilqətiyik və İsmini çağırırıq.
İndi və hər zaman və sonsuza qədər. Amin.
Rəhmin qapılarını aç bizə, / ey Allahın mübarək Validəsi, / Sənə güvənib ölməyək, / lakin Öz şəfaətinlə / hər fəlakətdən xilas et bizi, / çünki Sənsən məsihi xalqın xilası.
Ya Rəbb, rəhm eylə. (40 dəfə)
1-ci dua . Müq. Qeysəriyyəli Vasilinin duası
Pərvərdigara, Allahımız Rəbb İsa Məsih, həyatın və ölməzliyin Mənbəyi, görünən və görünməyən hər şeyin Xaliqi, əbədi Atanın əbədi Oğlu! Biz naşükür və cahil bəndələr üçün böyük mərhəmətinə görə axır zamanda Vücud aldın, Çarmıxa çəkildin və dəfn olundun və günahla pozulmuş təbiətimizi Öz Qanınla yenilədin.
Sən ey Ölməz Padşah, mən günahkarın tövbəsini qəbul eylə, Qulağını mənə tərəf çevir, sözlərimi dinlə. Günah etdim, ya Rəbb, Səmaya və Sənə qarşı günah etdim, gözlərimi İzzətinin ucalığına qaldırmağa layiq deyiləm, çünki ehkamlarını pozub və əmrlərinə riayət etməyib Sənin rəhminə həqarət etdim.
Lakin Sən, ey kin-küdurəti olmayan, rəhmi geniş, səbri hədsiz Rəbbim, Sənə tərəf dönməyimi səbirlə gözləyərək, qoymadın təqsirlərimə görə məhv olum. Çünki Sən, ey İnsansevər, Yezekel peyğəmbər vasitəsi ilə dedin: «Mən günahkarın ölümünü yox, onun öz yolundan dönməsini və yaşamasını istəyirəm».
Sən, Pərvərdigara, əllərinin yaratdığının məhv olmasını və insanların ölməsini yox, hər kəsin xilas olmasını və həqiqəti dərk etməsini istəyirsən. Beləliklə, günahlarıma təslim olub, şər ehtirasların əsiri olub, nə səmaya, nə yerə, nə də bu gəldi-gedər həyata layiq oldum, Sənin surətini təhrif etdim, lakin xilqətin olaraq mən, biçarə bəndən, xilas olacağıma ümidimi kəsmirəm və Sənin rəhminə cəsarətlə tapınıram.
Sən isə, ey Məsih, İncildə yazıldığı kimi fahişəni, oğrunu, vergiyığanı, itmiş oğulu qəbul etdiyin kimi, məni də qəbul eylə, ey lütfkar Rəbb və ağır yüküm olan günahlarımı da məndən al, çünki Sən dünyanın günahını üzərinə götürən, xəstə insanlara şəfa verən, yorğunları və yükləri ağır olanları çağıran və onlara rahatlıq verənsən; Sən salehləri yox, günahkarları tövbəyə səsləməyə gəldin. Məni cismani və ruhani natəmizlikdən təmizlə, həyatımı Sənə ehtiramla və müqəddəslikdə keçirməyi öyrət ki, vicdanımın təmiz şəhadəti ilə, Qüdsiyyətlərinin hissəsini qəbul edərək, müqəddəs Vücuduna və Qanına şərik olaraq, Sənin, Atanın və Müqəddəs Ruhun məbədi olum.
Ey Allahım Rəbb İsa Məsih, qoy mühakimə olunmadan pak və Həyatverən Sirlərinə şərik olum. Ruhumun, bədənimin xəstəliyinə səbəb olmasın Sənin Sirlərinə nalayiq şərikliyim. Lakin son nəfəsimə qədər Qüdsiyyətlərinə təqsirsiz şərik olmağımı nəsib eylə ki, bu şərikliyim müqəddəs Ruha şəriklik olsun, əbədi həyata aparan qidam olsun, Axirət Kürsüsü qarşısında bəraətim olsun ki, seçilmişlərin üçün hazırladığın əbədi nemətlərinin varisi olum, ey Səni sevənlərdə sonsuza qədər izzətlənən Rəbbim. Amin.
2-ci dua. Müq. Fəsahətli Yəhyanın duası
Ya Rəbb Allahım, hazır və layiq deyiləm ki, Sən ruhumun məbədinə daxil olasan, çünki o dağılıb viran qaldı, Sənə başını söykəməyə belə layiq yer yoxdur məndə.
Lakin necə ki bizə görə Səmadan endin, mənim miskinliyimə qədər en. Necə ki Sən mağarada şüursuz heyvanların axurunda yatmağa qərar verdin, mənim natəmiz bədənimə və şüursuz ruhumun axuruna da daxil ol. Necə ki cüzamlı Şimonun evində şam yeməyini günahkarlarla bölməkdən çəkinmədin, miskin, cüzamlı və günahkar ruhumun evinə də daxil ol. Necə ki Sənin yanına gələn, Sənə toxunan günahkar fahişəni qovmadın, Sənə yaxınlaşan və Sənə toxunan mən günahkara da rəhm eylə. Necə ki o fahişənin Səni öpən natəmiz dodaqlarından çəkinmədin, mənim daha murdar ağzımdan, daha natəmiz dodaqlarımdan, daha çirkli dilimdən çəkinmə.
Lakin yanar kömürə bənzər müqəddəs Vücudun və dəyərli Qanın miskin ruhuma və bədənimə müqəddəslik, nur, şəfa versin, günahlarımın yükünü azaltsın, şeytanın əməllərindən qorusun, bütün vicdansız və şər hərəkətlərimi məndən uzaq etsin və məhv etsin, ehtiraslarımı cilovlasın, əmrlərinə riayət etməyimə kömək etsin, Sənin müqəddəs lütfünü daxilimdə artırsın ki, Sənin Padşahlığını miras alım.
Çünki öz gücümə yox, Sənin, ya Məsih Allah, təsvirəgəlməz rəhminə güvənərək Sənə yaxınlaşıram ki, şərikliyindən uzaq olduğum zaman, ruhani canavar tərəfindən parçalanmayım. Beləliklə, Sənə yalvarıram, ey Əqdəs olan Pərvərdigar, ruhumu-bədənimi, əqlimi-qəlbimi, düşüncələrimi-daxilimi təqdis eylə, məni bütövlüklə yenilə, Allah qorxusunu ək üzvlərimə və Sənin müqəddəsliyini məndə silinməz eylə.
Sənin Pakizə Validənin, mələklərin, səmavi orduların və dünya yaranandan bəri bütün müqəddəslərin şəfaəti ilə Yardımçım və Müdafiəçim ol mənim, hüzur yolu göstər ömrümə, layiq eylə Sənin sağında durum, bütün müqəddəslərlə birlikdə. Amin.
3-cü dua. Metafrast Simeonun duası
Ey paklıqda tək olan Rəbbimiz İsa Məsih, Sən təsvirəgəlməz rəhminə və insansevərliyinə görə Allahın Ruhunun enməyi və əbədi Atanın xoş məramı ilə Səni fövqəltəbii şəkildə bətninə alan Məryəmin günahsız və bakirə qanından bizim mürəkkəb təbiətimizə büründün, Sən, ey Allahın Hikməti, Barışı və Qüdrəti!
Bəşər olub Sən həyatverici və xilasedici əzabları — çarmıxı, mismarları, nizəni və nəhayət, ölümü qəbul etdin. Belə ki, mənim ruhumu məhv edən şəhvətimi də öldür. Dəfninlə əsir etdin cəhənnəmin padşahlığını, xoş fikirlərin vasitəsi ilə fitnələrimi dəfn eylə və şər ruhları məhv eylə. Üçüncü gün həyat verən Dirilmən ilə Sən Cənnətdən qovulan Adəmi yenidən yüksəltdin, indi də günaha məğlub olmuş məni tövbə yoluna yönəldərək qaldır.
Bizdən cisim alıb onu şanlı Meracınla ilahiləşdirdin və onu Atanın sağında oturdaraq, şərəfləndirdin. Sirlərinə şərikliklə məni də Sənin sağında əyləşən xilasın varislərindən eylə. Təsəlliverən Ruhun enməsi ilə müqəddəs şagirdlərini cəvahir mücrülərinə çevirdin, məni də Onun məkanı olmağa layiq eylə.
Sən dünyanı ədalətlə mühakimə etmək üçün yenidən gələcəksən, mənə nəsib eylə ki, müqəddəslərinlə birlikdə Səni, Səmadan gələn Hakimi və Xaliqi qarşılayım və Səni, əbədi Atanı və müqəddəs, lütfkar və Həyatverən Ruhu həmd və tərənnüm edim indi, hər zaman və sonsuza qədər. Amin.
4-cü dua. Müq. Dəməşqli Yəhyanın duası
Pərvərdigara, Allahımız Rəbb İsa Məsih, insanların günahlarını bağışlamaq qüdrətinə yalnız Sən sahibsən. Lütfkar və insansevərsən deyə, şüurlu və şüursuz halda etdiyim bütün günahlarımdan keç.
Məni layiq et ki, müqəddəs, əzəmətli, pak, həyatverən Sirlərinə şərikliyim mühakiməyə, cəzalanmağa, günahlarımın çoxalmağına yox, paklanmağıma, müqəddəslənməyimə, əbədi həyatın və Padşahlığın zəmanətinə, müdafiəmə, köməyimə, ruhani düşmənlərimin məhv olunmasına və bütün günahlarımın silinməsinə səbəb olsun.
Çünki Sən rəhmin, lütfün və insansevərliyin Allahısan — Səni, Atanı və Müqəddəs Ruhu izzətləndiririk, indi, hər zaman və sonsuza qədər. Amin.
5-ci dua. Müq. Qeysəriyyəli Vasilinin duası
Bilirəm ki, ya Rəbb, əqdəs Vücuduna və Qanına şərik olmağa layiq deyiləm, günahkaram mən, ey Allahım Məsih, Vücudunu və Qanını dərk etmədən yeyib-içib üzərimə mühakimə gətirirəm. Lakin cəsarətlə Sənin mərhəmətinə güvənərək, “Mənim Vücudumu qəbul edən və Qanımı içən Məndə yaşayır, Mən isə Onda yaşayıram”, — deyən Sənə yaxınlaşıram. Mərhəmət eylə, ya Rəbb və mən günahkarı məzəmmət eyləmə, mənimlə rəhminə görə rəftar eylə.
Bu Müqəddəs Ənamlar məzəmmətə və mühakiməyə yox, şəfama, paklanmağıma, nurlanmağıma səbəb olsun, xilasım, ruhumun və bədənimin təqdisi üçün olsun, boş xəyallardan və şər işlərdən azad olmağıma, üzvlərimdə gözə görünmədən əməl edən şeytanın qovulmasına səbəb olsun, Sənə qarşı cəsarətli olmağıma və Səni sevməyimə səbəb olsun, həyatımın düzəlməsinə və təhlükəsizliyimə olsun, yaxşılıqda və kamillikdə böyüməyim üçün olsun, əmrlərini yerinə yetirməyimə və Müqəddəs Ruha şərikliyimə səbəb olsun, əbədi həyatın yolu olsun, Axirət Kürsüsü qarşısında isə bəraətim olsun.
6-cı dua. Müq. Fəsahətli Yəhyanın duası
Ey Allahım, Sənin hüzurunda sözümlə, əməlimlə, fikrimlə, könüllü və könülsüz, şüurlu və şüursuz halda etdiyim günahlarımdan keç və mənə Öz mərhəmətinə və insansevərliyinə görə hər şeyi bağışla. Sənin Pakizə Validənin, xidmətində duran mələklərin, müqəddəs orduların və dünya yaranandan bəri Səni razı salan bütün müqəddəslərin şəfaəti ilə məni layiq et ki, mühakimə olunmadan Sənin Əqdəs Vücuduna və Qanına şərik olum, ruhum və bədənim şəfalansın, şər əməl və niyyətlərdən azad olunum. Çünki Sənin, Atanın və Müqəddəs Ruhundur Padşahlıq, Qüdrət və İzzət, indi, hər zaman və sonsuza qədər. Amin.
7-ci dua. Müq. Fəsahətli Yəhyanın duası
Ya Rəbb Pərvərdigar, mən layiq deyiləm ki, Sən ruhumun məbədinə daxil olasan, lakin cəsarətlə yaxınlaşıram Sənə, çünki insansevərliyinə görə Özün daxilimdə yaşamaq istəyirsən. Əmr edirsən və mən yaratdığın bu qapıları (dodaqlarımı) açıram ki, Sən insansevərliyinlə daxil olasan və zülmətdə olan zehnimi nurlandırasan. Sənin bunu edəcəyinə iman edirəm, çünki yanına göz yaşları ilə gələn fahişəni qovmadın, tövbə edən vergiyığandan çəkinmədin, Səni Padşah kimi iqrar edən oğrudan Üzünü döndərmədin, keçmişdə təqibçi olan və tövbə edən Pauldan yeni insan yaratdın, tövbə ilə Sənə yaxınlaşan hər kəslə dostlaşdın — beləliklə, həmdə tək Sən layiqsən, indi, hər zaman və sonsuza qədər. Amin.
8-ci dua. Müq. Fəsahətli Yəhyanın duası
Ey Allahım, Rəbb İsa Məsih, gəncliyimdən bu ana qədər şüurlu və şüursuz halda, sözümlə, əməlimlə, fikrimlə, niyyətimlə və istəklərimlə, meyillərimlə və bütün hisslərimlə etdiyim bütün səhvlərimi, günahlarımı, təqsirlərimi bağışla, təmizlə və rəhm eylə mən günahkara, bəraət ver mən layiqsiz və faydasız bəndənə.
Sarsılmaz ümidimiz, Önündə vəsatətçimiz olan Pakizə Validənin, bakirəlikdə Səni dünyaya gətirən əbədibakirə Məryəmin şəfaəti ilə qoy Əqdəs və həyatverən Sirlərinə şərikliyim mühakiməmə yox, günahlarımın təmizlənməsinə, əbədi həyat almağıma, müqəddəslənməyimə, nurlanmağıma, qüvvətlənməyimə, ruhumun və bədənimin şəfasına səbəb olsun və pis düşüncələri, niyyətləri, fikirləri, şər ruhlardan gələn gecə xəyallarımı tamamilə məhv etsin.
Çünki Sənin, Atanın və Müqəddəs Ruhundur Padşahlıq, Qüdrət, İzzət, ehtiram və səcdə; indi, hər zaman və sonsuza qədər. Amin.
9-cu dua. Müq. Dəməşqli Yəhyanın duası
Sənin məbədinin qapısında dayanıram, şər fikirlərdən isə əl çəkmirəm. Lakin Sən, ey Məsih Allah, vergiyığana bəraət verdin, kənanlı qadına rəhm göstərdin, oğruya cənnətin qapılarını açdın, mənim də önümdə insansevər Qəlbini aç. Fahişəni və qanaxması kəsilməyən bir qadını qəbul etdiyin kimi, Sənə yaxınlaşan məni də qəbul eylə: çünki qadınların birisi Sənin paltarının qotazına toxundu və dərhal şəfa tapdı, digəri isə Sənin pak ayaqlarını qucaqladı və günahlarından xilas olundu. Mən biçarə isə bütün Vücudunu qəbul etməyə cəsarət edirəm; yandırma məni, o iki qadını qəbul etdiyin kimi, məni də qəbul eylə, bakirəlikdə Səni dünyaya gətirən Məryəmin və səmavi orduların şəfaəti ilə nur ver ruhuma və günahlarımın siyahısını yandır, çünki həmdə layiqsən sonsuza qədər. Amin.
10-cu dua. Müq. Fəsahətli Yəhyanın duası
İman edirəm, ya Rəbb və iqrar edirəm ki, Sən həqiqətən Var Olan Allahın Oğlu Məsihsən, günahkarları xilas etmək üçün dünyaya gəldin və o günahkarlardan ən betəri mənəm. Bir də iman edirəm ki, bu önümüzdəki əqdəs Vücudundur, bu isə dəyərli Qanındır. Yalvarıram Sənə, könüllü və könülsüz, sözdə və əməldə, şüurlu və ya şüursuz halda nə günah etmişəmsə, mənə rəhm eylə və bağışla məni. Günahlarımın bağışlanmasını və əbədi həyatı almaq üçün mühakimə olunmadan müqəddəs Sirlərinə şərik olmağa məni layiq eylə. Amin.
Sonuncu dualar
Budur, ilahi şərikliyə yaxınlaşıram. / Ey Yaradan, buna görə məni yandırma, / çünki Sən layiqsizləri məhv edən atəşsən,/ lakin hər ləkədən təmizlə məni.
6-сı səs: Məni bu gün Sirli Şam Süfrəsinin qonağı eylə, / çünki sirrini, ey Allahın Oğlu, açmaram düşmənlərinə, / Yəhuda kimi öpüş vermərəm Sənə, / lakin İncildəki oğru kimi, Səni iqrar edərəm, // “Ya Rəbb, xatırla məni Öz Padşahlığında”.
İlahiləşdirən Qanı görərkən lərzəyə gəl, ey insan, çünki O, şərəfsizləri yandıran Kömürdür. Allahın Vücudu məni ilahiləşdirir və qidalandırır: ruhumu ilahiləşdirir, zehnimi isə gizlicə qidalandırır.
Ya Məsih, məni məhəbbətinlə cəzb eylədin və Sənin ilahi meylinlə məni dəyişdirdin, odur ki günahlarımı müqəddəs odunda yandır. Ey Lütfkar, Səndə olan o zövq ilə qəlbimi elə doldur ki, hər iki Zühurunu həmdlər ilə ucaldım.
Mən layiq olmadığım halda müqəddəslərin dəstəsinə necə daxil olum? Əgər toy çadırına girməyə cürət etsəm, geyimim məni ifşa edəcək və o zaman mələklər mənim qollarımı bağlayıb qovacaqlar, çünki əynimdəki bayram libası deyil. Ya Rəbb, insansevərlik göstərərək qəlbimi ləkələrdən təmizlə və məni xilas eylə.
Ey İnsansevər Pərvərdigar Rəbb İsa Məsih, ey Allahım, layiq olmadığıma görə bu Qüdsiyyət məni məhkəməyə çəkməsin. Əksinə, ruhumun və bədənimin təmizlənməsinə, müqəddəsləşməsinə səbəb olsun, gələcək həyatın və Səmavi Padşahlığın zəmanəti olsun. Mənim üçün Allaha qovuşmaq bir nemətdir, Rəbbə xilas ümidimi bağlamaq xoşdur.